Ana Sayfa > Özəl > Azərbaycan-Bolqarıstan əlaqələri yüksək səviyyədə inkişaf etməkdədir
Azərbaycan-Bolqarıstan əlaqələri yüksək səviyyədə inkişaf etməkdədir28-04-2023, 09:13. Yazar: sevinc1 |
Azərbaycanın milli maraqlar üzərində qurulan çoxvektorlu xarici siyasəti, regional və qlobal əməkdaşlığa verdiyi davamlı töhfələr ölkəmizə beynəlxalq miqyasda böyük nüfuz qazandırıb. Səmərəli multiregional siyasətin məntiqi nəticəsidir ki, dünyada respublikamızla münasibətlərini dərinləşdirmək istəyən dövlətlərin sayı getdikcə artır. Dövlətimizin başçısının son altı ayda Bolqarıstana ikinci dəfə səfər etməsini müxtəlif baxış bucaqlarından dəyərləndirmək mümkündür. Bolqarıstan Avropa İttifaqına (Aİ) üzv dövlətdir. Prezident İlham Əliyevin bəhs olunan səfəri də ilk növbədə Azərbaycan - Aİ dialoqu kontekstində diqqət çəkir. Azərbaycanla Avropa İttifaqı arasındakı siyasi dialoqun yüksək səviyyəsinə uyğun olaraq digər istiqamətlərdə də əməkdaşlıq uğurla inkişaf edir. Bütövlükdə, gündəlik kifayət qədər genişdir və müxtəlif istiqamətləri əhatə edir. Siyasi təmaslar əməkdaşlığın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradır. Tərəflər uzun illərdir ki, müxtəlif sahələrdə birlikdə işləyirlər. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycan və Bolqarıstan iki dost və strateji tərəfdaş ölkələrdir və bir-biriləri ilə daha sıx əməkdaşlıq etmək niyyətindədirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin qarşılıqlı səfərləri bu niyyəti özündə əks etdirir. Vurğulamaq lazımdır ki, ilk növbədə, iki ölkə arasında siyasi əlaqələr inkişaf etməkdədir. Bir ay əvvəl Bolqarıstan Prezidenti Radev Azərbaycanda rəsmi səfərdə olub. Bu fakt ölkələrimiz arasında əməkdaşlıq səviyyəsini göstərir. O, siyasi dialoqun dinamikasını nümayiş etdirir və göstərir ki, Bolqarıstan və Azərbaycan nəinki strateji tərəfdaş, o cümlədən əsl dost ölkələrdir. Liderlər, rəsmilər arasında görüşlər, xüsusilə, enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq təkcə Azərbaycan-Bolqarıstan münasibətlərini inkişaf etdirmir, eyni zamanda, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərini də inkişaf etdirməkdədir. Azərbaycan Prezidentinin Bolqarıstana bu son rəsmi səfəri gələcəkdə iki ölkənin strateji tərəfdaşlığını daha da gücləndirəcək. Sözsüz ki, Bolqarıstanda keçirilən beynəlxalq tədbirdə iştirak edən ölkələrin yüksək təmsilçiləri ilə keçirilən mühüm görüşlər ikitərəfli və çoxtərəfli əlaqələrimizin daha möhkəmlənməsinə xidmət edir. ümumiyyətlə fəxrlə deməliyik ki, bu səfər hədsiz dərəcədə önəmli olmaqla, mərasimdə iştirak edən ölkələrin rəhbərlərinin ölkəmizə və liderimizə qarşı çox yüksək münasibət və mühüm strateji mövqelərin şahidi olduq. Qürurla deməliyik ki, Bolqarıstan səfərini ölkəmizin 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən sonra xarici siyasətimizdəki ən böyük uğurlardan biri hesab etmək olar. Bu rəsmi səfər çərçivəsində Bolqarıstanın, Rumunıyanın, Serbiyanın, Yunanıstanın, Avropa Komissiyasının rəhbərləri və digər yüksək rəsmilərlə görüşlərdə və onların çıxışlarında ölkəmiz, eləcə də möhtərəm Prezidentimiz haqqında səslənmiş yüksək fikirlər hər bir azərbaycanlıda fəxarət hissi oyadır. Bütün bunlar isə həm dövlətimizin, həm də xalqımızın beynəlxalq aləmdə nüfuzunu daha da artıraraq, etibarlı tərəfdaş olduğunu sözdə deyil, əməldə göstərir. Perspektiv planlardan bəhs edilərkən bildirilmişdir ki, bu gün Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Bu ildən başlayaraq qaz Rumıniyaya da çatdırılır. Əgər bütün lazımi interkonnektorlar olarsa, bu ilin sonundan etibarən ölkəmiz Macarıstana və Slovakiyaya qaz təchizatını başlayacaq. Azərbaycan hökuməti Albaniya ilə danışıqlar aparır. Eyni zamanda, Slovakiya “Həmrəylik Halqası”nın üzvü kimi, yaxın vaxtlarda enerji sahəsində tərəfdaşımıza çevriləcək. Azərbaycan qaz təchizatının coğrafiyasını 6 ölkədən, ən azı 10 ölkəyə qədər genişləndirəcək. Ölkəmiz Avropanın qaz bazarında fəaliyyətini daha da genişləndirməyi planlaşdırır. Enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərə nail olmaq üçün lazımi addımları davam etdirməyə hazırdır. Üç əsas enerji infrastrukturu layihəsinin uğurlu tamamlanmasından sonra, yəni – iki neft boru kəməri – biri Xəzərdən Aralıq dənizinə, digəri isə Xəzərdən Qara dənizə gedən boru kəməri və uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizindən sonra, hazırda Azərbaycanın bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində çalışmalar aparılır. Ötən illər ərzində Azərbaycan-Bolqarıstan əlaqələri çox uğurla inkişaf edib. Əldə olunan nəticələr onu deməyə əsas verir ki, iki ölkə arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir, Bolqarıstan və Azərbaycan iki dost ölkə kimi bundan sonra da uğurla əməkdaşlıq edəcəklər və strateji əməkdaşlıq səviyyəsi daha da yüksələcək. Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədr müavini Elşən Əzizov Geri dön |