Ana Sayfa > Özəl > Rizvan Məmmədov: “Ümummilli Lider Heydər Əliyev Azərbaycan incəsənətinə, Azərbaycan mədəniyyətinə daim böyük diqqət və qayğı ilə yanaşıb”

Rizvan Məmmədov: “Ümummilli Lider Heydər Əliyev Azərbaycan incəsənətinə, Azərbaycan mədəniyyətinə daim böyük diqqət və qayğı ilə yanaşıb”


5-05-2023, 12:18. Yazar: sevinc1
Rizvan Məmmədov: “Ümummilli Lider Heydər Əliyev Azərbaycan incəsənətinə, Azərbaycan mədəniyyətinə daim böyük diqqət və qayğı ilə yanaşıb”

Azərbaycanda 2023-cü il Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən “Heydər Əliyev İli” elan olunub. Bu hadisə dövlətimizin və xalqın tarixində silinməz iz buraxacaq və əlbəttə ki, bu il ölkənin ümumi inkişafı, xalqımızın rifah yüksəlişi, dövlətimizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsi baxımından bir sıra müstəsna özəlliklərə malik olacaq. Bugünkü buraxılışımızda mövzu ətrafında AİA.az-ın suallarını Şəmkir şəhər Uşaq Musiqi Məktəbinin direktoru Rizvan Məmmədov cavablandırır.

- Rizvan müəllim, ilk növbədə bu ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar fikirlərinizi eşitmək istərdik.

- Azərbaycan xalqı zaman-zaman bəşəriyyətə böyük, dahi şəxsiyyətlər – görkəmli siyasi və dövlət xadimləri, sərkərdələr, elm, incəsənət, mədəniyyət xadimləri bəxş etmişdir. Əlbəttə ki, belə tarixi şəxsiyyətlər sırasında böyük əzəməti, tükənməz qətiyyəti, dərin fəlsəfi-analitik təfəkkürü, ensiklopedik nəzəri və praktiki bilikləri, fitri istedadı, dahi müdrikliyi və əyilməz, polad siyasi iradəsi ilə seçilən, müasir müstəqil Azərbaycanın qurucusu olan Ulu Öndər Heydər Əliyevin xüsusi yeri vardır. Bildiyiniz kimi, artıq bir neçə gündən sonra, may ayının 10-da bütün Azərbaycan xalqı böyük xilaskar oğlu Heydər Əliyevin anadan olmasının 100 illiyini sonsuz ehtiramla qeyd edəcək. Ulu Öndərin bacarıqlı dövlət xadimi, təcrübəli siyasətçi, Azərbaycan dövlətçiliyinin möhkəm təməlini yaradan və onu möhkəmləndirən, davamlı inkişaf yoluna çıxaran qüdrətli şəxsiyyət kimi həyat və fəaliyyəti müasir tariximizin ən əhəmiyyətli mərhələsini təşkil edir. 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması bütün xalqın Ulu Öndərin əziz xatirəsinə sonsuz ehtiramının ifadəsidir. Müasir dövlətçilik tariximiz Heydər Əliyev dühasının çoxşaxəli və məhsuldar fəaliyyətinin canlı salnaməsidir. Ulu öndərimiz ictimai fikri hər zaman dövrün keyfiyyətcə yeni və pozitiv dəyişikliklərinə hazırlamaq, yaranmış tarixi şəraitə uyğun strateji qərarlar qəbul etməklə yanaşı, fəaliyyətində daim milli maraq və mənafeləri önə çəkmiş, uzaq hədəflərə hesablanmış inkişaf strategiyası işləyib-hazırlamış və həyata keçirmişdir. Ulu öndər Heydər Əliyev unikal keyfiyyətlərə sahib olan bir siyasətçi kimi bir-birilə ziddiyyət təşkil edən iki müxtəlif ictimai-siyasi quruluşda ölkəyə inamla rəhbərlik etmiş, hər iki mərhələdə Azərbaycan dövlətinin möhkəmlənməsinə, tərəqqisinə çalışmış, xalqın mənafeyini hər zaman üstün tutmuşdur. İdarəçilik fəlsəfəsi özünəməxsus cəhətlərlə zəngin olan Ümummilli Liderin Sovet Azərbaycanına rəhbərlik mərhələsi ölkəni sürətli inkişaf yoluna çıxarmaqla yanaşı, milli müstəqilliyə etibarlı zəmin formalaşdıran amillərlə də zəngin olub. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan bütün sahələr üzrə inkişafının yeni mərhələsinə qədəm qoyub, sözün əsl mənasında, öz intibah dövrünü yaşayıb.

- Ulu Öndərimizin respublikaya rəhbərlik etdiyi dövrlərdə Azərbaycan mədəniyyətinin inkişafı istiqamətində atılmış addımlar barədə nə deyə bilərsiz?

- Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə daim mədəniyyət və incəsənətin inkişafına böyük qayğı göstərmiş, bu sahənin nümayəndələrinə fəxri adlar, qiymətli hədiyyələr vermiş, mədəniyyət müəssisələrinin bərpasını və yenidən qurulmasını prioritet vəzifə kimi qarşıya qoymuşdur. Məhz Ulu Öndərin sayəsində mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı. İncəsənətin elə bir sahəsi yoxdur ki, Ümummilli Lider Heydər Əliyevin diqqət və qayğısını hiss etməsin. Musiqimiz, teatrımız, kino sənətimiz, heykəltəraşlıq və rəssamlığımız, xalça sənətimiz bugünkü inkişafında Ulu Öndərin dəyərli ideyalarından bəhrələnib. Dahi rəhbər öz çıxışlarından birində demişdir: “Milli dövlətçilik dəyərlərinin əsasını sağlam düşüncəli mədəniyyət təşkil edir. Sabahkı uğurlara yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqət artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır”. Müstəqilliyimizin ilk illərində çoxsaylı daxili və xarici problemlərin məngənəsinə düşən respublikamızın mədəniyyət sahəsində də qatma-qarışıqlıq və qeyri-müəyyənlik, müxtəlif mənfi meyillər baş alıb gedirdi. Bir tərəfdən, anarxiya kimi başa düşülən azadlıq, digər tərəfdən iqtidarda olan qeyri-peşəkar şəxslərin mədəniyyətə çox qəribə, hətta, son, dərəcə bəsit və sadəlövh yanaşması bu sahənin normal inkişafının qarşısını alırdı. Məsələn, Qərb mədəniyyəti, incəsənəti, dəyərləri və təhsilinin bizə, guya, tamamilə yad olması və lazımsızlığının bəyan edilməsi çağdaş Azərbaycan mədəniyyətini ümumsivil məcradan təcrid edərək ona böyük zərbələr vurur, beləliklə də sağlam rəqabətə meylini azaldırdı. Ümumiyyətlə, demək olar ki, bu mərhələdə düşünülmüş mədəniyyət siyasəti yox dərəcəsində idi. Nəhayət, Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə 1993-cü ildə ölkə rəhbərliyinə qayıtmasından sonra vəziyyət köklü surətdə dəyişdi. O vaxtdan etibarən Azərbaycanın gələcək inkişafının strategiyası və əsas parametrləri müəyyənləşdirildi, dövlət həyatının bütün sahələrinin, o cümlədən mədəniyyət siyasətinin modernləşməsi və transformasiyası mərhələsi başlandı. Artıq bu gün yeni mədəniyyət siyasətinin təşəkkül tapması, onun məqsəd və prinsiplərinin dəqiqləşməsi, müasir tələblərə cavab verməsi ən vacib və təxirəsalınmaz problemlər sırasında diqqəti cəlb edir. Elmi cəhətdən əsaslandırılmış həmin siyasət nəticəsində mədəni inkişafın ardıcıllıq, varislik, millilik, orijinallıq, Azərbaycan xalqının təkrarsız mədəniyyət genofondunun saxlanılması, eyni zamanda açıqlıq və demokratiklik ideyaları təbliğ edilir və fəal şəkildə həyata keçirilir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursu bu gün də uğurla həyata keçirilir. Dahi şəxsiyyətin ideyaları möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən böyük müvəffəqiyyətlə davam etdirilir.

- Rizvan müəllim, Ulu Öndər hər zaman deyərdi ki, müstəqilliyi qoruyub-saxlamaq onu əldə etməkdən daha çətindir. Həqiqətən də müstəqilliyimizin ilk illərində xalqımızın qarşısında duran çətinliklər çox idi. Sizcə xalqımız bu çətinliklərin öhdəsindən gələ bilmək üçün gücü hansı qaynaqlardan alırdı?

- Həmin dövrdə Azərbaycanın müstəqilliyini əlindən almaq istəyən düşmən qüvvələr həm ölkə daxilində, həm də xaricdə kifayət qədər idi. Əlbəttə ki, bu qüvvələrə dura bilmək üçün, onlara qalib gəlmək üçün böyük güc lazım idi. Digər tərəfdən də tarix göstərir ki, belə mücadilələrdən yalnız o xalqlar qalib çıxa biliblər ki, onların milli ideyaya əsaslan, milləti qələbəyə aparacaq düşünülmüş strategiyaları və ən əsası da, bu strategiyanı hazırlayan və həyata keçirə bilən liderləri olub. Ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan xalqının milli inkişaf strategiyasının və ideologiyasının formalaşması da məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Həmin dövrdə Ümummilli Lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində zəruri tədbirlər görərək ümumxalq birliyinin fundamental əsaslarını formalaşdırdı. Ulu Öndər real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün azərbaycançılıq ideologiyasının ən effektiv vasitə olduğunu hər kəsdən daha yaxşı bilir və bu məsələni daim diqqət mərkəzinə çəkirdi. Heç bir şübhə yoxdur ki, Azərbaycan bu gün suveren, qüdrətli və artıq bütün dünyada yüksək nüfuza malik olan bir dövlətə çevrilə bilmək üçün sahib olduğu gücü də məhz Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu milli inkişaf strategiyasından alıb.

- Ətraflı müsahibənizə görə Sizə dərin təşəkkürümüzü bildiririk, sağ olun.

- Siz də sağ olun.

Söhbətləşdi:
Elman Hüseynov
Cabir Həsəniv

aia.az

Geri dön