Ana Sayfa > Seçki 2024 > Faşizm üzərində tarixi Qələbənin ildönümü hər il respublikamızda təntənəli şəkildə qeyd olunur

Faşizm üzərində tarixi Qələbənin ildönümü hər il respublikamızda təntənəli şəkildə qeyd olunur


8-05-2023, 12:28. Yazar: sevinc1
Faşizm üzərində tarixi Qələbənin ildönümü hər il respublikamızda təntənəli şəkildə qeyd olunur

XX əsrdə Azərbaycan xalqı öz tarixində bir neçə dəfə faşizmlə mübarizədə iştirak edib, iki dəfə faşizmə qarşı müharibələrdə qalib gəlib. Belə ki, Azərbaycan xalqı 1941-1945-ci illərdə İkinci Dünya Müharibəsində Sovetlər Birliyinin 15 respublikasından biri olaraq alman faşizminə qarşı müharibə edən ittifaq millətləri ilə birlikdə müharibədə iştirak edərək faşizm üzərində qələbənin əsas lokomotivlərindən birinə çevrilməyə nail olub.Qəhrəman xalqımızın ümumilikdə 600 mindən çox oğul və qızı 1941-1945-cı illərdə İkinci Dünya müharibəsində iştirak edib. Müharibə illərində göstərdikləri igidliyə görə 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.Ötən əsrin ən böyük müharibəsi sayılan II Dünya Müharibəsi bütün xalqların, ölkələrin tarixində və yaddaşında silinməz izlər qoyub. Mayın 9-da faşizm üzərində qələbənin 78-ci ildönümüdür. II Dünya Müharibəsi Azərbaycanın sərhədlərindən uzaqda getsə də, xalqımız bütün gücü və resursu ilə bu döyüşlərin iştirakçısına çevrilib. Həmin dövrdə faşizmə qarşı mübarizədə həm yeraltı və yerüstü sərvətləri, həm də canlı qüvvəsi ilə düşmənə qarşı səfərbər olan Azərbaycan xalqı göstərdiyi rəşadət və cəsarətlə adını tarixə qızıl hərflərlə yazdı. Azərbaycanın igid oğulları cəbhədə düşmənə qarşı layiqli mübarizə aparıb. Xalqımızın nümayəndələri istər açıq döyüş meydanında, istərsə də, partizan və müqavimət hərəkatında igidlik nümayiş etdirib, fəal iştirak ediblər.
Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, xalqımızın əsl qəhrəmanlıq nümunələrini dünyaya nümayiş etdiriblər. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 123 nəfərin Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfərin isə “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülməsi bunun sübutudur. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında, Berlin uğrunda döyüşlərdə yaxından iştirak ediblər. Partizan hərəkatında iştirak edən soydaşlarımızın da qəhrəmanlıq nümunələri saysız-hesabsızdır. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıq və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir.Qəhrəman azərbaycanlılar Polşa, Çexiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər. Həmin müharibədə qələbənin digər bir vacib amili də Abşeron yarımadasından çıxarılan Azərbaycan nefti idi. Bütün çətinliklərə rəğmən, neftçilərimiz 1941-1945-ci illərdə İkinci Dünya müharibəsi dövründə fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin ediblər. İkinci Dünya müharibəsi dövründə Azərbaycan alimləri tərəfindən yüksək oktanlı aviasiya yanacağının kəşf olunması amili də xalqımızın Qələbəyə verdiyi əvəzsiz töhfələrindən biridir. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə aviasiya benzini almaq üçün yeni texnologiya yaradılıb. Sovet aviasiyası məhz bu yanacağın hazırlanmasından sonra cəbhədə düşmənə ağır zərbələr endirməyə müvəffəq oldu”.Həmin illərdə 100 növ kimya məhsulları, o cümlədən 36 növ yağ, 26 növ yandırıcı və partlayıcı vasitə, 9 adda aviasiya benzini, 8 adda dizel yanacağının kütləvi istehsalına başlandı. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Ulu öndər Heydər Əliyev 1941-1945-ci illər müharibəsi haqqında deyirdi: “Bu qələbədə Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur”.
Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dönəmlərində müharibə veteranlarına xüsusi diqqət və qayğı ilə yanaşıb. Məhz ulu öndərin qərarı ilə müharibə iştirakçılarının mənəvi haqları özlərinə qaytarılıb və 1994-cü ildən başlayaraq Azərbaycanda 9 May – Qələbə günü qeyd olunur. Ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin müharibə veteranlarını və onları qayğılandıran məsələləri şəxsi nəzarətində saxlayır və bu qəbildən olan şəxslərin sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı ardıcıl tədbirlər görür. Təəssüf ki, müasir dünyamızda hələ də faşizmin qəhrəmanlaşdırılması, bu ideologiyaya xidmət etmiş şəxslərə abidələr ucaldılması kimi mənfi tendensiyalar müşahidə olunur. Faşizmin qəhrəmanlaşdırılması qəbuledilməzdir və insanlıq üçün utancdır. 30 il ərzində Ermənistanın işğalçılıq və soyqırımı siyasətinin acı nəticələrini yaşamış Azərbaycan xalqı 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına və növbəti hərbi təcavüzünə cavab olaraq Vətən müharibəsinə qalxdı. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etdi və tarixi Qələbə qazandı. 

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı
Geri dön