Ana Sayfa > Siyasət > Cənab İlham Əliyev Avropanın “enerji xəritəsini” yenidən cızır
Cənab İlham Əliyev Avropanın “enerji xəritəsini” yenidən cızır2-05-2023, 10:22. Yazar: sevinc1 |
![]() Aprelin 25-də Sofiyada Bolqarıstan,Rumıniya, Macarıstan, Slovakiya və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib. Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək. Ölkələrimiz arasında məhsuldar münasibətlərin,yüksək həmrəyliyin və strateji tərəfdaşlığın təmin edilməsi məqsədini daşıyan liderlərimizin uzaqgörən siyasəti və yorulmaz səyləri nəticəsində bu gün biz Azərbaycandan Avropa İttifaqına təbii qazın təchiz edilməsinin yeni marşrutunun formalaşmasının şahidi oluruq. Anlaşma Memorandumunun imzalanma mərasimində çıxış edən cənab Prezident İlham Əliyev bildirib ki, “Azərbaycan təkcə enerji sektorunda deyil, digər sahələrdə də Avropanın mühüm və sınaqdan çıxmış tərəfdaşıdır. 1994-cü ildən başlayaraq Azərbaycan qlobal enerji bazarının ən böyük aktyorları ilə rəsmi şəkildə əməkdaşlığa başladı. 1995-ci ildən başlayaraq tərəqqi meyilləri müşahidə edildi. Əgər ölkə iqtisadiyyatı 1994-cü ildə 11,8 faiz kiçilmişdisə, 1995-ci ildə 1,3 faiz artım dərin depressiyanın sonu oldu. Təbii ki, hələ sürətli inkişaf dövrü qarşıda idi və Azərbaycan nefti ilk dəfə 2005-ci ildə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə dünya bazarlarına çıxacaq və külli miqdarda neft gəlirləri ölkənin inkişafında, infrastrukturun bərpasında və sosial imkanların genişlənməsi-büdcə gəlirlərinin artmasında ciddi rol oynayacaqdı. “Əsrin müqaviləsi”nin davamı və onun yaratdığı imkanlar kontekstində 2017-ci ildə Azərbaycan daha bir strateji layihəyə imza atdı. Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən enerji strategiyası 2050-ci ilədək ölkəmizin neft hasilatının stabil şəkildə davam etdirilməsini, dövlət gəlirlərinin artırılmasını və eləcə də qeyri-neft sektorunun inkişafı üçün maliyyə təminatını formalaşdırmaqdadır. İndi artıq Azərbaycan tamamilə fərqli mövqedədir, iqtisadiyyatı inkişaf edir. Ölkəmizin iqtisadiyyatı 1994-cü illə müqayisədə xeyli inkişaf edib. Bu kontekstdə “Yeni Əsrin müqaviləsi” Azərbaycana 3,6 milyard dollar bonusu əldə etmək imkanı verəcək. Qeyd etdiyim kimi, 1994-cü ildə Azərbaycanın dövlət gəlirləri çox az idi. O zaman imzalanan “Əsrin müqaviləsi”nə əsasən, Azərbaycana xarici şirkətlər tərəfindən 300 milyon dollar bonus ödənilmişdi. Ötən müddət iqtisadiyyatımızın inkişaf etməsi və Azərbaycanın mövqeyinin daha da güclənməsi əldə edilən bonusun həcminin 12 dəfə artmasına gətirib çıxartdı ki, bu da nəticə etibarilə ölkəmizə xarici valyutanın daxil olması baxımından vacibdir. Sofiyada imzalanmış Anlaşma Memorandumu 1994-cü ildən Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu enerji siyasətinin uğurla davam etdirilməsinin örnəyidir. Bu anlaşma ilə Azərbaycanın enerji ixracının şaxələndirilməsi mərhələsi başlayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham əliyev mərasimdə çıxış edərək bu sazişi belə qiymətləndirmişdir: “Bu gün imzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qazı ixrac etməyə fürsət yaradacaq. Bu gün Enerji Komissarı xanım Simsonun, Avropa Komissiyasının digər rəsmilərinin və dostlarımızın artıq qeyd etdiyi kimi, Azərbaycan Avropanın, mən deyərdim ki, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır. Sizə məlumat vermək istəyirəm ki, Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya Sazişlərə imza atıb və qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var.” Bərpa olunan və yaşıl enerji əsasında istehsal olunan elektrik ixracı Azərbaycanın enerji strategiyasında yeni era sayıla bilər. Hazırda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə bərpaolunan enerji ilə töhfə verməsi xüsusilə diqqət çəkir. Belə ki, dünya ölkələri tükənməyən və ekoloji təmiz enerjiyə ciddi maraq yaranıb. Son zamanlar dünyada baş verən münaqişələr və iqtisadi kataklizmlər fonunda "yaşıl enerji"nin vacibliyi daha da aktuallaşıb.Gələcəkdə bu enerji növünün gələcəkdə dünya enerji bazarında hakim olacağı güman olunur. Cənab Prezident qeyd etmişdir ki, “Azərbaycanda bərpaolunan enerjinin hesablanmış potensialı təxminən 200 qiqavatdır. Azərbaycan 25 qiqavatdan artıq bərpaolunan enerjinin istehsalı məqsədilə bərpaolunan enerji sahəsində aparıcı beynəlxalq şirkətlərlə müqavilələri və anlaşma memorandumlarını imzalayıb. İlk külək və günəş enerjisi stansiyalarının tikintisi başlayıb. Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavat enerji potensialı mövcuddur. Yaşıl enerjinin əsas ixrac istiqaməti Avropadır. Ulu öndərin əsasını qoyduğu enerji diplomatiyasını müvəffəqiyyətlə davam və inkişaf etdirən cənab Prezident İlham Əliyev bu gün Avropanın enerji xəritəsini yenidən cızmaqla regionda sülhü, ölkəmizdə iqtisadi inkişafı təmin edən Lider olduğunu bir daha təsdiqləmiş oldu. Bəxtiyar Mustafayev, YAP Mingəçevir şəhər təşkilatının sədri Geri dön |