Ana Sayfa > Seçki 2024 > Ümummilli Lider Azərbaycan dilinin adını özümüzə qaytardı

Ümummilli Lider Azərbaycan dilinin adını özümüzə qaytardı


27-04-2023, 17:22. Yazar: sevinc1
Ümummilli Lider Azərbaycan dilinin adını özümüzə qaytardı

Dil hər bir millətin, xalqın milli kimliyi, varlığı və ən böyük mənəvi sərvətidir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, ilk növbədə, onun dilində öz əksini tapır. Ana dilimiz qədimliyi, zənginliyi, ahəngdarlığı, acılığı, rəngarəngliyi və səlisliyi baxımından dünyanın seçkin dillərindən biridir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. Lakin Azərbaycan dilinin yaxın keçmişdə ciddi sınaqlarla üzləşdiyini də unutmaq olmaz. Dilimiz zamanla cilalanaraq daha da zənginləşmiş, saflaşmış və uzun inkişaf yolu keçmişdir.
Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində xalqımızın Ümummilli lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. Azərbaycan xalqının xilaskarı olan Ümummilli lider Heydər Əliyev keçən əsrin 60-cı illərin sonundan Azərbaycan Respublikasına rəhbərlik etməyə başladığı ilk vaxtlardan ana dilimizə çox böyük diqqət və qayğı göstərmişdir.
Ana dilini ürəkdən sevən, bu dildə danışmağı ilə fəxr edən Ümummilli Lider bənzərsiz nitqlərində, dərin məzmunlu çıxışlarında dilimizin rəngarəng ifadə vasitələrindən ustalıqla istifadə edirdi.
Ulu öndərin dil haqqında fikirləri onun fəaliyyətinin əsas istiqamətlərindən olmuş, daim diqqətində saxlamışdır. Heydər  Əliyevin  “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” müdrik kəlamı ana dilimizə olan məhəbbət və hər bir soydaşımız üçün örnəkdir.
Azərbaycanın Sovet imperiyasının tərkibində olduğu illərdə “Sovet xalqı” formalaşdırmaq adı altında müxtəlif xalqların dilini, mədəniyyətini, milli kimliyini yox etməyə yönələn siyasət Azərbaycanda da özünü göstərirdi. Ölkədə rəsmi dövlət dili rus dili idi, rəsmi tədbirlərdə bir qayda olaraq rus dilində çıxışlar üstünlük təşkil edirdi. Oxşar vəziyyət özünü radio, televiziya və mətbuatda da göstərirdi. Azərbaycan dilini sevən, ona hörmətlə yanaşan Ümummilli lider Heydər Əliyev dilə münasibəti ilə hər kəsə örnək oldu. 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edən Ulu öndər bir çox ziyalıların cəsarət etmədiyi halda, müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərdi. O, həmçinin, rusdilli məktəblərdə Azərbaycan dilində dərsliklərin daha çox istifadəsinə dair göstərişlər də vermişdi. 
Bunlarla kifayətlənməyən Ulu öndər 1978-ci ildə tarixi bir uğura imza ataraq həmin ildə qəbul olunan Azərbaycan SSR-in növbəti Konstitusiyasında ilk dəfə olaraq, rus dili ilə yanaşı, Azərbaycan dili rəsmi dil statusu əldə etməsinə zəmin yaratdı. 
1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır
Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əzmlə dilimizə, ədəbiyyatımıza, mədəniyyətimizə çox böyük sevgi ilə davam etdirilir. Latın qrafikasında kütləvi nəşrlərin meydana çıxması bunun parlaq göstəricisidir.
Təqdirəlayiq haldır ki, Ümummilli liderin ideyalarını layiqincə yerinə yetirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır.

İsmayılova Günay Asəm qızı
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Geri dön