Ana Sayfa > Özəl > “Fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var.” – Heydər Əliyev

“Fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var.” – Heydər Əliyev


27-04-2023, 17:18. Yazar: sevinc1
“Fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var.” –   Heydər Əliyev

Müəllimə hörmət, ehtiram həmişə olub, bu gün də olmalıdır, gələcəkdə də olmalıdır. Onu da bilmək lazımdır ki, bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən, tutduğumuz vəzifədən asılı olmayaraq bütün nailiyyətlərimizə görə birinci növbədə məktəbə, müəllimə borcluyuq.
Bu gün yaşayan adamlar – yaşlı nəsil, orta nəsil, gənc nəsil – heç kəs müəllimsiz bu səviyyəyə gəlib çatmayıb. Ona görə də hər bir vicdanlı adam, Vətəninə, xalqına bağlı olan hər bir adam, qədirbilən adam müəllimini həmişə qəlbində saxlayır, onu daim hörmətlə yad edir.
Məktəb, müəllimlər Azərbaycanın gələcəyi üçün böyük məsuliyyət daşıyır. Mən əminəm ki, bizim çoxminli müəllimlər ordumuz, məktəblərimiz öz vəzifələrini məhz bu cür qəbul edirlər, öz vəzifələri haqqında bu cür düşünürlər və bu cür də fəaliyyət göstərəcəklər.
Azərbaycan tarixi gərək orta məktəblərimizdə gənclərimizə yaxşı aşılansın. Gənclərimiz öz tarixini, öz tarixi köklərini və öz keçmişini gərək yaxşı bilsinlər. Çünki mənəviyyatımız, gənclərin bugünkü və gələcək mənəviyyatı bununla bağlıdır. Bizim tarixi, mədəni ənənələrimiz gərək orta məktəblərdə tədris olunsun. Çünki tariximizi, tarixi köklərimizi yaxşı bilmədən, onlara hörmət etmədən müstəqil dövlətimizi gələcəkdə yaxşı qura bilmərik.
Azərbaycan dili söz ehtiyatına görə, fikri ifadə etmək imkanlarına görə çox zəngindir. Ancaq lazımdır ki, Azərbaycan dilinin bu zənginliyi, bu böyük imkanları orta məktəbdə ilk təhsilə başlayan hər bir gənc tərəfindən mənimsənilə bilsin və gənclərimiz artıq orta məktəbdə öz dilini – ədəbi dilini, mədəni dilini yaxşı mənimsəsin, öz dilində yaxşı danışa bilsin, öz dilində fikrini ifadə edə bilsin.
Hər bir azərbaycanlı, hər bir Azərbaycan vətəndaşı öz ana dilindən savayı, bir çox dillər bilməlidir. İndi bu, xüsusən lazımdır.

Bütün dərslər, xüsusən humanitar fənlər gərək gənclərimizə Vətənə sədaqət, torpağa sədaqət, vətənpərvərlik ruhu aşılasın, tərbiyə etsin və bunlar hər bir gəncin qəlbində sarsılmaz bir qalaya çevrilsin.
Vətənpərvərlik çox geniş məna daşıyır. Vətənpərvərlik təkcə o deyil ki, gedib Vətəni silahla müdafiə edəsən. İnsan gərək həyatının hər dövründə, fəaliyyətinin bütün sahələrində öz Vətəninin, ölkəsinin qayğısı ilə yaşasın, onun həm iqtisadiyyatının, həm siyasətinin, həm də mədəniyyətinin qayğısı ilə yaşasın.
Gənclərin tərbiyəsində milli, dini adət və ənənələrimizdən istifadə etmək lazımdır. Əsrlərin dərinliyindən bu günə gəlib çatan adət-ənənələrimiz həmişə adamları saflığa, təmizliyə dəvət etmişdir. Milli və dini adət-ənənələrimiz məhz bu prinsiplərə əsaslanır. Bu gün biz də gəncləri paklıq, saflıq, yüksək əxlaq, yüksək mənəviyyat ruhunda tərbiyə etməliyik.

Babayeva Xülya
Azərbaycan Dövlət Pedeqoji Universiteti
Geri dön