Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-5 > Novruzəlin Aslanov: “Faşizm üzərində qələbə Azərbaycan xalqının da böyük töhfələr verdiyi silinməz şanlı tarixdir”

Novruzəlin Aslanov: “Faşizm üzərində qələbə Azərbaycan xalqının da böyük töhfələr verdiyi silinməz şanlı tarixdir”


6-05-2023, 11:52. Yazar: sevinc1
Novruzəlin Aslanov: “Faşizm üzərində qələbə Azərbaycan xalqının da böyük töhfələr verdiyi silinməz şanlı tarixdir”

“Bu gün Azərbaycan Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında getdikcə daha böyük rol oynamaqdadır. Qitənin şərqində artıq bir ildən artıq müddətdir ki, davam edən müharibə fonunda ölkəmiz Avropanı enerji böhranından çıxara biləcək az sayda xilaskarlardan birinə çevrilib. Lakin Azərbaycanın “Qoca qitə”də xilaskarlıq missiyası həyata keçirməyi heç də ilk dəfə baş vermir. 1941-1945-ci illərdə Avropanın faşizm zülmündən qurtulmasında Azərbaycanın qəhrəman oğul və qızlarının böyük rolu olub. Müharibənin ilk günlərindən hərbi səfərbərliyin əsl ümumxalq hərəkatına çevrildiyi Azərbaycanda minlərlə gənc oğlan və qız hərbi komissarlıqlara ərizə ilə müraciət edərək cəbhəyə getdilər. Ümumilikdə Azərbaycan xalqının 600 mindən çox oğul və qızı 1941-1945-cı illərdə İkinci Dünya müharibəsində iştirak edib. Müharibə illərində göstərdikləri igidliyə görə 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan milli atıcı diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında yaxından iştirak ediblər. O cümlədən qeyd etmək lazımdır ki, müharibə dövründə üç mindən çox azərbaycanlı Qərbi Avropa ölkələrində, xüsusən Fransada müqavimət hərəkatında iştirak etmişdilər. Onlardan Fransa müqavimət hərəkatında vuruşan Əhmədiyyə Cəbrayılovun adı yaddaşlarda daha çox qalmışdır. O, “Armed Mişel” (Xarqo) adı ilə müqavimət hərəkatında fəal iştirakına görə Fransanın 5 ordeni və yüksək fəxri adı — “Fransanın Milli Qəhrəmanı”, şəxsi igidliyinə görə paradda əsgərə generaldan qabaqda getmək hüququ verən hərbi medalı ilə də təltif olunmuşdu. Çox təəssüf olsun ki, bu gün bu faktlar Fransa hökumətinin rəhbərliyi tərəfindən unudulur. Əvəzində isə, bu ölkə öz ərazisində faşist cəlladlarına abidələr ucaldan Ermənistana dəstək verməyə çalışır.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

İkinci Dünya müharibəsinin nəticələrinə təsiri baxımından Bakı nefti amilinin əhəmiyyətini qeyd edən deputat öz fikirlərini belə əsaslandırıb: “Müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər. Bu rəqəmlərin mahiyyətində duran önəmi düzgün qiymətləndirə bilmək üçün belə bir faktı nəzərə almaq lazımdır ki, müharibə davam etdiyi müddətdə döyüşən və ya sadəcə hərəkət edən hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü məhz Bakı benzini ilə işləyirdi. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev də faşizm üzərində qələbənin əldə olunmasında Bakı nefti amilinin önəmini xüsusi qeyd edib: “Çoxları indi də deyir ki, əgər Azərbaycan nefti olmasaydı, İkinci Dünya müharibəsində SSRİ-nin İngiltərə-Amerika koalisiyası ilə birlikdə alman faşizminə qalib gəlməsi mümkün olmazdı”. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Arxa cəbhədə gecə-gündüz bilmədən, fədakarlıqla çalışan Bakı neftçiləri bütün çətinliklərə rəğmən, neftçilərimiz İkinci Dünya müharibəsi dövründə cəbhəni və sənayemizi yanacaqla təmin ediblər. Sovet İttifaqı Marşalı Georgi Jukov bu fədakarlığı yüksək qiymətləndirərək demişdir: “Bakı neftçiləri Vətənimizin müdafiəsinə, onun düşmən üzərində Qələbəsinə nə qədər lazımdırsa, o qədər də yanacaq verirdi”. Həmçinin 1941-1945-ci illərdə İkinci Dünya müharibəsi dövründə Azərbaycan alimləri tərəfindən yüksək oktanlı aviasiya yanacağının kəşf olunması amili də xalqımızın Qələbəyə verdiyi əvəzsiz töhfələrindən biridir. Sovet aviasiyası məhz bu yanacağın hazırlanmasından sonra cəbhədə düşmənə ağır zərbələr endirməyə müvəffəq oldu. Bütün bunlar təbii ki, düşmənin də nəzərindən qaça bilməzdi. Buna görə də Alman komandanlığının Qafqaz uğrunda döyüşlərinin əsas məqsədi Bakı üzərində nəzarəti ələ keçirmək idi. Faşist Almaniyasının Şərq siyasətində Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetirilirdi. Hələ 1941-ci il aprelin 29-da yaradılan Oleburq iqtisadi qərargahı tərəfindən təsis edilmiş planda Qafqazın, ələlxüsus Bakının işğalı əsas məqsəd idi.”

Daha sonra N.Aslanov Azərbaycanda faşizm üzərində əldə olunan qələbənin hər il dövlət səviyyəsində qeyd olunduğunu və İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranlara hər zaman yüksək diqqət və qayğı göstərildiyini qeyd edərək bunları deyib: “Faşizm üzərində qələbə Azərbaycan xalqının da fəxr etməyə, qürurlanmağa haqqı olduğu silinməz tarixdir. Təəssüflər olsun ki, müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan qüvvələr Azərbaycan xalqının İkinci Dünya müharibəsində yazdığı qəhrəmanlıq salnaməsini silməyə, üzərinə kölgə salmağa cəhd göstərirdilər. Baxmayaraq ki, o illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü daha geniş miqyas alırdı və qanlı döyüşlərdə müharibə veteranlarının döyüş təcrübəsindən və xüsusən, mənəvi yardımından istifadə etmək mümkün idi. Hakimiyyətin öz vətəndaşlarına belə etinasızlığı ahıl yaşlarında olan veteranların mənəvi sarsıntısına gətirib çıxarmışdı. Müharibənin çətin sınaqlarına mərdliklə sinə gərən, od-alovdan çıxan fədakar insanlar dövlətin nəinki diqqət və qayğısından məhrum olmuş, hətta əsassız qınaqlarla, ittihamlarla üzləşmişdilər. 9 Mayın Azərbaycan xalqının bayramı olmaması ilə bağlı aparılan təbliğat, böyük qəhrəmanlığın üstündən xətt çəkmək niyyəti bütün cəmiyyətdə narazılıqla qarşılanırdı. Yalnız 1993-cü ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra 9 May - Qələbə Gününə və müharibə veteranlarına qarşı əvvəlki hakimiyyətin cəmiyyətdə formalaşdırmağa cəhd göstərdiyi münasibət də birdəfəlik aradan qaldırıldı. Ümummilli Liderimiz faşizm üzərindəki qələbənin gözdən salınmasına yönələn siyasətin cinayət olduğunu vurğulayaraq belə demişdir: “Tariximizi müəyyən dövrdə bir qüvvələr təhrif edirdi, son illərdə, xüsusən, 1991, 1992, 1993-cü illərdə isə başqa cür təhrif etməyə başladılar. Yenə də deyirəm, 1992-ci ildə eşitdik ki, bu qələbə bayramını Azərbaycanda heç yerdə qeyd etmirlər. Mən təəccübləndim. Naxçıvanda biz veteranlarla görüşdük, danışdıq, hazırlıq gördük və bayramı qeyd etdik. Sonra mən araşdırmağa başladım ki, bəs, bunu niyə qeyd etmirlər? Bildirdilər ki, o vaxt hakimiyyətdə olan adamlar deyirdilər ki, bu, Vətən müharibəsi, qələbə deyil. O vaxt mən də ordan-burdan eşidirdim, bəziləri deyirdilər ki, faşistlər gəlib Azərbaycanı tutsaydı, yaxşı olardı. Belə sözlər də danışanlar var idi. Yəni, belə ideoloqlar meydana çıxmışdılar və tarixi təhrif edirdilər. Axı, bundan da böyük cinayət ola bilməz”. Heydər Əliyevin hakimiyyətə dönüşündən sonra 9 May - Qələbə Gününün rəsmi dövlət bayramı səviyyəsində qeyd edilməsi, müharibə veteranlarına diqqət və qayğının artırılması, imtiyazların verilməsi, cəmiyyət həyatında aktiv iştirak etmələrinə imkanların yaradılması onların həyat, qurub-yaratmaq eşqini daha da gücləndirdi. Bu gün də Ulu Öndər Heydər Əliyevin müharibə veteranlarına diqqət və qayğısını cənab Prezident İlham Əliyev layiqincə davam etdirir. Faşizm üzərində tarixi Qələbənin ildönümü hər il respublikamızda təntənəli şəkildə qeyd olunur. Prezident İlham Əliyev hər il Qələbə günündə görkəmli sərkərdə, tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad edir, müharibə veteranları ilə görüşür, onları Qələbə bayramı münasibətilə təbrik edir. Öz çıxışlarının birində dövlətimizin başçısı demişdir: “Biz tarixdə bu əlamətdar günə qayğı ilə yanaşır, döyüş meydanında və arxa cəbhədə qələbəyə töhfə verənlərin xatirəsini ehtiramla yad edir, öz həyatları bahasına dünyanı faşizmdən xilas etmiş zabit və əsgərlərin igidliklərinə hörmətimizi bildiririk”. Ölkə Prezidenti cənab İlham Əliyev cari ilin 26 aprel tarixində “1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” müvafiq Sərəncamı imzalamışdır. Dövlət başçısının müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi, xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar, yubiley medallarının təsis edilməsi cəmiyyətdə böyük razılıqla qarşılanır”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Geri dön