Ana Sayfa > Özəl > Azərbaycan vahid əməkdaşlıq formatına malik olmaq istəmir
Azərbaycan vahid əməkdaşlıq formatına malik olmaq istəmir6-05-2023, 17:34. Yazar: sevinc1 |
Azərbaycan vahid əməkdaşlıq formatına malik olmaq istəmir. Assosiasiya sazişi, sözün əsl mənasında, saziş deyil. Bu, sadəcə, bir sözdür. Bu, həmin formata qoşulmuş ölkələrə təqdim olunmuş, sadəcə, təlimatlardan ibarət bir siyahıdır. Azərbaycan Avropa İttifaqına üzv olan doqquz dövlət ilə strateji tərəfdaşlıq saziş və bəyannamə imzalayıb. Azərbaycan əməli nəticələrə çevrilməyən bəyanatlardansa, həmişə praktiki addımlar yolunu seçib. Ukrayna və Gürcüstan 15 il NATO-ya üzv olmağa çalışırlar. Azərbaycan isə ordusunun gücünə görə NATO-nun ikinci dövləti olan Türkiyə ilə saziş imzalayıb. Azərbaycan və Türkiyə nəinki müttəfiqlik formatını qoruyub saxlayacaq, hətta onu gücləndirəcəkdirlər. Çünki yeni geosiyasi reallıqda bu, artıq regional sabitliyin və təhlükəsizliyin mühüm amilinə çevrilib. Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir. İstənilən ölkənin, xüsusilə qonşu ölkənin parçalanması, potensial təhlükə törədə bilər. Cənubi Qafqazda Azərbaycan bütün dönəmlərdə - Sovet İttifaqı dönəmində, Çar Rusiyası dönəmində və ondan əvvəl həmişə Şimali Qafqaz xalqlarına tarixi əlaqələr, dini əlaqələr, qohumluq əlaqələri kimi bir çox əlaqələr baxımından ən yaxın olmuşdur. Qafqazda ayırıcı xətlər, inzibati sərhədlər, dövlət sərhədləri olsa da belə, Qafqaz vahid bir orqanizmdir. Azərbaycan və Rusiya arasında münasibətlərdə Azərbaycanla Şimali Qafqaz respublikaları arasında kommunikasiyalar həmişə vacib amil rolunu oynayıb. Bunu həm Moskvada, həm də Bakıda yaxşı başa düşürlər və çoxsaylı yüksək səviyyəli təmaslarda həmişə Şimali Qafqazda və Cənubi Qafqazda, xüsusilə Azərbaycanda sabitlik və sülhün vacibliyi qeyd olunur. Azərbaycana qarşı açıq-aşkar böyük ədalətsizlik var və müəyyən mənada keçmiş sovet ölkələrinin ərazi bütövlüyü məsələlərinə metodoloji yanaşmada yenidən ayırıcı xətt çəkmək cəhdi var. Biz hər zaman ABŞ prezidentlərinin rəsmi bəyanatlarında, Gürcüstan, Moldova və Ukrayna liderlərinə məktublarında ərazi bütövlüyünə dəstəklə bağlı çox açıq sözlər eşitmişik. Azərbaycana gəldikdə isə, onlar sanki bunu söyləyirlər, lakin, eyni zamanda, sülh yolu ilə nizamlanma. İşğal dövründə bu, daha ədalətsiz və haqsız idi. Azərbaycan xalqı beynəlxalq ictimaiyyətin, BMT Təhlükəsizlik Şurası daimi üzvlərinin görməli olduğu işi özü görüb və Təhlükəsizlik Şurasının qətnamələrini icra edib. Ədalətsizlik aradan qaldırılmalıdır və təkcə keçmiş Sovet İttifaqı ölkələrinə münasibətdə deyil, bütün digər ölkələrə münasibətdə də vahid standart yanaşma şamil edilməlidir. Dünyada heç bir ölkənin, o cümlədən Ermənistanın tanımadığı qondarma “Dağlıq Qarabağ”ı Fransa parlamentinin iki palatası tanıyıb. Azərbaycanda heç kim 907-ci düzəlişi xatırlamır. Çünki birincisi, bizim artıq bu yardıma ehtiyacımız yoxdur. İkincisi, bu, Prezident Klinton tərəfindən müvəqqəti olaraq ləğv edilmişdi və ondan sonra gələn prezidentlər bunu davam etdirirlər. Bu, faktiki olaraq onu göstərir ki, məsələ həll olunub. Ermənistan özü indi Ermənistanın Qərbdəki bəzi dostlarından daha açıq şəkildə deyir ki, onlar Azərbaycanın ərazi bütövlüyünü de-fakto tanıyırlar, çünki ötən ilin oktyabrında onlar Praqa Bəyannaməsini, yenə də ötən ilin oktyabrında Soçi Bəyannaməsini imzalayıblar. Orada razılaşıblar ki, 1991-ci il Almatı Bəyannaməsi normallaşma üçün əsas kimi götürülməlidir. Almatı Bəyannaməsi faktiki olaraq keçmiş respublikaların sərhədlərini müəyyənləşdirib və onları rəsmi sərhədlər hesab edib. Bu, o deməkdir ki, onlar artıq razılaşıblar ki, Qarabağ Azərbaycandır. Mayil Əliyev, YAP Cəbrayıl rayon Təşkilatının partiya fəalı Geri dön |