Ana Sayfa > Özəl > Milli mənəvi dəyərlərin qorunmasında Heydər Əliyevin rolu

Milli mənəvi dəyərlərin qorunmasında Heydər Əliyevin rolu


4-05-2023, 18:08. Yazar: sevinc1
Milli mənəvi dəyərlərin qorunmasında Heydər Əliyevin rolu

“Mən bu gün bir azərbaycanlı kimi, özündə həm milli-mənəvi dəyərləri, həm də ümumbəşəri dəyərləri cəm edən bir insan kimi deyirəm ki, bizim xalqımızın mənəvi-əxlaqi mentaliteti onun ən böyük sərvətidir, xalqımızın milli-mənəvi dəyərləri onun milli sərvətidir... Biz tarixi köklərimizi həmişə iftixar hissi ilə qiymətləndirməliyik və tarixi köklərimizin mənasını dünyaya bəyan etməliyik, yaymalıyıq, təbliğ etməliyik, onunla fəxr etməliyik... Öz milli-mənəvi dəyərlərimizi ümumbəşəri dəyərlərlə birləşdirib, zənginləşdirib Azərbaycan xalqının ümumi dəyərlərini, mənəvi dəyərlərini yaratmalıyıq... Ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlərin vəhdəti, sintezi bizim milli ideologiyamızın bu günü və gələcəyidir.” Heydər Əliyev

Azərbaycan xalqı hər zaman milli dəyərlərə sadiqliyini göstərib, bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirib. Tarixin hər bir dövründə ölkəmizdə milli dəyərlərimizin qorunması və onun gələcək nəsillərə çatdırılması aktual olub. Elə günümüzdə də bu müsbət tendensiya özünü qoruyub saxlayır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var.
Müasir Azərbaycan tarixinə nəzər saldıqda milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı prinsiplərinin banisi kimi Ulu Öndər Heydər Əliyevi görürük. Ulu Öndər milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu hesab edirdi. Mənsub olduğu xalqın tarixi keçmişinə, mənəvi irsinə və milli dəyərlər sisteminə sönməz məhəbbət duyğularıyla yanaşan Ulu Öndər deyirdi: “Hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhval-ruhiyyədə tərbiyələndirməliyik”.
Azərbaycanın görkəmli şəxsiyyətləri, xalqını,dövlətini sevən ziyalıları daim mədəniyyətimizin inkişafına, adət-ənənələrimizin zənginləşdirilməsinə çalışıb, öz töhfələrini veriblər. Onlar gənclərimizin milli-mənəvi dəyərlər əsasında tərbiyələndirilməsinə böyük diqqətvə həssaslıqla yanaşıblar. Günümüzdə, Azərbaycan müasirləşən, Avropa və dünya birliyinə sürətli inteqrasiya yolunu tutan bir ölkədir. Düzdür, müstəqillik qazandıqdan sonra da dövlətimiz və cəmiyyətimizdə qloballaşma tendensiyası müşahidə etmək olardı. Lakin, son dövrlər qloballaşmanın milli kimliyə təsiri cəmiyyətə daha çox yad dəyərləri qəbul etdirmək cəhdi kimi qiymətləndirilir. Heç şübhəsiz ki, müasir dünyada sürətlə davam edən qloballaşma prosesləri bizim də ölkədən yan keçməyib. Müsbət hal isə ondan ibarətdir ki, artıq cəmiyyətin özündə ona qarşı əks reaksiya başlayıb. Bütün halda millət, xalq olaraq qloballaşma adı altında öz milli dəyərlərimizi unutmamalı və bu dəyərlərə sadiq olmalıyıq.
Hər bir ölkə və xalq üçün onun milli dəyərləri hər şeydən üstün tutulmalı və digər xalqların dəyərləri ilə ziddiyət təşkil etməməlidir. Bu baxımdan biz qloballaşma deyəndə Azərbaycanda beynəlxalq əməkdaşlığı, xoş münasibətləri, səmimi dostluğu nəzərdə tuturuq. Biz hər zaman digər xalqların adət-ənənələrinə zidd olan, milli mentalitetə xas olmayan dəyərlərə qarşı mübarizə aparmalıyıq. Təbii ki, bu mübarizədə milli mənliyimizi qorumaq ən vacib şərtlərdəndir. Deməli, milli mənəvi dəyərlərimiz yaşadıqca milli kimliyimiz də mövcud olacaq. Bu dəyərlər dəyişdikdə isə artıq qarşımızda fərqli milli kimliyi görəcəyik. Ona görə də gənclər arasında milli-mənəvi dəyərlərin qorunması istiqamətndə işlər görülməli, onlarda vətənpərvərlik və vətəndaşlıq hissləri gücləndirilməlidir. Müsbət dəyərləndirilməli məqam ondan ibarətdir ki, bu gün dövlət səviyyəsində milli kimliyin əsasını təşkil edən milli və mənəvi dəyərləri qorunması və yaşadılması istiqamətində daha məqsədyönlü fəaliyyəti görə bilirik.

Ramilə Seyidova ,
YAP Siyəzən rayon təşkilatının sədr müavini
Geri dön