Ana Sayfa > Təhsil > Ulu öndər Heydər Əliyev təhsilimizin böyük qayğıkeşi idi
Ulu öndər Heydər Əliyev təhsilimizin böyük qayğıkeşi idi2-05-2023, 16:11. Yazar: sevinc1 |
Bir milləti məhv etmək üçün onun elmini, təhsilini məhv etmək kifayətdir. Məhz bu konteksdən yanaşdıqda da, Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqını məhv olmaqdan xilas etdi. Ölkəyə rəhbərliyin ilk illərində sürətli iqtisadi inkişafın təmin edilməsini, Azərbaycanın dünyaya yaxından inteqrasiya olunmasını, beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilməsini əsas məqsəd kimi seçən ümummilli lider ölkədə təhsil islahatları aparılmasının zəruriliyini vurğulayaraq, hər bir inkişafın elm və təhsildən asılı olduğunu qeyd edirdi. Ulu öndərin öz sözləri ilə desək: “Təhsil sistemimizin hazırkı vəziyyətini, onun problemlərini dərindən öyrəndikdən sonra prioritet sahələr müəyyən edilməlidir”. Müşahidələr göstərir ki, həqiqətən də belə bir prinsipin seçilməsi Azərbaycanda təhsil siyasətinin əsas qayəsini təşkil etmişdir. Son dövrlər həyata keçirilən islahatlar proqramına əsasən fəaliyyətin prioritet istiqamətlərinə diqqət yetirdikdə, Heydər Əliyevin təhsil strategiyasının nə qədər fundamental bir konsepsiya olduğu aydınlaşır. Məlumdur ki, milli intibahın təminatında başlıca vasitə sayılan elm və təhsil cəmiyyətdə bir çox problemlərin həllində mühüm rol oynayır. Dünyəvi təhsilə inteqrasiya yolunu seçən Azərbaycan Respublikasında müstəqilliyin bərpasından sonra bu strateji sahəyə milli təhlükəsizliyin mühüm amillərindən biri kimi xüsusi diqqətin yetirilməsi bu nəticəyə gəlməyə əsas verir ki, ölkədə elm və təhsil problemləri ümumi inkişaf və dövlət siyasəti ilə vəhdət təşkil edir. Tərəqqiyə gedən yolda uğurlar qazanmaq isə dünyanın sivil dövlətləri ilə diplomatik əlaqələrin yaradılması, sosial-iqtisadi, mədəni, elm-təhsil və digər sahələrdə beynəlxalq norma və tələblərə uyğun əməkdaşlığın qurulması zəruridir. Bunun üçün də xüsusilə strateji əhəmiyyətə malik olan təhsil sistemində köklü islahatlar aparılması Azərbaycan dövlətinin ali məqsədinə çevrilmişdir. Bu mənada ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi həm birinci, həm də ikinci dönəmində reallaşdırılan təhsil siyasətinin müxtəlif aspektlərini araşdırmaq üçün bu strateji əhəmiyyətli sahənin dünəninə və bugününə diqqət yetirmək kifayətdir. Bir məsələni də qeyd etmək lazımdır ki, ümummilli lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə ölkədə 5 yeni ali təhsil müəssisəsi açılmış və ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artmışdır. Eləcə də dahi rəhbər keçmiş İttifaqın ən nüfuzlu təhsil müəssisələrində azərbaycanlıların oxumasına çalışmış və bu istiqamətdə əsaslı dönüş yaratmışdır. Ulu öndər Heydər Əliyev müstəqillik illərində də elm və təhsilin inkişafını diqqətdən kənarda qoymamış, o cümlədən elm-təhsil problemlərinə kompleks şəkildə yanaşmışdır. Ölkə başçısı bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi məqsədilə ciddi tədbirlər həyata keçirmiş, mühüm tarixi fərman və sərəncamlar imzalamışdır. Heydər Əliyevin zəngin irsinin layiqli davamçısı prezident İlham Əliyev öz növbəsində təhsilə xüsusi incəliklə yanaşır. Prezident İlham Əliyevin rəhbərliyi dövründə təhsilin inkişafı əsas prioritetə çevrilib və insan kapitalının inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunduğu bu ərəfədə onun Azərbaycanın tarixində, bugünkü mövcudluğunda, ictimai–siyasi həyatın müxtəlif sahələrindəki rolunu hər sahənin mütəxəssisləri geniş təhlil edirlər. Maraqlıdır, onların hər biri hesab edir ki, ulu öndərin ən çox əhəmiyyət verdiyi, diqqət yetirdiyi, inkişafına təkan verdiyi məhz bu sahə olub. Sənaye, kənd təsərrüfatı, beynəlxalq münasibətlər, səhiyyə, ədəbiyyat, incəsənət və s. Müvafiq olaraq təhsil işçilərinin də fikrincə, Heydər Əliyev üçün ən vacib sahə məhz elm və təhsilin savadlı, bilikli, əsl peşəkar müəllim kadrlarının hazırlanması olub. Odur ki, Heydər Əliyevin ən şərəfli vəzifə hesab etdiyi Müəllim adını daşıyanlar ümummilli liderin işıqlı xatirəsini qəlblərinin ən isti guşəsində qoruyub saxlayırlar. Məktəb lisey komleksi İngilis dili muəllimi Rüstəmova Aynurə aia.az Geri dön |