Ana Sayfa > Özəl > Cənab Prezident İlham Əliyevin qətiyyəti və xalqımızın birliyi bizi daha böyük qələbələrə aparacaqdır
Cənab Prezident İlham Əliyevin qətiyyəti və xalqımızın birliyi bizi daha böyük qələbələrə aparacaqdır26-04-2023, 09:35. Yazar: sevinc1 |
Azərbaycanı nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə Avratlantika geosiyasi arealında öz sözü və mövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınan dövlətə çevirən Prezident cənab İlham Əliyevin 2003-cü ildən yürütdüyü siyasət dövlət başçısının xalqın, dövlətin gələcək inkişafı ilə bağlı aydın baxışlara malik olduğunu göstərir. İqtisadi-siyasi liberallaşmaya və demokratikləşməyə xidmət edən islahatların dərinləşdirilməsi, Azərbaycanın inkişaf etmiş ölkəyə çevrilməsi, hər bir vətəndaşın layiqli həyat tərzinin təmin edilməsi, ən başlıcası ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpası keyfiyyətcə yeni mərhələdə milli ideyanın mahiyyətində qərarlaşmış praktik məqsədlərdir. Azərbaycanın zəngin təbii sərvətlərindən səmərəli istifadə edilməsinin, respublikanın investisiya cəlbediciliyinin yüksəldilməsinin və digər konseptual əhəmiyyətli tədbirlərin nəticəsi olaraq son illərdə Azərbaycan iqtisadiyyatı təkcə sürətli inkişafla deyil, eyni zamanda yeni keyfiyyət parametrləri ilə özünü təsdiqləmişdir. Ən müxtəlif iqtisadi mərkəzlər respublikanın davamlı iqtisadi yüksəlişi timsalında XXI əsrin yeni iqtisadi fenomenini görür, “İnkişafın Azərbaycan modeli”nin mahiyyətini öyrənməyə çalışırlar. Bu məsələnin mahiyyətində duran əsas amil ölkə başçısı cənab İlham Əliyev tərəfindən İqtisadi inkişaf prioritetlərinin düzgün müəyyənləşdirilməsi ümumi məqsəd və strategiyanın reallaşdırılmasına imkan yaradır, habelə modernləşmənin vacib amilinə çevrilir. Bu prizmadan əminliklə söyləmək olar ki, müstəqil Azərbaycanın son illərdə əldə etdiyi böyük makroiqtisadi uğurlar, ilk növbədə, sistemli və ardıcıl şəkildə gerçəkləşdirilən islahatların nəticəsidir. Cənab Prezidentin regionlara mütəmadi səfərləri, tapşırıqların icrasına birbaşa nəzarət etməsi, xalqla təmaslar bu islahatların həyata keçirilməsində mühüm rol oynayır. Bu günlərdə Neftçala və Salyan rayonlarına səfər edən cənab İlham Əliyev burada bir sıra istehsal sahələri ilə tanış olmuş öz tövsiyələrini vermişdir. Cənab Prezident həyata keçirilən işlərin keyfiyyətindən məmnun qaldığını bildirərək demişdir: “Eyni zamanda, infrastruktur layihələr – bu gün yolun açılışında iştirak etmişəm və iqtisadiyyatın real sektoru, o cümlədən iş yerləri ilə bağlı olan təşəbbüslərimiz, sənayeləşmə ilə bağlı olan təşəbbüslərimiz, ixracyönümlü məhsulların istehsalı ilə bağlı təşəbbüslərimiz, bütün bunlar yerinə yetirilir və bir daha ölkəmizin gücünü göstərir. Yenə də deyirəm, bugünkü səfər bir çox məqamlara aydınlıq gətirir. Yəni, bu gün səfərimdən və səfərin nəticələrindən, gördüyüm mənzərədən çox məmnunam.” “ASAN xidmət” mərkəzlərinin fəaliyyətindən razılığını bildirən ölkə başçısı qeyd etmişdir ki, bu xidmət Azərbaycan brendidir və vətəndaş məmnunluğunun ən yüksək göstəricisi sayıla bilər: “...“ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir. Mən bilmirəm, ikinci belə xidmət var ki, bu qədər insanlar tərəfindən bəyənilsin və eyni zamanda, dünyada artıq ASAN modelini bir neçə ölkə tətbiq edir. Biz bu ölkələrə metodik dəstək veririk. Son illər ərzində, yəni, 10 il ərzində 61 milyon müraciət olmuşdur. Yəni, bu xidmətin yaradılması faktiki olaraq ictimai xidmətlər sahəsində bir inqilab idi, bir dönüş nöqtəsi idi və hazırda 300-dən çox xidmət göstərilir. Beləliklə, “ASAN xidmət” bizim, o cümlədən intellektual məhsulumuzun bir nümunəsidir və eyni zamanda, biz artıq intellektual məhsul ixrac edirik.” Ordu quruculuğu, Qarabağda və Zəngəzurda aparılan bərpa-quruculuq işləri barədə danışan cənab Prezident bildirdi ki. Bu gün Azərbaycan bu işlərin hamısını öz gücü ilə həyata keçirir. Bu gün həyata keçirilən islahatlar, yeni idarəetmə modelinin tətbiqi işimizə mühüm töhfə vermişdir: “Müharibədən sonrakı iki il yarım ərzində də ordu quruculuğu məsələlərinə çox böyük diqqət göstərilib. Tam əminliklə deyə bilərəm ki, bugünkü Azərbaycan Ordusu 2020-ci ildə Zəfər çalmış eyni Azərbaycan Ordusundan qat-qat güclüdür. Ancaq, eyni zamanda, yenə də demək istəyirəm, biz hər bir vəziyyətə hər an hazır olmalıyıq. Ona görə bu sahədə - ordu quruculuğu və müdafiə potensialımızla bağlı olan bütün məsələlər əsas vəzifədir, bu vəzifə və Qarabağın, Şərqi Zəngəzurun bərpası vəzifəsi. Ona görə biz əsas vəsaiti bu istiqamətlərə yönəldəcəyik, lazım olan digər xərclər də aparılacaq. Yəni, bu, bir daha onu göstərir ki, bilirsiniz, indi dünya miqyasında bir çox yerlərdə iqtisadi böhranın, siyasi böhranın, hərbi böhranın hökm sürdüyü bir vaxtda Azərbaycan onsuz da rekord həddə olan öz dövlət büdcəsini daha da artırır və bizim büdcə xərclərimiz bu artımdan sonra, təbii ki, yeni rekord qıracaq və ən azı 36 milyard manata çatacaqdır.” Ermənistanla sülh prosesinin gedişatına toxunan Prezident qeyd etmişdir ki, erməni havadarları və revanşist qüvvələr hələ də bu prosesə mane olmağa çalışırlar. Lakin bu günkü reallıq onların bu ciddi cəhdini puça çıxarır. Çünki Azərbaycan regionda əsas sözü sahibidir.: “Hesab edirəm ki, işin gedişatı bunu göstərir, çünki başqa yol da yoxdur. Biz dəfələrlə bəyan etmişdik ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar. Burada tam sərbəstlik var, bütün demokratik əsaslar təklif olunur. Bu məsələ insan hüquqları əsasında öz həllini tapmalıdır. Bu gün bizim hərəkətlərimiz onu göstərir və niyyətimiz ondan ibarətdir ki, tezliklə sülh müqaviləsi imzalansın, Azərbaycanla Ermənistan arasında bu qarşıdurmaya son qoyulsun.” Bu günlərdə İrəvanda keçirilən çempionatda ermənilərin Azərbaycan bayrağına qarşı həyata keçirdikləri təxribata dair sualı cavablandıran cənab Prezident bu hərəkətin erməniliyin mahiyyətindən irəli gəldiyini bildirərək qeyd etmişdir ki, onların bütün ciddi cəhdlərinə, vurnuxmalarına baxmayaraq Azərbaycan bayrağı bu gün Şuşada, Şərqi Zəngəzurda və Qarabağda dalğalanır və dalğalanacaqdır. Biz sözümüzü döyüş meydanında demişik və lazım gəldiyi təqdirdə bir daha deməyə hazırıq: “Bayraq yandırmaqla onlar ancaq öz çirkin xislətlərini bütün dünyaya nümayiş etdiriblər. Bir daha demək istəyirəm, bunun arxasında dayanan Ermənistan dövlətidir, Ermənistan hökumətidir, Ermənistanda aparılan, uzun illər aparılan, onilliklər ərzində aparılan anti-Azərbaycan kampaniyasıdır, azərbaycanofobiyadır. Bu hadisə sıradan olan hadisə deyil. Onu da demək istəyirəm ki, əlbəttə, bu hadisə bizi sarsıda bilməz, bizim iradəmizə heç bir təsir edə bilməz. Ancaq onlar yaxşı fikirləşsinlər. Bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər.” Son olaraq qeyd edək ki, Möhtərəm Prezidentimiz Azərbaycanın uğurlarından bəhs edərkən həmişə «insan amili, insan kapitalı» anlayışının mahiyyətini diqqətə çatdırır. Bu səfər də cənab Prezidentin siyasətində insan amilinə göstərilən diqqətin, regionların inkişafı üçün həyata keçirilən işlərin davamlılığından xəbər verirdi. Ölkə başçısının güclü Azərbaycan qurmaq yolunda həyata keçirdiyi tədbirlərdən biri olaraq səfər çox mühüm əhəmiyyət daşımışdır. Cənab Prezidentin müsahibəsi isə bir daha göstərdi ki, onun iradəsi və xalqımızın birliyi bizi daha böyük qələbələrə aparacaqdır. Bəxtiyar Mustafayev, YAP Mingəçevir şəhər təşkilatının sədri Geri dön |