Ana Sayfa > Özəl / Parlament > ATU-da Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans

ATU-da Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans


3-05-2023, 20:59. Yazar: sevinc1
ATU-da Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans

Gəncədə şəhər İcra Hakimiyyətinin dəstəyi, Elm və Təhsil Nazirliyi və Azərbaycan Texnologiya Universitetinin (ATU) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Dördüncü sənaye inqilabı və innovativ texnologiyalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb.
aia.az xəbər verir ki, iki gün davam edəcək konfransın açılış mərasimi Heydər Əliyev Mərkəzində baş tutub. Konfransda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi, dosent Yaşar Ömərov, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, elm adamları, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfrans iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin mərkəzin önündəki abidəsi önünə əklil qoyaraq xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi yad olunub.
Konfransı giriş sözü ilə açan ATU-nun rektor əvəzi Yaşar Ömərov Ulu Öndər Heydər əliyevin çoxşaxəli və təməlində azərbaycançılıq, milli məfkurə dayanan fəaliyyətinə diqqət çəkib. Natiq bildirib ki, beynəlxalq elmi-praktik konfransa Hindistan, Malayziya, Macarıstan, Avropa və MDB də daxil olmaqla ümumilikdə 15 ölkədən 250-yə yaxın tezis göndərilib. Ümumilikdə isə konfransın məcmuələr toplusuna 750-yə yaxın tezis daxil edilib.
Gəncə şəhər İH-nin başçısı Niyazi Bayramov dahi şəxsiyyət Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfransın əhəmiyyətindən söz açıb və konfransın işinə uğurlar arzulayıb.
Tədbirdə Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, AMEA-nın həqiqi üzvü Əli Abbasov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin department rəhbəri Fatimə Ələkbərova, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin şöbə müdiri Ayaz Museyibov, Azərbaycan Respublikası Kosmik Agentliyinin departament rəhbəri Natəvan Həsənova, xarici ölkələrin ali təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının, sənaye müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri onlayn formatda qoşularaq çıxışlar ediblər.
Türkiyə, Macarıstan, Polşa, Almaniya, Rumıniya, Gürcüstan, Özbəkistan və Belarusdan, həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatının Elm Fondundan qatılan elm adamlarının çıxışlarından sonra plenar iclasın məruzələri dinlənilib. Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev, Qəbələ Konserv zavodunun direktoru Özgür Demirkıran və Türkiyənin 19 May Universitetinin mərkəz direktoru Sedat Akleylek elmin aktual mövzularından bəhs ediblər.
Konfransa mayın 4-də yekun vurulacaq.

Azər Tağızadə
Geri dön