Ana Sayfa > Seçki 2024 > Gəncədə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş regional konfrans keçirilib

Gəncədə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş regional konfrans keçirilib


27-04-2023, 20:30. Yazar: sevinc1
Gəncədə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş regional konfrans keçirilib

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, YAP Gəncə şəhər təşkilatı, Azərbaycan və Gəncə Ağsaqqallar Şurası, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsi və DİİXİHİ Gəncə şəhər Komitəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illyinə həsr edilmiş regional konfrans keçirilib.
aia.az xəbər verir ki, YAP Gəncə şəhər təşkilatının inzibati binasında reallaşan tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, şəhərin idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Konfransda Dövlət Himni səsləndirilib, daha sonra müasir Azərbaycan dövlətinin banisi, dahi şəxsiyyət Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Konfransı giriş sözü ilə açan Gəncə ŞİH-nin başçısı Niyazi Bayramov bildirib ki, Azərbaycançılıq məfkurəsini milli dövlət ideologiyası səviyyəsinə qaldıran Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində əbədiyaşarlıq qazanıb. Natiq qeyd edib ki, müasir Azərbaycanın şanlı tarixi məhz Uheydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə möhtərəm Prezident cənab İlham Əliyevin 2023-cü ili “Heydər Əliyev İli” elan etməsi xalqımızın öz Ulu Öndərinə məhəbbətinin təcəssümüdür.
Respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Müstəqil Azərbaycanın bu gün Ümummilli Liderin layiqli varisi Prezident İlham Əliyev tərəfindən beynəlxalq aləm və dünyanın aparıcı ölkələri tərəfindən regionun lider dövləti kimi qəbul olunduğunu bildirib.
Çıxış edən digər natiqlər Ulu Öndər Heydər Əliyevin yorulmaz siyasi fəaliyyətindən, xalqına, torpağına olan böyük sevgisindən bəhs ediblər. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev bütün ömrünü mənsub olduğu xalqa, onun inkişafına, minilliklərin süzgəcindən keçib gələn milli-mənəvi dəyərlərin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə çatdırılmasına həsr edib.
Gəncə Dövlət Universitetinin Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadə “Ulu Öndər Heydər Əliyev və Azərbaycanda milli ideilogiyanın formalaşması”, ADAU-nun dosenti, fəlsəfə doktoru Ceyhun Hüseynov “Heydər Əliyev Azərbayçılıq fəlsəfəsində milli birliklə dövlətçiliyin dialektikası” adlı məruzələrlə çıxış ediblər. Xalq artisti Məmmədəli Balayevin ifasında Ulu Öndərə həsr edilmiş şeirlər tədbir iştirakçılarının alqışları ilə qarşılanıb.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhər sakinlərinin qəbulu zamanı onlara, xüsusilə Vətən müharibəsi şəhidlərinin valideynlərinə, qazilərə və müharibə iştirakçılarına göstərdiyi yüksək diqqət və qayğıya görə Gəncə Ağsaqqallar Şurasının Fəxri fərmanıyla təltif edilib.
Sonda tədbir iştirakçılarına Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən çap olunmuş kitablar hədiyyə olunub, xatirə şəkli çəkdirilib.

Azər Tağızadə
Geri dön