Ana Sayfa > Qərbi Azərbaycan > Səhiyyə sistemində islahatların beşinci ili… --
Səhiyyə sistemində islahatların beşinci ili… --2-05-2023, 13:02. Yazar: sevinc1 |
İdarəetmədəki yeniliklər artıq öz müsbət nəticəsini verib… İslahatlar hər zaman müzakirə mövzusu olur, tərəfdar və əleyhdar qazanır. Xüsusilə də ilk zamanlarda əleyhdarı daha çox olur. Çünki insanlar alışıdıqları qaydaların dəyişməsinə çox həvəs göstərmirlər. Ona görə ki, vəd olunan yeniliklər özündə məchulluq daşıyır. Azərbaycan səhiyyə sistemində başladılan islahatların ilk zamanlarında da bu məchulluğu müşahidə edirdik. Yalnız pasiyentlər deyil, həkimlərin önəmli bir hissəsi də islahatların müsbət nəticə verəcəyinə o qədər də inanmır, hətta bəzi hallarda buna qarşı çıxırdılar. Amma səhiyyə sistemində islahatların beşinci ilində əminliklə demək olar ki, görülən işlər öz bəhrəsini verməkdədir. Bu mənada, təxminən beş il əvvəl, 20 dekabr 2018-ci ildə prezident İlham Əliyevin fərmanına əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yaradılan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) zamanın sınağından çıxdığını söyləmək olar. Qeyd edək ki, TƏBİB-in fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti ölkə başçısının vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən və digər 4 üzvdən ibarət Müşahidə Şurası həyata keçirir. TƏBİB-in tabeliyində inzibati ərazi vahidləri üzrə qruplaşdırılan 13 tibbi ərazi bölməsi (Gəncə, Bakı, Sumqayıt, Bərdə-Yevlax, Şəki-Zaqatala, Göyçay-Kürdəmir, İmişli-Sabirabad, Lənkəran, Şəmkir-Tovuz, Dağlıq Şirvan, Quba-Xaçmaz, Cəlilabad-Salyan, Ağdam-Ağcabədi tibbi ərazi bölmələri) fəaliyyət göstərir. Ən əsası isə, idarəetmədəki yeniliklər artıq öz müsbət nəticəsini verib. Lakin TƏBİB əldə etdiyi uğurla kifayətlənmək istəmir və yeni hədəflərə müəyyən edib. Bu hədəflər arasında ana və uşaq sağlamlığı ilə bağlı tədbirlərin gücləndirilməsi, vətandaşların tibbi xidmətlərdən məmnunluq səviyyəsinin artırılması, xidmətlərə əlçatanlığın artırılması, tibbi ərazi bölmələrinin mərkəzlərində regional çoxprofilli xəstəxanaların qurulması əsas hədəflərdəndir. Qeyd edək ki, xidmətlərə əlçatanlığın artırılması vətəndaşların əsas diqqət göstərdiyi məsələlərin önündə yer alır. Bundan başqa, TƏBİB xəstəliklərin daha erkən aşkarlanması məqsədi ilə profilaktik xidmətləri inkişaf etdirmək, ölüm səbəbləri arasında əsas yer alan xəstəliklərin qarşısının alınması, erkən aşkarlanması və müalicəsinə yönəlmiş kompleks tədbirləri artrmağı hədəfləyir. Tibbi xidmətin keyfiyyətinin artırılması və əlçatanlığın təmin edilməsi məqsədilə Ailə həkimi institutunun möhkəmləndirilməsi hazırda əsas vəzifələrdən biridir. Hansı ki, bunlar da tibb müəssisələrinin dərman təchizatının yaxşılaşdırılması və müasir tibbi avadanlıqlarla təminatı, tibb müəssisələrində istifadə edilən xəstəxana informasiya sisteminin və digər elektron xidmətlərin istifadəsinin təkmilləşdirilməsi olmadan mümkün deyil. Eyni zamanda, güclü maddi-texnika baza çox önəmlidir. Son illərdə ölkəmizdə 750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib. Bu sahədə aparılan ardıcıl islahatlar səhiyyə sisteminin yeni, müasir mərhələyə qədəm qoymasına hərtərəfli zəmin yaradıb. Səhiyyə sahəsinin inkişafı ilə bağlı icra olunan layihələr ölkənin bütün bölgələrini əhatə edir. Yeni tibb müəssisələrinin ən son texnoloji yeniliklərə əsaslanan avadanlıq və qurğularla təchiz olunması ölkəmizin ümumi inkişafının göstəricisidir. Son illərdə tibb müəssisələrində təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətinin, əlçatanlığının və operativliyin təmin olunması, habelə tibb işçilərinin maddi rifahının yüksəldilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Görülən əhəmiyyətli işlərdən biri stasionar tibbi xidmət göstərən dövlət tibb müəssisələrində qəbul şöbələri, təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının fəaliyyətlərinin təkmilləşdirilməsi ilə bağlıdır. Yenilik çərçivəsində qəbul şöbələrinin bazasında xəstələrə hərtərəfli xidmət göstərilməsinin mümkün olduğu Təcili və təxirəsalınmaz tibbi yardım şöbələri yaradılır. Avropa ölkələrinin təcili yardım xidmətindəki uğurlu təcrübə əsasında yaradılan bu şöbə triaj (təcili yardım xidmətində tibbi müdaxilənin prioritetləşdirilməsi) sisteminin qurulması ilə fərqlənir. Pasiyentlər bu şöbəyə birbaşa müraciət əsasında qəbul olunur və ya Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadası tərəfindən çatdırılır. Bu yeniliyin başlıca məqsədi xəstəxanaların stasionar və ambulator şöbələrinin iş yükünü azaltmaq və kadr potensialından səmərəli istifadəni təmin etməkdir. Əlbəttə, TƏBİB-in fəaliyyəti ilə bağlı nöqsanlar və çatışmazlıqlar da var. Bu nöqsan və çatışmazlıqlar isə islahatlara, yenililklərə hazır olmayan, bəzən isə islahatlara qarşı çıxanların olmasıdır. Belələri islahatları gözdən salmaq üçün neqativ halları “islahatların nəticəsi” kimi təqdim etməyə çalışırlar. Arzuman LOĞMANOĞLU aia.az Geri dön |