Ana Sayfa > Özəl > Hazırda Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır

Hazırda Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır


22-04-2023, 15:04. Yazar: sevinc1
Hazırda Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır

Çətin və ağır keçsə də, Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesi irəliləməkdədir. Ermənistan sülhə məcbur edilir.Son 30 il ərzində regionda əməkdaşlığa və təhlükəsizliyə ciddi təhdidlər yaradan Ermənistan 44 günlük müharibədən sonra da öz təcəvüzkarlıq siyasətindən əl çəkməyib. Müharibədə uğradığı acınacaqlı məğlubiyyəti həzm edə bilməyən bu ölkədə həm hakimiyyətdəki, həm də müxalifətdəki müəyyən qüvvələr revanşist mövqedən çıxış edərək müharibə ritorikası səsləndirirlər. “Bəlkə də, qaytardılar” xülyası ilə yaşayan bu qüvvələr müəyyən manipulyasiyalara əl atır, iki ölkə arasındakı şərti sərhədlər boyunca təxribatlara rəvac verir və yalan ruporunu işə salmaqla beynəlxalq ictimaiyyəti aldatmağa çalışırlar. Ermənistan rəhbərliyi Azərbaycan tərəfindən təqdim olunan beş prinsipdən ibarət sülh paketini qəbul etdiyini bildirsə də, faktiki olaraq əks addımlar atmağa üstünlük verir.
Təbii ki, məğlub Ermənistanın belə davranışları qalib Azərbaycanı qane etmir. Respublikamız o mövqedən çıxış edir ki, regionda davamlı sabitliyə və təhlükəsizliyə nail olmaq, imkanları əməkdaşlığa, iqtisadi inkişafa yönəltmək üçün Ermənistanla sülhə nail olunmalı, sərhədlər delimitasiya və demarkasiya edilməlidir. Azərbaycanın özünün ədalətli, beynəlxalq hüquqa əsaslanan mövqeyini müdafiə etməsi, məqsədlərinə çatması üçün gücü və qətiyyətli siyasi iradəsi var. Respublikamız Ermənistanın təxribatlarına dərhal əks-həmlələrlə cavab verməklə qarşı tərəfə “Dəmir yumruq”un yerində olduğunu xatırladır. Eyni zamanda, sülh prosesinin danışıqlar yolu ilə irəliləməsində ölkəmizin dəyişməz iradəsi ortadadır. Azərbaycan vasitəçilərin səyləri ilə aparılan danışıqlarda fəallıq nümayiş etdirir.
Məğlub Ermənistanın manipulyasiya imkanları tükənməkdədir. Deyə bilərik ki, bu ölkəyə qarşı sülhə məcburetmə tədbirləri yalnız Azərbaycan tərəfdən görülmür. Bu ölkənin danışıqlar masası arxasında əyləşməsini, həm də regionda əməkdaşlığın genişlənməsinə, iqtisadi layihələrin reallaşdırılmasına böyük maraq göstərən vasitəçilər də təkid edirlər. Artıq Ermənistanda axıdılan yalançı göz yaşlarına vasitəçilərdə də inam qalmayıb. Onlar Ermənistanın bəhanələrinə rəğmən, iki ölkə arasında müharibə səhifəsinin bağlanmasına qətiyyətli çağırışlar edərək sülh müqaviləsinin imzalanmasının altenativi olmadığını bildirirlər. Bütün bunların fonunda Ermənistanın sülh razılaşmalarına getməkdən başqa çarəsi qalmayıb. Yuxarıda xatırlatdığımız Zirvə Toplantısı çərçivəsində oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib. Praqada aparılan danışıqların nəticəsi olaraq imzalanan Bəyanatda deyilir ki, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir. Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılığını ifadə edib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq.
Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar.Əvvəllər Ermənistan rəsmiləri müxtəlif ölkələrin və beynəlxalq qurumların iştirakı ilə aparılan danışıqlarda daim Qarabağda yaşayan ermənilərə hansısa “status” verilməsi şərtini irəli sürürdülər. Bu, bir növ ölünün dirildilməsi cəhdlərinə bənzəyirdi. Azərbaycan qətiyyətlə əsaslandırırdı ki, Qarabağda yaşayan ermənilərə hansısa bir statusun verilməsindən, ümumiyyətlə, söhbət gedə bilməz. Azərbaycanın Konstitusiya ilə müəyyən olunmuş unitar dövlət quruluşu var və bunun azsaylı etnik topluma görə dəyişdirilməsi mümkünsüzdür. Qarabağda yaşayan ermənilərlə də Azərbaycan vətəndaşları kimi davranılacaq. Bəhs olunan Bəyanatda Ermənistan lideri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bildirib. Bu, o anlama gəlir ki, Ermənistan Dağlıq Qarabağa olan bütün iddialarından geri çəkilib. Əslində, bunu bütün dünya da belə qəbul edir. Üçtərəfli Bəyanatda və sonrakı mərhələdə vasitəçilərin səyləri ilə imzalanan sənədlərdə “Dağlıq Qarabağ münaqişəsi” və yaxud “status” ifadələrinə, ümumiyyətlə, rast gəlinmir.
İnteqrasiya dövrü yetişib.Hazırda yaranan şərait və bütün şərtlər Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya dövrünün gəlib çatdığını diqtə edir. Əslində, bəhs olunan toplumun-20 minədək erməni əhalisinin böyük əksəriyyətinin buna hazır olduğu barədə siqnallar da gəlməkdədir. Onlar başa düşürlər ki, Dağlıq Qarabağın heç üfüqdə də görünməyən müstəqilliyi siyasi oyunbazlıqdan başqa bir şey deyil. Otuz illik işğal sadə insanların həyatına hansısa bir üstünlüklər gətirməyib, əksinə insanların həyatı ağırlaşıb, onlar daim təzyiq və təhdid altında yaşayıblar. Cinayətkar, separatçı rejimdə təmsil olunanlar isə varlanıblar, özlərinə sərvət toplayıblar. Ermənistandan, digər ölkələrdən və xaricdəki lobbi təşkilatlarından gələn yardımlar, qrantlar məhz onlar tərəfindən mənimsənilir. Belə fikirlər, korrupsiya faktları vaxtaşırı Xankəndində keçirilən mitinqlərdə də səsləndirilir. İnsanlar buradakı separatçı rejimin fəaliyyətindən narazılıqlarının pik həddə çatdığını bildirirlər. Postmüharibə dövründə Qarabağda yaşayan erməni əhalisindən Azərbaycanın müvafiq qurumlarına müraciətlər daxil olub. Həmin müraciətlərdə erməni əhalisinin təmsilçiləri Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olduqlarını bildirirlər.
Ən önəmli məsələlərdən biri ermənilərin əmək bazarına inteqrasiyası ilə bağlıdır. Hazırda Xankəndidə və digər ünvanlarda yaşayan ermənilərin məşğulluğunun təmin olunmasında ciddi problemlər yaşanır. Burada keçmiş sovet dönəmində qurulan müəssisələr işğal illərində dağıdılıb və avadanlıqları satılıb, yeniləri isə yaradılmayıb. Azərbaycan postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı bərpa-quruculuq işlərinə başlayıb. Çoxsaylı layihələrin icrasına işçi qüvvəsi tələb olunur. Azərbaycan pasportu daşıyacaq ermənilərin bu işlərə cəlb edilməsində hər hansı bir problem olmayacaq.
Qafqazda erməni dövlətinin yaradılması beynəlxalq qarşıdurma münasibətləri müstəvisində gerçəkliyini tapan məsələ olmuşdur. Azərbaycan dövlətçiliyi, ərazi təhlükəsizliyi baxımından son dərəcə zərərli olan bir güzəşt erməni federasiyasının təşkili üçün İrəvanın onlara siyasi mərkəz olaraq verilməsi oldu. Azərbaycanın tarixi torpaqlarında dövlət əldə etmələrinə qane olmayan ermənilər qonşularına qarşı yeni-yeni iddialarla qanlı mübarizə aparmışlar. Qarabağın dağlıq hissəsində yaşayan ermənilər 1918-ci il iyulun 22-də onun “müstəqilliyini” elan etməyə cəhd göstərdilər.
İyulun 31-də Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyski İstanbulda olan Azərbaycan nümayəndə heyətinin sədri Məhəmməd Əmin Rəsulzadəyə yazırdı ki, əgər ermənilər Qarabağa iddia ilə çıxış etsələr, o zaman İrəvan və Qazax qəzasının bir hissəsini onlara güzəştə getməkdən imtina etsin. Ermənilərlə razılaşmaya əsasən, Azərbaycanın digər ərazilərinə iddia etməyəcəkləri şərtilə İrəvanın onlara keçməsi nəinki rəsmiləşdi, bundan əlavə Zəngəzur və digər Azərbaycan torpaqlarını mənimsədiklərinə baxmayaraq, Qarabağla bağlı mütəmadi bəyanatlarla çıxış etmiş, zorakı təcavüzdə davam etmişdilər.
Ermənilərin Ənvər paşaya təqdim etdikləri xəritəyə görə onların iddia sərhədlərinə Sürməli, Naxçıvan, Ahalkələk, Ecmiədzin, İrəvan, Borçalı, Qazax, Qarabağ, Zəngəzur, Ordubad qəzaları daxil edilmişdi.
Xarici hərbi qüvvələrin Azərbaycanda həm də siyasi gücə malik olduqları mərhələlərdə ermənilər Qarabağla bağlı müvafiq mövqe nümayiş etdirmişlər. Osmanlı hərbçilərinin köməyi ilə Bakı Cümhuriyyət hakimiyyəti altına keçdikdən sonra Qarabağda erməni yaraqlılarının türk hakimiyyət nümayəndələrindən əfv diləyərək silahlarını təhvil verməsi müşahidə olunur. Qarabağın şəhər və kəndlərində erməni əhali Azərbaycan qoşunlarını duz-çörəklə qarşılayaraq, Azərbaycan təbəəliyini qəbul edir, silahı könüllü təhvil verir, Azərbaycan hökumət qurumlarının bütün sərəncamlarına tabe olmağa hazır olduqlarını bildirirdilər. Türkiyənin dünya müharibəsində məğlubiyyətindən sonra regionu tərk etmək məcburiyyəti və müttəfiq qoşunlarının komandanı V.Tomsonun başçılığı ilə ingilis hərbçilərinin Cənubi Qafqazda yerləşməsi, Bakıda ingilis hərbi general-qubernatorluğunun yaradılması, xristian həmrəyliyinin yenidən dirçəlməsi ermənilərin mövqeyində özünü biruzə verdi. 1918-ci ilin dekabrında Andronik “ingilislərin Qarabağı onun ixtiyarına verməsi haqqında” şayiə yaymağa başlamışdı. Dekabrın 22-də general V.Tomson bu şayiəni təkzib etmişdi.
Artıq 1918-ci ilin payızından etibarən Qarabağla bağlı xarici qüvvə faktorunun təsiri siyasi müstəvidə özünü göstərir. Siyasi və diplomatik fəaliyyətin işlənilən nəticəni təmin etmək əsasından yetərli olmayacağını bildiklərindən erməni separatçıları azərbaycanlılara qarşı etnik təmizləmə-soyqırım əməliyyatını davam etdirdilər. Əhalisinin kütləvi məhvinin qarşısını almaq məqsədilə Azərbaycan Cümhuriyyətinin Daxili İşlər nazirliyi 1919-cu il yanvarın əvvəllərində Şuşa, Cavanşır, Cəbrayıl və Zəngəzur qəzaları əsasında müvəqqəti general-qubernatorluğun yaradılmasını təklif etdi. Həmin qəzalarda müvəqqəti general-qubernatorluğun yaradılması haqqında Azərbaycan hökuməti 1919-cu il yanvarın 15-də qərar verdi. Xosrov bəy Sultanov yanvarın 29-da general-qubernator təyin olundu.
Xüsusi statuslu inzibati təsisat təcrübəsi tətbiq edildi. Belə bir şəraitdə Ermənistan hökuməti Qarabağın dağlıq hissəsinə açıq iddia ilə çıxış etdi və bu Azərbaycan hökuməti üçün gözlənilməz olsa da, iddianı tamamilə əsassız hesab etmiş, yanvarın 31-də cavab notasında Qarabağın tarixən Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bildirmişdi. Ermənistanın Qarabağ general-qubernatorluğunun yaradılmasına etirazını Azərbaycanın suverenliyinə qəsd, onun daxili işlərinə qarışmaq cəhdi kimi qiymətləndirdi. 1919-cu ilin əvvəllərindən etibarən Qarabağın yuxarı hissəsi ilə bağlı 2 dövlət Azərbaycan və Ermənistan arasında qarşılıqlı rəsmi müraciətlər forması yaranır.
XX yüzilliyin sonlarında yenidən Dağlıq Qarabağ iddiası zəminində qanlı hadisələr gedişatında Ermənistanda qalmış azərbaycanlıların son nəfərinədək əzəli yurdlarından zorakılıqla qovulması beynəlxalq səviyyədə diqqətdən kənarda saxlanılır. Ermənistanda (öz əzəli torpaqlarında) daha geniş coğrafiyada əsrlərlə kompakt yaşamış azərbaycanlıların vətənlərinə qayıdıb muxtar idarəçilik statusu ilə təmin edilməsi isə ümumiyyətlə danışıqlar prosesinin predmeti deyildir.
Ermənistan-Azərbaycan münaqışəsinin son mərhələsi prosesinin tərkib hissəsi olduğu halda bu məsələ beynəlxalq vasitəçilərin diqqətini “cəlb etmir”. Dağlıq Qarabağın statusu ilə bağlı ermənilər tərəfindən zəbt edilmiş ətraf Azərbaycan torpaqlarının (həm də Dağlıq Qarabağın Ermənistan Respublikası ilə ərazi bağlılığını geniş ərazidə təmin edən) təhlükəsizlik zolağı kimi təqdim edilməsi Ermənistanın təcavüzkar tərəf kimi etirafıdır. Kütləvi qırğınlar, zorakılıqlar ilə Azərbaycan torpaqlarını ələ keçirən erməni tərəfinə münaqişənin beynəlxalq arenada müzakirəsi sərfəlidir: məsələnin Azərbaycanın daxili işi olaraq həlli variantından daha üstün nəticələrə nail olmaq və bu mərhələdə problemin beynəlxalq normalara müvafiq tərzdə, yəni sivil qaydada həlli müstəvisində Azərbaycanın hərb etmək imkanının qarşısını almaq, həm də qanlı, qəddar davranışdan sonra beynəlxalq hüquq normalarına etimadlı imic yaratmaq.

Zərinə Hümbətova,
Azərbaycan Dövlət Pedaqoji Universiteti, YAP üzvü, Nəsimi rayon gənci
Geri dön