Ana Sayfa > Özəl > Şuşanın Azərbaycanın tarixində xüsusi yeri var
Şuşanın Azərbaycanın tarixində xüsusi yeri var6-05-2023, 13:01. Yazar: sevinc1 |
Qarabağ Azərbaycanın dilbər guşəsidir. Şuşa isə Qarabağın incisidir. Təmiz havası, uca dağları, şəfalı suyu, səfalı təbiəti dillər əzbəridir. Məşhur Qarabağ atları isə nəinki Azərbaycanda, hətta bütün dünyada tanınan cinslərdəndir. Hələ muğamını demirəm. Suyundandır, havasındandır bilinmir, amma Şuşalı olub da səsi olmuyan adam yoxdur. Sanki bu onlara genlə keçən fitri istedaddır. Azərbaycanın dilbər güşələrindən olan Şuşa haqqında çox yazılıb, Xan Şuşinskinin səsini qoynunda saxlayan başı qarlı, vüqarlı dağlarının əzəmətindən söz açılıb. Şərq ölkələrinin mədəniyyət mərkəzlərindən olan, milli memarlıq uslubu ilə seçilən, orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi adlandırılan mədəniyyətimizə , ədəbiyyatımıza , incənəsətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə seçilən, muğamımızın beşiyi sayılan, Azərbaycan tarixinə Qasım bəy Zakir, Xurşidbanı Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu kimi şəxsiyyətlər yetirən Qarabağın dilbər guşəsi olan Şuşa Şərqlilrə məxsus arxitekturası ilə də fərqlənir. Azərbaycanın alınmaz qalası, mədəniyyət məbədi olan bu qədim şəhər özü boyda tarixi abidədir. Yarandığı ilk illərdən 1992-ci ilə qədər Şuşa durmadan çiçəklənib və geniş regionun mədəniyyət paytaxtına çevrilib. “Qafqaz konservatoriyası” adlandırılan şəhər bir çox məşhur incəsənət xadimlərinin – rəssamların, musiqiçilərin və şairlərin vətəni olub. Məsələn, Azərbaycan klassik bəstəkar musiqisinin və opera sənətinin banisi, İslam dünyasında ilk opera bəstəkarı Üzeyir Hacıbəyli Şuşada doğulub boya-başa çatıb. Şəhər Azərbaycanın məşhur tenoru Bülbülün, XIX əsrdə yaşamış Azərbaycan şairəsi Xurşidbanu Natəvanın doğulduğu yer olub. Azərbaycan poeziyasında realizm cərəyanının əsasını qoymuş Molla Pənah Vaqif Şuşada doğulub və bütün ömrünü orada yaşayıb. Şuşa Azərbaycanın xalçaçılıq sənətinin mərkəzlərindən biri olub və XIX əsrin ikinci yarısında burada istehsal edilən yerli xalçalar dünya bazarlarına çıxarılıb. 1867-ci ildə Şuşa xalçaçıları Parisdə keçirilən beynəlxalq sərgidə iştirak edərək mükafatlar qazanıblar. Keçən əsrin 90-cı illərinin əvvəllərində həm xarici, həm də daxili faktorlardan yaranan mənfi təsirlər nəticəsində Azərbaycan bir dövlət, xalq, hətta coğrafi ərazi kimi böyük risklərlə üz-üzə qalmışdı. Xalqın səriştəsiz, zəif və qətiyyətsiz rəhbərliyə olan inamının tükənməsi xalq və hakimiyyət arasında böyük uçurumun yaranmasına səbəb olmuşdu. Eyni zamanda ölkədə yaranmış hərc-mərclik mühiti, geniş şəkildə tuğyan edən özbaşınalıq halları, vahid nizami ordunun yoxluğu və ölkədə baş verən vətəndaş qarşıdurması dövlətçiliyimizin sütunlarını ciddi şəkildə sarsıdaraq, onun gələcək mövcudluğunu böyük şübhə altına almışdı. Bütün bu yaranmış anarxik vəziyyətdən və xaosdan yararlanan məkrli düşmən öz çirkin planlarını reallaşdırmağa müvəffəq oldu. Tarixi və əzəli torpaqlarımız ardı-arda işğal edilməyə başlanıldı. Xüsusilə münaqişənin ilkin dövrlərində məhz Şuşanın itirilməsi digər rayonların da işğalına rəvac verdi. Belə ki, Şuşanın mənsub olduğu mühüm əlverişli coğrafi mövqe ümumilikdə bütöv Qarabağ və Şərqi Zəngəzur bölgəsinə tam nəzarəti həyata keçirməyə hərbi-strateji baxımından böyük imkanlar yaradırdı. Tarixboyu bu şəhərdə əsasən azərbaycanlılar məskunlaşıblar. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı apardığı genişmiqyaslı müharibə zamanı şəhər ermənilər tərəfindən işğal olunub. Şuşanın işğalı nəticəsində 480 dinc sakin həlak olub, 600 nəfər yaralanıb, 22 min nəfər məcburi köçkün düşüb. Ermənilər tərəfindən girov götürülən 68 nəfərin taleyi barədə hələ də məlumat yoxdur. Həmçinin vurğulanıb ki, işğal dövründə şəhərin 279 dini, tarixi və mədəniyyət abidəsi dağıdılıb. 1992-ci il 8 mayda itirdiyimiz Şuşa 28 il sonra 2020-ci il 8 noyabrda Ali Baş Komandanımızın rəhbərliyi ilə geri qaytarıldı, Azərbaycanın 28 illik ŞUŞA yarası sağaldı! Bu, Dövlət Bayrağı Günü ərəfəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızın səbirsizliklə gözlədiyi müjdəni tarixi gündə verdi. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Azərbaycanın 28 illik həsrətinə son qoyuldu və xalqımızın tarixi-mədəni irsində xüsusi yeri olan Şuşa geri qaytarıldı. Beləliklə, Azərbaycanın qədim şəhərinin işğaldan azad edilməsi ilə həlledici üstünlüyə nail olundu. Bu, Vətən müharibəsində qələbə deməkdir. Şuşanın azad edilməsi son əsrdə Azərbaycan tarixinin ən şanlı qələbəsidir. Hüseynli Billurə, Azərbaycan Dövlət Pedaqoji Universiteti Geri dön |