Ana Sayfa > Özəl > 1941-1945 ci illərdə ikinci dünya müharibəsində qələbənin əldə olunmasında Bakı neftinin rolu

1941-1945 ci illərdə ikinci dünya müharibəsində qələbənin əldə olunmasında Bakı neftinin rolu


8-05-2023, 17:08. Yazar: sevinc1
1941-1945 ci illərdə ikinci dünya müharibəsində qələbənin  əldə olunmasında Bakı neftinin rolu

İkinci Dünya müharibəsində faşizm üzərində qələbədən 78 il keçir. 1941-ci il iyunun 22-də Hitler Almaniyası keçmiş SSRİ-yə hücum etdi və müharibə 1945-ci il mayın 9-da – Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi ilə başa çatdı. İkinci dünya müharibəsi illəri bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr olmuşdur. Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqları açıqlamaq ciddi elmi-nəzəri, siyasi və əməli əhəmiyyətə malikdir.Bu qələbədə Azərbaycan xalqının da çox böyük rolu olub. Çünki xalqımız faşizm üzərində qələbə üçün özünün 600 mindən çox oğul və qızını cəbhəyə yola salmışdı. Azərbaycanda təşkil olunmuş 416, 271, 77 və 223-cü diviziyalar şanlı döyüş yolu keçmiş, minlərlə həmyerlimiz partizan dəstələrinin tərkibində vuruşmuşlar.Qələbə Azərbaycan xalqına da asan başa gəlməyib. Müharibədə iştirak etmiş soydaşlarımızın təxminən yarısı döyüşlərdə həlak olub.
Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur.Böyük Vətən Müharibəsində SSRİ-nin Almaniya üzərində qələbəsinin 90 faizinin Bakı nefti hesabına əldə edilməsi hər kəsə məlumdur.Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Azərbaycan neftçiləri gecə-gündüz neftin çıxarılması, emal olunması və çətin yollarla cəbhəyə göndərilməsi ilə məşğul idilər. Onların hər biri bu yolda canlarını qoyaraq faşizm üzərində qələbə çalınmasında səy göstərirdi.Xalqımız arxa cəbhədə də misilsiz əmək hünərləri göstərmiş, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz bilmədən fədakarlıqla çalışmışdır.Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzininin və yüksək keyfiyyətli sürtgü yağlarının 85-90 faizi Azərbaycanın payına düşürdü. Faşizm üzərində qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi.
Müharibə illərində Azərbaycanın elm xadimləri də müxtəlif problemlərin uğurlu həlli yolunda səylə çalışırdılar. Akademik Y.Məmmədəliyevin qələbədə xüsusi rolu təqdirəlayiqdir. O, ən yüksək oktanlı təyyarə benzini, donmayan motor və sürtkü yağları, “Katyuşa” silahı üçün xüsusi mərmilər və başqa qiymətli komponentlər ixtira etmişdi. Azərbaycan nefti olmasaydı, sovet-alman cəbhəsində hərbi əməliyyatların nə ilə nəticələnəcəyini təsəvvür etmək çox çətindir. İkinci Dünya müharibəsi dövründə Azərbaycanda 75 milyon ton neft çıxarılıb. SSRİ-də istehsal olunan benzinin 80, liqroinin 90, yağın 96 faizi Azərbaycanın payına düşüb.İkinci Dünya müharibəsində SSRİ üzrə 17 milyon ton neft məhsulunun 13 milyon tonu Azərbaycanda istehsal olunub. Aviasiya benzininin 85 faizə qədəri Azərbaycanın payına düşüb. Cəbhəyə 1 milyon ton yüksək oktanlı B-78 benzini verilib. Sovet İttifaqı Marşalı Konstantin Rokosovski fədəkar neftçilərimizin əməyini belə dəyərləndirib: “Qorxmaz şahinlərin hər bir döyüş zərbəsində, sovet tankçılarının hər bir reydində, alman faşist qüvvələri üzərindəki hər bir qələbədə heç də az olmayan uğur payı Bakı neftçilərinə məxsusdur”.
Azərbaycan Respublikasının sənaye müəssisələri, xüsusən maşınqayırma zavodları silah və sursat istehsalı ilə məşğul idi. Müharibə dövründə Azərbaycanda 130 növdə silah və sursat istehsal olunaraq cəbhəyə göndərilib.
Ümummilli lider Heydər Əliyev Böyük Vətən müharibəsində Qələbənin 50 illiyi münasibətilə keçirilən təntənəli mərasimdəki nitqində bu barədə demişdi: “Bu qələbənin əldə olunmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi... O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi.”
1941-1945-ci illər müharibəsində şərəfli döyüş yolu keçmiş oğul və qızlarımızın tarixi şücaətlərini, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətlərini Azərbaycan xalqı heç vaxt unutmayacaqdır.

İltifat Məmmədov,
Salyan rayonu, təqaüdçü-müəllim, YAP fəalı
Geri dön