Ana Sayfa > Özəl > SSRİ dövründə Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi böyük cəsarət tələb edirdi

SSRİ dövründə Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi böyük cəsarət tələb edirdi


27-04-2023, 13:43. Yazar: sevinc1
SSRİ dövründə Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi böyük cəsarət tələb edirdi

Azərbaycanın 1978-ci ildə qəbul olunmuş Konstitusiyasına Azərbaycan dilinin dövlət dili statusu barədə maddənin daxil edilməsi azərbaycançılıq ideologiyasının möhtəşəm təntənəsi kimi o zaman çox böyük əks-səda doğurmuşdu. Sovetlər Birliyinin sərt mühitində belə bir addımı yalnız Heydər Əliyev kimi böyük dahi, müdrik şəxsiyyət və rəhbər ata bilərdi.
1977-ci il oktyabrın 7-də SSRİ-nin yeni Konstitusiyası qəbul edildikdən sonra Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya Komissiyası Azərbaycan SSR-nin yeni konstitusiya layihəsini hazırladı və ümumxalq müzakirəsinə verdi. Ümumxalq müzakirəsindən sonra 1978-ci il aprelin 21-də Azərbaycan SSR Ali Sovetinin doqquzuncu çağırış, növbədənkənar VII sessiyasında Heydər Əliyev "Azərbaycan SSR Konstitusiyasının (Əsas Qanununun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunları haqqında” məruzə etdi. Bu Konstitusiya SSRİ-nin yeni Konstitusiyası əsasında hazırlansa da, orada respublikanın milli, iqtisadi, siyasi və tarixi xüsusiyyətləri də öz əksini tapmışdı. Heydər Əliyevin bilavasitə təşəbbüsü və mübarizəsi nəticəsində Azərbaycan dilinin dövlət dili olması haqqında müddəa Azərbaycanın 1978-ci il Konstitusiyasına daxil edildi. Konstitusiyanın 73-cü maddəsində göstərildi ki, “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.”  
Ulu Öndər Heydər Əliyev 1995-ci il oktyabrın 31-də Azərbaycan Respublikası Konstitusiya Komissiyasının iclasında demişdi: "Bu maddə Moskvada çox böyük etiraza səbəb oldu. Belə izah edirdilər ki, başqa respublikalarda bu yoxdur, buna ehtiyac yoxdur... Ancaq o vaxt mən Sovetlər İttifaqının rəhbərliyi ilə, Kommunist partiyasının rəhbərliyi ilə çox gərgin danışıqlar apardım. Sübut etməyə çalışdım ki, biz dövlət dilinin Azərbaycan dili olduğunu da öz Konstitusiyamıza yazmalıyıq və yazacağıq”.
Bu siyasətin məntiqi nəticəsi kimi kommunist ideologiyasının tüğyan etdiyi bir vaxtda Heydər Əliyev Azərbaycana milli özünüdərk duyğusu gətirdi. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuş oldu. 
 
Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı. 
 
Çünki Heydər Əliyev yaxşı bilirdi ki, hər bir xalqın milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas təminatçısı, onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. 

Xalqımızın böyük oğlu, ümummilli lideri Heydər Əliyev keçən əsrin 60-cı illərinin sonundan (1969) Azərbaycan Respublikasına rəhbərlik etməyə başladığı ilk vaxtlardan ana dilinə böyük qayğı və diqqət göstərib. Müdrikcəsinə dediyi aşağıdakı ifadələr bu qayğının ən bariz nümunəsidir: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”.

Bayram Həsənəli oğlu
YAP Qaradağ rayon təşkilatının fəalı



Geri dön