Ana Sayfa > Özəl > Milli ideologiyanın yaradılması Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsidir

Milli ideologiyanın yaradılması Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsidir


4-05-2023, 10:48. Yazar: sevinc1
Milli ideologiyanın yaradılması Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsidir

 XX əsr tariximizin parlaq siması, böyük şəxsiyyəti olan Ümummilli Lider Heydər Əliyevin siyasi portreti Azərbaycan xalqının dövlətçilik təfəkkürünün, tarixin sınağından şərəflə çıxmış idarəçilik məktəbinin, müasir ictimai-siyasi, fəlsəfi fikrin ən davamlı keyfiyyətlərinin canlı təcəssümüdür. Ümummilli lider daima Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Bu illər ərzində Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş onun adı ilə bağlıdır.
Ümummilli lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur. Ulu öndərin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri də uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulmasıdır. Bu, Azərbaycanın müasir müstəqil dövlət kimi inkişafı baxımından çox mühüm əhəmiyyətə malikdir. Təkmil siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, eyni zamanda, milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması bu kontekstdə xüsusilə vurğulanmalıdır. Bununla yanaşı, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda ölkənin siyasi-hüquqi sistemində müsbət mənada əsaslı dəyişikliklər oldu. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, qarışıq seçki sistemi əsasında parlament seçkilərinin keçirilməsi dövlətin hüquqi əsaslarının gücləndirilməsi, başqa sözlə, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Öz fəaliyyətini Azərbaycanın hərtərəfli inkişafına həsr edən Ulu öndər Heydər Əliyev, eyni zamanda, dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində növbəti addımlarını atdı. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı. Bu kontekstdə Ombudsman təsisatının yaradılması, ölüm hökmünün ləğv edilməsi kimi islahat xarakterli addımlar da xüsusi vurğulanmalıdır.Ulu öndər daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Heydər Əliyevin fəlsəfi baxışlarına görə, azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi və vahid sosium üçün uğurlu təməldir. "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam.Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq", - deyən Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur.
Dövlət müstəqilliyinin bərpası onun həyata keçirilməsindən daha çətin və mürəkkəb bir proses idi. Yalnız Heydər Əliyev müstəqil dövlət quruculuğunun həyata keçirilməsini təmin edə bildi. 1993-cü ilin iyununda Qurtuluş hərəkatı ilə Heydər Əliyev Azərbaycanda yenidən hakimiyyətə gəldi. Azərbaycan sözün əsl mənasında müstəqil dövlət quruculuğuna başladı. Həyata keçirilən islahatlar nəticəsində Azərbaycanın dövlət müstəqilliyi geridönməz xarakter aldı. Ermənistanla döyüş meydanlarında ilk qələbə qazanıldı. 1994-cü ilin mayında atəşkəs müqaviləsi imzalandı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Azərbaycanda dövlət quruculuğu konstitusion baza əldə etdi. Heydər Əliyev Azərbaycan Respublikasında müasir dövlət quruculuğu sahəsində misilsiz xidmətləri ilə birgə, onun perspektiv inkişaf istiqamətlərini də müəyyən etdi.Ötən müddət ərzində ulu öndər Heydər Əliyevin yerli özünüidarəetmənin inkişafı ilə bağlı müəyyən etdiyi siyasi kurs möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, yerli özünüidarəetmə daha da təkmilləşmişdir.Ölkədə ümummilli lider Heydər Əliyevin idarəçilik təliminin siyasi varislik, milli maraqlar, sosial ədalət və demokratiya kimi prinsiplərinə əsasən milli və müasir idarəetmə modelinin qurulması istiqamətində ardıcıl islahatlar aparılır. Onların əsas qayəsini səmərəli və demokratik idarəçiliyin formalaşdırılması, dövlət orqanlarının fəaliyyətində şəffaflığın, operativliyin, çevikliyin artırılması, xidmətlərin daha keyfiyyətli, rahat və müasir innovasiyalarla həyata keçirilməsi və nəticə etibarilə ölkə vətəndaşlarının rifah və məmnunluq səviyyəsinin təmin olunması təşkil edir. Hazırda Azərbaycan güclü siyasi iradəyə əsaslanan sistem xarakterli mütərəqqi islahat tədbirləri, inkişaf tempi ilə də dünyanın diqqət mərkəzindədir.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı
Geri dön