Ana Sayfa > Seçilənlər-4 > Azərbaycanlı qadınlar seksdə ərlərindən niyə narazıdırlar?

Azərbaycanlı qadınlar seksdə ərlərindən niyə narazıdırlar?


15-07-2016, 16:52. Yazar: admin


Türkiyəli mütəxəssislərin araşdırması nəticəsində məlum olub ki, Avropada qadınların cəmi 3-5 faizi ərlərindən narazı qalırlar. Avropalı qadınların əksəriyyəti cinsi əlaqədən tam həzz ala bilirlər. Bu da onların yataqdakı bütün istəklərinin ərləri tərəfindən gerçəkləşdirilməsi ilə əlaqələndirilir. Amma avropalı xanımlardan fərqli olaraq, Türkiyədə qadınların 69 faizi, Azərbaycanda isə 79 faizi ərləri ilə seksdən narazıdırlar... Bunun səbəbləri nədir, narazılıq nədən qaynaqlanır?

Seksopatoloq, androloq-həkim Həsən Səmədov modern.az saytının mövzu ilə bağlı suallarını cavablandırıb. Aile.lent.az həmin müsahibəni təqdim edir.

- Yəqin ki, seksopatoloq kimi intim həyatla bağlı problemlər yaşayan pasiyentləriniz və buna uyğun araşdırmalarınız olur. Azərbaycanda kişi və qadınlar arasındakı seksual-cinsi münasibətlər tibbi baxımdan nə dərəcədə düzgün qurulub?

- Öncə seksdə, cinsi münasibətlərdə normanın nə olduğunu izah edək. Kişi ilə qadın cinsi əlaqədə olduğu zaman normadan kənara yayınmalar baş verdikdə, bir sıra xəstəliklər yaranır və bu da seksual disfunksiyaya gətirib çıxarır. Tam seksual həzzin alınmamasına, orqazmın tam olmamasına, qadınların və ya kişilərin seks prosesindən qarşılıqlı olaraq razı qalmamasına rəvac verir.
Norma baxımından kişidə və qadında seksual münasibətin mərhələləri olur.
Kişilərdə seksual aktın mərhələsi 4 cürdür. 1-ci mərhələ oyanma mərhələsidir. Buraya seksual stimul, siqnal, seksual sığal kimi amillər daxildir. Bunun nəticəsində sinir və cinsiyyət orqanı sistemində, əzələlərində oyanmalar, cinsi həvəsin artması və cinsi əlaqədə olmaq hissi yaranır.
İkinci mərhələ cinsi əlaqə mərhələsidir. Bu mərhələ cinsiyyət orqanının oyanmasından sonra başlayır. Daha sonra isə cinsi əlaqə mərhələsi müəyyən müddət davam edir.
Bu mərhələ orqazm və boşalma mərhələsinə keçir. Nəticədə kişidə cinsi orqan ətrafında olan əzələlər, bubotrial və digər əzələlərin ritmik yığılması ilə sperma xaric olunur. Nəticədə təbii həzz yaranır.
Kişilərdə 4-cü mərhələ isə refrakter dövr adlanır. Refrakter dövrü sakitləşmə, dincəlmə adlandırıla bilər. Yəni bu dövrdə kişi heç bir seksual siqnal, impuls qəbul etmir. Seksual oyanma onu hər hansı istəyə çatdıra bilməz. Ona görə də bu dövr kişilərdə bir neçə saniyədən bir neçə günə qədər uzana bilər.
Təsəvvür edin ki, əgər refrakter dövr bir kişidə bir gündən artıq davam edirsə, bu o deməkdir ki, növbəti ereksiya, yəni oyanma, baş qaldırma aktı baş verəcək. Refrakter dövr 30 saniyə-1 dəqiqə olarsa, bundan sonra kişidə fərd olaraq yeni cinsi stimulu qəbul edərək, növbəti dəfə də cinsi əlaqədə olmaq istəyi yaranır. Bu proses sadaladığımız ardıcıllıqla mərhələli şəkildə davam edir və orqazmda, həzdə başa çatır.Qadınlarda isə bu norma fərqli şəkildə baş verir. Qadınlarda kişilərdən fərqli olaraq, cinsi əlaqə və cinsi akt periodu 3 mərhələdən ibarətdir. 1-ci cinsi oyanma, 2-ci cinsi əlaqə və 3-cü isə boşalma mərhələləri hesab olunur.
Qadınlarda kişilərdən fərqli olaraq, refrakter dövr yoxdur. Onlarda orqazm, boşalma və həzz periodundan sonra dərhal təkrar oyanma, cinsi əlaqə və yenidən boşalmaya keçə bilər. Hətta ola bilər ki, qadın ilk dəfə boşaldıqdan sonra 2-3 dəqiqə ərzində 6-7 dəfə orqazm və boşalmaya çata bilir. Bu da qadınların fizionomiyasından və bədən quruluşundan asılıdır. Kişilərdə dinclik, sakitlik yəni refrakter dövr var, amma qadınlarda bu yoxdur.
Əslində elə bütün problemlər cütlüklərin bu adi primitiv seksual proseslərdən məlumatsız olmalarından yaranır. Yəni kişi və qadınlarda seksual təhsil və bilik səviyyələrinin aşağı olması onların cinsi əlaqədə bir-birilərini anlamamağa gətirib çıxarır. Hətta bu biliksizlik onların cinsi əlaqə zamanı bir-birindın doymamağa, ciddi narazılığa gətirib çıxara bilir.

- Türkiyəli androloq mütəxəssislər müəyyən ediblər ki, Türkiyədə qadınların 69 faizi, Azərbaycanda 79 faizi, Avropada isə 3-5 faizi cinsi əlaqə zamanı tam orqazma çata bilmirlər, yəni kişilərdən narazı qalırlar. Siz bu barədə nə deyə bəlrsiniz, əsas səbəblər nə ilə bağlı ola bilər?

- Ümumiyyətlə, Avropada seksual sahənin araşdırılması kütləvi xarakter alıb. Avropada belə bir göstərici var ki, 3 qadından 2-də seksual-psixoloji problemlər var. Yəni 3 qadından 2-si seksual prosesdən həzz almaya da bilər. Seksdə həzz almamaq, qadının kişidən narazı olması problemin həmin kişidə olması demək deyil.
Bu problem qadınlardan da daha çox qaynaqlanır. Əgər bir insanda psixoloji seksual problemlər varsa, burada əlbəttə ki kişidən hansısa formada razı qalmaqdan söhbət gedə bilməz. Təsəvvür edin ki, qadınlarda ən çox seksual psixoloji problemlər seksual aktın ilkin oyanma mərhələsində özünü göstərir. Cinsi oyanmada problemlər var. Qadınların əksəriyyətində cinsi oyanma çox ləng gedir. Çox zaman ilkin siqnal qadına seksual siqnal kimi çatmır. Əgər qadında ilkin seksual oyanma problemi varsa, 70 faizin 3/2-si bu səbəbə görədir. Hələ tibb elmi bu günə qədər qadınlarda seksual həddin miqdarını təxmini də olsa, təyin edə bilməyib. Qadınlarda cinsi əlaqə müddətinin nə qədər olması dəqiq bilinmir.
İkinci tərəfdən, həqiqətən də qadınların cinsi əlaqədən narazı qalmasının əsas səbəbi qadınların özündən yox, məhz kişilərdən də ola bilər.
Bizə müraciət edən xəstələrdə də görürük ki, erkən akulyasiya, yəni kişilərdə erkən boşalma halları getdikcə artmaqdadır. Erkən boşalma son dövrlər həddən artıq geniş şəkildə yayılıb. Çox həkim bunu adi hal kimi qəbul edir. Bu, heç də adi hal deyil. Bu, xəstəlikdir və ciddi şəkildə müalicə olunmalıdır.
Dünya Səhiyyə Təşkilatı kişilərdə erkən boşalmanı xəstəliklər, patologiyalar və seksual pozuntular sırasında FF-52.4 siyahısına daxil edib. Bu, qəbul olunmuş bir seksual diskunsiya və müalicə olunması mütləq olan seksual problemdir. Erkən boşalma ona görə cinsi əlaqə zamanı problem yaradır ki, qadın cinsi əlaqədə olan periodda ilkin oyanma prosesi çox tez baş verir. Kişilərdə ilkin seksual oyanma qadınların fiziki faktorlarına, görünüşünə daha tez oyanır. Cinsi əlaqə prosesi başlamazdan öncə də erkən boşalma ola bilər. Cinsiyyət orqanları təmasda olmadan da erkən boşalma yarana bilər.Hətta cinsiyyət orqanları təmasda olan an dərhal baş verən erkən boşalma da mümkündür. Cinsiyyət orqanlarının təmasından sonra 1 dəqiqə ərzində boşalmalar da olur. Bu proses hətta 1-3 dəqiqə ərzində olan boşalmalarla da müşahidə edilir.
Masters və Consons adlı amerikalı seksoloqların araşdırmalarına görə, kişilərdə seksual proses zamanı vaxt baxımından boşalma 4 dəqiqə və ondan daha yuxarı baş verirsə, məqbul sayılır.
Bəzi mütəxəssislər isə kişilərdə boşalma 2 dəqiqə və ondan aşağı olursa, bunu erkən boşalma kimi qəbul edirlər. Bəzən bunun özü də nisbi olur. Yalançı, həqiqi erkən boşalmalar var. Əgər daim, ən azı 6 ay müddətində kişi eyni qadınla əlaqədə olur və erkən boşalırsa, bu, həqiqi erkən boşalmadır. Yox, əgər bu, 2-3 dəfə baş verirsə, buna tam erkən boşalma demək olmaz.

- Kişilərdə erkən boşalmaya səbəb olan amillər hansıdır?

- Kişilərdə erkən boşalma stress, əsəb və gərginlikdən də qaynaqlana bilir. Cinsi orqanların, prostat vəzinin irinli iltihabından da erkən boşalmalar olur. Çünki bu proses yalnız fiziki deyil, həm də orqanik, bioloji xəstəliklərdən törəyir. Bu da nəticədə qadının seksdə kişidən razı qalmamasına, orqazmın kontrolsuzluğuna rəvac verir.
Orqazm kişilərdə 1-5 dəqiqə ərzində oyanma, cinsi əlaqə və həzz zamanı baş verə bilər. Amma qadında bu, belə deyil. Bu narazılığın da kökü və qaynağı buradan yaranır. Artıq sübut olunub ki, qadınları razı salmayan əsas səbəblər psixoloji, seksual və orqanik orqazmın vaxtında və keyfiyyətli baş verməməsidir.

- Seksdə qadınların kişilərdən razı qala bilməməsi yalnız erkən boşalma ilə bağlı olur?

- Qadının kişidən narazı olması yalnız erkən boşalma ilə bağlı deyil. Qadının kişidən narazı olmasına əsas səbəb - əgər kişidə oyanma vaxtı 1-5 dəqiqədirsə, qadında hələ oyanma vaxtı 6-7 dəqiqə olmalıdır.
Ondan sonra cinsi əlaqə heç olmasa 3-4 dəqiqə davam etməli və daha sonra orqazm baş verməlidir. Bu da topladıqda ortalama 10 dəqiqə və hətta daha çox vaxta gəlib çıxır. Bu da o deməkdir ki, kişi ilə qadın arasında real fizioloji fərq var. Ona görə də bu məsələni aradan qaldırmaq üçün yalnız dərman və dərmanlarla müalicə kömək edə bilməz. Burada əsas məsələ seksual psixoloji hazırlıq, təlim istiqamətli seksual psixoloji biliklər qarşılıqlı razı qala bilməyi təmin edər.
Kişidə erkən boşalma problemi varsa, ilk növbədə, ön sevişmə periodunu ağılla idarə etmək, onu süni olaraq uzatmaq tələb olunur. Əgər ilkin toxunuş, hiss etmə və təmas 1 dəqiqə davam edəcəksə, sevişmə və ön oyanmaya sərf olunan vaxtı 3-4 dəqiqəyə qədər uzatmaq lazımdır ki, qadın da o vaxta qədər gəlib həmin mərhələyə çata bilsin və aralarındakı dəqiqə fərqləri hiss olunmasın.
Bundan sonra erkən boşalma problemi olduqda qadının narazılığı və istəksizliyi başlayır. Çünki qadın orqazma çata bilmirsə, psixoloji seksual problem yaranaraq, gündəlik həyata yansıyır. Ailədə gərgin münasibət, uğursuzluq və ümidsizlik sindromu yaranır. Qadının fizioloji vəziyyətinə təsir göstərərək, digər orqanların disfunksiyasını yaradır. Qalxanabənzər vəzdə və aşağı ətraflarda vena və limfalarda axının, sirkulyasının ciddi pozuntusuna gətirib çıxarır. Bu da gələcəkdə damar genişlənməsinə və tromblaşmaya səbəb olur. Seksual prosesin qadın və kişidə normal aktla olması bütün daxili orqanların sağlamlığının ilkin şərti və aynasıdır. Ona görə də bu problemin həll olunması üçün vaxtında məntiqli müalicə lazımdır. Çox zaman müraciət edən xəstələrin düşüncəsində yalnız “1 tabletka atmaqla” problemi həll etmək istəyi durur. İnsanın seksual problemi 10-15 günə həll oluna bilməz. Bu, bir təlimdir, sadəcə olaraq istiqamətini dəyişməlisən. Bunun üçün bir neçə ay uğurlu müalicə lazımdır.

- Bəs qadınlarda ilkin cinsi oyanmaların gec baş verməsi nələrdən yaranır?

- Kişilərdə ilkin seksual gec oyanmalara çox az, nadir hallarda rast gəlinir. Yəni kişilərdə qısa zamanda oyanma adi reaksiya nəticəsində yaranır. Qadınlarda ilkin oyanıqlıq prosesi mürəkkəbdir. Onlarda cinsi oyanıqlıq zamanı cinsi orqanlardakı əzələlərdə qanın yığılması prosesi, qadının psixoloji durumu, aldığı tərbiyə önündə duran tabular, dini qadağalar və seksual tərbiyənin müxtəlif formalarda pozulmaları, cinsi inkişaf pozulmaları, hormonal pozuntular kimi amillər, ailə modelinin müxtəlif formalarda fərqli olması çox ciddi təsir edir. Ailədə müəyyən sərhədlərin qoyulduğunu görən qadın müxtəlif zamandan sonra anlayır ki, bu, heç də belə deyil.
Oyanma pozuntularının çoxu qadınların gec ailə qurmaları və gec ərə getmələrindən yaranır. Ona görə ki, gec ərə gedən qadınların seksual sferasında ciddi psixoloji pozuntuları yaranır. Gec ailə quran qadınlar beyinlərində, şüuratında bir az əvvəl izah etdiyimiz seksual normanın və qeyri-normanın nə olduğunu anlamır, bunu patoloji hal kimi qəbul edirlər. Nəticədə bu forma ərə getməyən qadınlarda seksual istəklərə qarşı özünü müdafiə instinktini, reaksiyasını zəiflədir.
Beynimiz və şüuraltımız nə qədər mükəmməl olsa da, o qədər də qeyri-mükəmməldir. Gec ərə gedən qadınlarda seksual siqnalın vaxtında gedib-getməməsini təyin etmək çətinliyi yaranır. Bir növ onların şüuraltındakı seksual aktın impulsları, şüaları radarı tuta bilmir.
Əsas səbəblər maarifsizlik, qeyri-düzgün seksual təhsil, vaxtilə keçirilmiş seksual travmalardan qaynaqlanır. Tərbiyə demişkən, seksual tərbiyənin kökündə bilik və ilkin bioloji elm, təhsil dayanır. Normal bilik alınmaması səbəbindən seksual normanın necə olduğunu son zamanlar pornofilmlərdən olan seksual normalardan götürərək, şüuraltı onları qəbul edirlər.

- Qeyd etdiyiniz seksual problemlərin psixoloji faktorları ailədə, cəmiyyətdə daha nədən irəli gələ bilər? Yəni aşağı maddi-sosial rifah şəraiti, yoxsulluq kimi amillər də kişi və qadınlar arasındakı seksual münasibətlərə mənfi təsir edirmi?

- 95-99 faiz qadınlar sosial rifah, gəlir, maddi durum məsələlərini seksual həyatda o qədər də önəmsəmirlər. Amma bu gün qadınlar haqqında bu cür yanaşma cəmiyyətdə əksinə formalaşıb. Kişilərin əksəriyyəti düşünür ki, qadınlar yalnız pullu, imkanlı, varlı, kişiləri, gələcək zəngin həyat yoldaşlarını və yaxud seks partnyorlarını axtarırlar.
Amma əslində qadınlar şüuraltında bir şeyi istəyir - sevgi… Bu, bütün qadınlarda belədir. Düzdür, hansısa qadınlarda bunun əskini görə bilərsiniz. Buna səbəb də o qadınların vaxtilə əldə etmək istədiyi sevgi və nəvazişdən məhrum olmasıdır. Sevgidən zədə, travma almış, sevgisi bədbəxtliyə çevrilmiş qadınlarda o hallar ola bilər.
Ümumiyyətlə, əsl sevgi və ondan yaranan qarşılıqlı cinsi istək hər şeyi həll edir. Ailələr var ki, həddən artıq kasıb olmalarına baxmayaraq, daha çox xoşbəxtdirlər. Onların seksual münasibəti çox yaxşıdır. Təkcə mənim tanıdığım 100 ailədə bunu müşahidə etmişik. Sosial və maddi rifah ailələrdə, kişi və qadınlar arasında seksual, cinsi münasibətlərə çox az mənfi təsir göstərən faktordur. Əsas səbəb seksual psixoloji tendensiyalarda qarşılıqlı anlaşmamaqdan yaranır.
Vaxtında ailə seksopatoloqunun, həkimin olmamasına görə problemi ailə içində saxlamaları bunu daha da mənfiyə doğru aparır. Kişi və qadınların androloq, seksoloq bacarıqlı ginekoloqlara vaxtında müraciət etməmələri bu problemləri yaradır.

- Sosial şəbəkələrdə, internetdə tanışlıq, virtual seksə meylli olmaq, pornofilmlərə baxmaq vərdişləri kimi faktorlar ailədə kişi və qadınlar arasında seksual anlaşılmazlığa nə dərəcədə təsir edir?

-2011-ci ildə Amerika neyrobioloq alimləri bu məsələnin üzərində işləyərək sübut etdilər ki, internet pornofilmləri, seks videoları qadın və kişilərdə seksual psixologiyanın pozulmasına mənfi təsir edir. Bu faktorlar ailədə, kişi-qadın seksual münasibətlərində normal, sivil cinsi əlaqənin yox, sanki zorakı cinsi əlaqə istəklərinin artmasına səbəb olur. Belə olduqda, hər iki cins normal seksin yox, video görüntülərdəki seksin ona məxsus olmasını düşünür. Nəticədə kişi, yaxud qadın növbəti mərhələdə eyni şeyləri təkrar etmək istəyir. Amma eyni şeyləri təkrar edə bilmədikdə seksual pozulma və cinsi zəiflik yaranmağa başlayır.
Qarşısına qoyub baxdığı pornovideo sanki onun şüuraltına norma kimi sirayət edir. Bu normada qadın və kişi həzz alırsa, o həzz avtomatik şüuraltında gələn informasiyanın tam mükəmməl olmasını göstərir. Realda insanın seksual cinsi əlaqəsi videolarda olan kimi ola bilməz. Yəni qadın və ya kişi pornoviodeodakı müxtəlif toxunuş, qoxu kimi faktorları əldə edə bilməyəndə, bu, seksual düşkünlük, özünə inamsızlıq, zorakılıq, mazaxizm, sadizmin yaranmasına gətirib çıxarır.
Amerika seksoloqları deyirlər ki, seksual cinsi əlaqədə insanları heyvanlardan fərqləndirən əsas səbəb insanın duyğularıdır. Duyğuları paylaşmaq üçün bizim danışıq funksiyamız var. Amerika seksoloqlarına görə, vacib cəhət seksdə öncə qadın və kişinin nə istəməsini dil ilə ifadə etməsidir.
Qadının və kişinin nəyi necə və hansı formada istədiyini deyib, paylaşmaq vacibdir. Eyni zamanda, problemin səbəblərini bir-birilərinə izah etmək, qarşılıqlı anlaşma və razılığa gələ bilmək də vacib şərtdir.

- Bəs seksual münasibətlərdə qadınların istəklərinin kişilər tərəfindən tam qəbul edilməməsinin səbəbləri nələrdir?

- Qadınların kişilər tərəfindən seksual istəklərinin nəzərə alınmasının əsas səbəbləri kişilərdə seksual eqoizmin olmasından irəli gəlir. Kişilərdə seksual eqoizm və seksual dominantlıq istəyi seksual psixologiyanın pozulmasına səbəb olur.
Kişilərin şüuraltında belə bir şey var ki, kişilər qadına hücum edib, qısa vaxt ərzində öz kişiliyini göstərmək istəyir. Amma qadın psixologiyasında inanın ki, bunun heç bir önəmi yoxdur. Qadın üçün kişinin cinsiyyət orqanının ölçüsü və onu necə istifadə etmək önəmli deyil. Qadın sevgisini, hisslərini vaxtında lazım olan formada paylaşılmasını istəyir.
Qadın və kişi hisslərini bərabər şəkildə paylaşmalıdırlar. Qarşılıqlı anlaşma, hətta qarşılıqlı, bəzən qəbul olunmayan cinsi əlaqə formaları müəyyən tabular çərçivəsində olmalıdır. Heç kim bunu əxlaqsızlıqla qarışdırmasın. İstəklər müəyyən normalar çərçivəsində olmalıdır ki, bu, gələcək seksual psixoloji zərbəyə, sarsıntıya səbəb olmasın.

- Avropada seksual-cinsi əlaqələr zamanı kişilər qadınların istəklərini daha çox nəzərə alırlar. Yəni qadın hansı formada seks istəyirsə, kişi onun istəyini qəbul edir. Bəs sizcə, Azərbaycanda kişilərin qadınların istəklərini nəzərə almaması nədən formalaşıb?

- Ona görə ki, bizdə primitiv seksual biliklər belə, yoxdur. Oxumurlar, öyrənmirlər. Məsələn, Azərbaycanda necə faiz kişi seksual aktın 4 mərhələsi olduğunu bilir?
Neçə faiz kişi qadınların ilkin seksual oyanmasının gec baş verməsindən xəbərdardır? Ən önəmlisi isə Avropada qadın və kişilər arasında qarşılıqlı paylaşmanın və fikir mübadiləsinin olmasıdır. Bizdə isə eqoistlik, komplekslər, seksual fobiyalar, partnyoru təmin edə bilməmək qorxusu var. Belə fobiyası olan Azərbaycanda neçə kişi həyat yoldaşına “məndə belə bir qorxu, problem yaranıb” deyə bilər? Halbuki bunu açıb desə, həqiqətən də problem kökündən həll olunmuş olar.
Geri dön