Ana Sayfa > Özəl > BÖLGƏLƏRİN İNKİŞAFI HƏM SOSİAL XARAKTER DAŞIYIR, HƏM DƏ ÖLKƏMİZİ GÜCLƏNDİRİR

BÖLGƏLƏRİN İNKİŞAFI HƏM SOSİAL XARAKTER DAŞIYIR, HƏM DƏ ÖLKƏMİZİ GÜCLƏNDİRİR


26-04-2023, 09:37. Yazar: sevinc1
BÖLGƏLƏRİN İNKİŞAFI HƏM SOSİAL XARAKTER DAŞIYIR, HƏM DƏ ÖLKƏMİZİ GÜCLƏNDİRİR

Dövlət başçısı İlham Əliyev Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsində bir daha bəyan etdi ki, Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da özləri üçün başqa yaşayış yeri tapmalıdırlar
Dövlət başçısı İlham Əliyev çıxışlarında, müsahibələrində daim bu məqamı xüsusi qeyd edir ki, keçirdiyimiz iztirablara, ağrılara, bizə əziz olan hər şeyin dağıdılmasına baxmayaraq, biz sülh barədə danışırıq. Bu gün işğaldan azad edilmiş ərazilərimiz erməni vəhşiliklərinin, vandalizminin göstəricisidir. 30 ildə bu ərazilərimizi yerlə-yeksan edən, bütün tikililəri dağıdan ermənilər bu gün həmin torpaqlarda aparılan bərpa-quruculuq işlərini böyük narahatlıq hissi ilə izləyirlər. Bir sözlə, 30 il dağıntı həyatını yaşayan ərazilərimiz iki ildən çoxdur ki, quruculuq mərhələsinə qədəm qoyub. Ermənilərin zaman-zaman Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı və deportasiya siyasəti də tarixin yaddaşlığı, zamanın hakimliyi əsasında geniş təhlil olunur, illərdir necə vəhşi millətlə üz-üzə olduğumuzu bütün dünya görür. Ermənilərin hətta tarixi Zəfərimizdən sonra Kəlbəcəri, Laçını boşaldan zaman hansı vəhşilikləri törətdikləri də dünyanın gözü qarşısında baş verdi. Erməni vəhşiliyinin dünyaya təqdimatı olan Xocalı soyqırımını unuda bilərikmi? Eyni zamanda, çox da uzaq olmayan tarixi, 44 günlük İkinci Qarabağ müharibəsində canları, qanları ilə qəhrəmanlıq dastanı yazan şəhidlərimizi unutmağa haqqımız varmı?
Ermənilərin sülh müqaviləsinin imzalanması prosesinin uzanması üçün təxribatlara əl atdıqları son iki ildən artıq dövrün reallıqları sırasındadır. Öncə 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə Azərbaycan Ordusunun hər gün qazandığı qələbələrin yaratdığı qısqanclıq hissinin nələrə yol açdığını yada salaq. Ermənistan hakimiyyətinin tapşırıqlarına uyğun olaraq erməni silahlı qüvvələri iki dəfə Gəncəni, sonra Bərdə və Tərtəri raket atəşinə tutdular. Törədilən hərbi təxribatlar dünyanın gözü qarşısında baş versə də təəssüf ki, susmaq yeganə çıxış yolu kimi qəbul edildi. 30 ilə yaxın dövrdə ədaləti, beynəlxalq hüququ bir kənara qoyub Ermənistana dəstək göstərən dövlətlərdən belə yanaşmalar gözlənilən idi. 
Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində «Qarabağ Azərbaycandır!» tezisini öndə saxlayaraq bunu tarixi Zəfəri ilə təsdiqlədi. Baxmayaraq ki, həmin dövrlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın sərsəm bəyanatları sırasında «Qarabağ Ermənistandır və nöqtə» ifadəsi xüsusi yer almışdı. Azərbaycan dövləti daim bu sualla dünyaya müraciət edirdi ki, işğalçı adı ilə çağrılmadığı təqdirdə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək nə qədər real görünə bilər? Real olan bu idi ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllini, Ermənistan isə «status-kvo»nu saxlamaq, əbədi etmək istəyirdi. Düşünürdülər ki, əgər 26-27 il ərzində buna nail olublarsa, deməli, bundan sonra da nail olacaqlar. Hesab edirdilər ki, onların havadarları daim onları müdafiə edəcək, onların arxasında dayanacaq, əvəzinə müharibə aparacaqlar. Dövlət başçısı İlham Əliyevin çıxışlarında qeyd etdiyi kimi, ermənilər ümumiyyətlə, hesab edirlər ki, bütün dünya bunlara borcludur. Onlar bu ziyanlı və xəstə təfəkkürlə öz ölkəsini idarə etmək istəyirlər ki, kimsə gəlməlidir, bunlara mütləq kömək göstərməlidir: «Bəs, siz özünüz nəyə qadirsiniz? Əgər hər zaman kiminsə ətəyindən yapışıb hansısa imtiyaz umursunuzsa, bəs, özünüz nəyə qadirsiniz? Bax, bu təfəkkür onların cəmiyyətini də demək olar ki, yanlış istiqamətə aparıb.»

Mələknaz Cəfər qızı
YAP Qaradağ rayon təşkilatının fəalı
Geri dön