Ana Sayfa > Özəl > Elçin Əmirov: “Azərbaycanın müasir dövlətçilik tarixi Ulu Öndər Heydər Əliyev dühasının çoxşaxəli və məhsuldar fəaliyyətinin canlı salnaməsidir”

Elçin Əmirov: “Azərbaycanın müasir dövlətçilik tarixi Ulu Öndər Heydər Əliyev dühasının çoxşaxəli və məhsuldar fəaliyyətinin canlı salnaməsidir”


2-05-2023, 11:50. Yazar: sevinc1
Elçin Əmirov: “Azərbaycanın müasir dövlətçilik tarixi Ulu Öndər Heydər Əliyev dühasının çoxşaxəli və məhsuldar fəaliyyətinin canlı salnaməsidir”

“Azərbaycanın müasir dövlətçilik tarixi Heydər Əliyev dühasının çoxşaxəli və məhsuldar fəaliyyətinin canlı salnaməsidir. Ümummilli liderimiz ictimai fikri hər zaman dövrün keyfiyyətcə yeni və pozitiv dəyişikliklərinə hazırlamaq, yaranmış tarixi şəraitə uyğun strateji qərarlar qəbul etməklə yanaşı, fəaliyyətində daim milli maraq və mənafeləri önə çəkmiş, uzaq hədəflərə hesablanmış inkişaf strategiyası işləyib-hazırlamış və həyata keçirmişdir. Ulu öndər Heydər Əliyev unikal keyfiyyətlərə sahib olan bir siyasətçi kimi bir-birilə ziddiyyət təşkil edən iki müxtəlif ictimai-siyasi quruluşda ölkəyə inamla rəhbərlik etmiş, hər iki mərhələdə Azərbaycan dövlətinin möhkəmlənməsinə, tərəqqisinə çalışmış, xalqın mənafeyini hər zaman üstün tutmuşdur. İdarəçilik fəlsəfəsi özünəməxsus cəhətlərlə zəngin olan ümummilli liderin Sovet Azərbaycanına rəhbərlik mərhələsi ölkəni sürətli inkişaf yoluna çıxarmaqla yanaşı, milli müstəqilliyə etibarlı zəmin formalaşdıran amillərlə də zəngin olub. Həmin dövrdə Azərbaycan bütün sahələr üzrə inkişafının yeni mərhələsinə qədəm qoyub, sözün əsl mənasında, öz intibah dövrünü yaşayıb. Bu il bütün dünya azərbaycanlıları xalqımızın xilaskar oğlu Heydər Əliyevin anadan olmasının 100 illiyini sonsuz ehtiramla qeyd edir. Ulu öndər Heydər Əliyevin bacarıqlı dövlət xadimi, təcrübəli siyasətçi, Azərbaycan dövlətçiliyinin möhkəm təməlini yaradan və onu möhkəmləndirən, davamlı inkişaf yoluna çıxaran qüdrətli şəxsiyyət kimi həyat və fəaliyyəti müasir tariximizin ən mühüm mərhələsini təşkil edir. Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması bütün xalqın Ulu Öndərin əziz xatirəsinə sonsuz ehtiramının və tükənməz süvgisinin ifadəsidir.”

Bu sözləri AİA.Az-a verdiyi müsahibəsində Bakı Baş Səhiyyə Mərkəzinin direktoru Elçin Əmirov deyib.

Həmçinin müsahibimiz Ulu Öndər Heydər Əliyevin Azərbaycan səhiyyəsinin inkişafı ilə bağlı məsələləri hər zaman xüsusi diqqətində saxladığını vurğulayaraq bunları deyib: “Ömrünün 35 ilə yaxın bir dövründə Azərbaycana rəhbərlik edən Ulu Öndər bütövlükdə müasir müstəqil dövlətimizlə birlikdə həm də Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elmi və tibb təhsili sisteminin ən möhtəşəm memarı, yaradıcısı, qurucusu, dinamik inkişafının təminatçısı olub. Ümummilli Lider XX əsrin 70-80-ci illərində elm, təhsil və səhiyyə sistemlərinin də yüksəlişini təmin edərək, bu sahələrin hərtərəfli inkişafı üçün dövlət səviyyəsində bütün mümkün tədbirləri gerçəkləşdirib. Böyük rəhbər həmin dövrdə, ilk növbədə, tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışmış, bununla da səhiyyə, o cümlədən tibb elmi və tibb təhsili sahələrində mövcud durğunluğun aradan qaldırılmasına nail olmuşdu. Məhz həmin illərdə Azərbaycanda yüzlərlə iri müasir səhiyyə obyektləri inşa edildi, respublikadakı tibb müəssisələrinin yarıdan çoxu yeniləşdirildi, elmi-tədqiqat institutları, sağlamlıq və müalicə-profilaktika müəssisələri fəaliyyətə başladı. Neyrocərrahiyyə Mərkəzi, Diaqnostika Mərkəzi, Toksikoloji Mərkəz, Əlillərin Reabilitasiya Mərkəzi, Kliniki Urologiya Xəstəxanası, habelə kimya-əczaçılıq zavodu və müasir profilli tibb müəssisələri açıldı, elmi-tədqiqat oftalmologiya, elmi-tədqiqat onkologiya institutları üçün müasir tipli tam təchizatlı binalar tikilib xalqın istifadəsinə verildi. Təəssüflər olsun ki, ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra keçən ilk iki il ərzində respublikanın bütün sahələrində olduğu kimi, səhiyyə sistemində də sürrətli tənəzzül müşahidə olunurdu. Yalnız 1993-cü iıldə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən respublika rəhbərliyinə qayıdışından sonra səhiyyə sistemində də mövcud problemlərin həlli istiqamətində ardıcıl islahatlar aparılmağa başlandı. Həmin dövrdən etibarən səhiyyəyə dövlət büdcəsindən ayrılan vəsaitlər tədricən artırıldı, bu sahənin fəaliyyətini tənzimləyən 10-dan çox qanun qəbul edildi. Qısa müddət ərzində müstəqil respublikamız bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşularaq vətəndaşların sağlamlığının təminatı ilə bağlı üzərinə mühüm öhdəliklər götürdü. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının 41-ci maddəsində sağlamlığın qorunması hüququ birmənalı şəkildə təsbit edilib. 1993-2003-cü illərdə məhz Ümummilli Lider Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında Milli Məclisdə “Əhalinin sağlamlığının qorunması haqqında”, “Qan və onun komponentlərinin donorluğu haqqında”, “Əczaçılıq fəaliyyəti haqqında”, “Tibbi sığorta haqqında”, “Xüsusi tibbi fəaliyyət haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Sanitar-epidemioloji sağlamlıq haqqında” vədigər qanunların, eləcə də “Dövlət sığortası haqqında” əsasnamənin qəbulu bu baxımdan xüsusi vurğulana bilər.”

Öz fikirlərini davam etdirən Elçin Əmirov bu gün ölkəmizdə bütün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də Heydər Əliyev siyasi kursunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib: “Bu gün dövlətimizin başçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin başlıca həyat prinsipi olan xalqa, millətə xidmət və sədaqət amalını yaşadır və davam etdirir. Məhz cənab Prezidentimizin rəhbərliyi altında Heydər Əliyev siyasəti, gələcəyə istiqamətlənmiş strateji inkişaf kursu davamlı surətdə irəliləyir və Azərbaycanın uğurlarının əsasını təşkil edir. Azərbaycan dövləti insanların sağlamlığını prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayır. Əlamətdar haldır ki, son 10 ildə ölkə büdcəsində səhiyyə xərcləri 11 dəfədən çox artmışdır. Azərbaycanda müasir tibb avadanlığı və cihazlarla təchiz olunmuş 500-dən çox səhiyyə müəssisəsi əhalinin istifadəsinə verilmişdir. Maddi-texniki bazası gücləndirilən tibb müəssisələri indi bir sıra hallarda dünyanın qabaqcıl səhiyyə ocaqlarından geri qalmır, bəzən isə hətta onları üstələyir. Məhz elə buna görə də cənab Prezident İlham Əliyev ölkə səhiyyəsinin inkişafının qiymət verərkən belə demişdi: “Azərbaycanda səhiyyə sistemində aparılan islahatlar, görülən işlər dünya səviyyəsində gedir. Hətta deyə bilərəm ki, biz artıq Azərbaycan standartlarından da danışa bilərik”. Səhiyyənin ən aktual problemləri üzrə qəbul edilmiş dövlət proqramlarının icrası əhalinin sağlamlığının mühafizəsi ilə əlaqədar çox mühüm vəzifələri uğurla yerinə yetirməyə imkan yaradır. Dövlət başçısının səhiyyəmizə diqqət və qayğısı, Azərbaycan xalqının sağlamlığının qorunması yolunda atdığı mühüm addımlar, ümumiyyətlə, ölkədə həyata keçirilən sosialyönümlü siyasət Ulu Öndərin bu istiqamətdə müəyyən etdiyi strategiyanın uğurla davam etdirilməsinin parlaq təzahürüdür.”

Daha sonra müsahibimiz Azərbaycanda səhiyyənin inkişafına Heydər Əliyev Fondunun verdiyi töhfələrdən bəhs edərək bunları deyib: “Əlbəttə ki, bu gün Azərbaycanda səhiyyənin inkişafından danışarkən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahəyə verdiyi misilsiz töhfələri xüsusi qeyd etmək lazımdır. Bu gün Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir. Ümummilli Lider Heydər Əliyevin zəngin irsini təbliğ edən, Ulu Öndərin miras qoyduğu ənənələri davam etdirən Fondun əsas fəaliyyət istiqamətlərindən biri də səhiyyə və tibbi təsisatların inkişaf etdirilməsidir. Heydər Əliyev Fondu digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də böyük layihələrin təşəbbüskarıdır. Heydər Əliyev Fondu səhiyyənin müxtəlif sahələrində yeni texnologiyaların tətbiqi işində yardımçı olur, təbabətin ən müasir metod və nailiyyətlərindən istifadə üçün beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirir.

Azərbaycan səhiyyəsinin bugünkü inkişafı təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də qəbul edilir. Azərbaycan dövlətinin əhalinin sağlamlığına göstərdiyi qayğı beynəlxalq aləmdə də yüksək qiymətləndirilir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin səhiyyə sahəsində siyasətini daim dəstəkləyən səhiyyə işçiləri onun müvəffəqiyyətlə həyata keçirilməsi üçün əzmlə çalışır, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolla inamla addımlayırlar”, - deyə Elçin Əmirov fikirlərini tamamlayıb.
Geri dön