Ana Sayfa > Özəl > İşğaldan azad olunmuş ərazilərin bərpası sürətlə davam edir
İşğaldan azad olunmuş ərazilərin bərpası sürətlə davam edir22-04-2023, 15:00. Yazar: sevinc1 |
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qüdrətli ordumuz 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Ermənistanın 30 il ərzində yaratdığı işğalçı qüvvələri darmadağın etdi və düşmən məğlubiyyətini etiraf edərək ağ bayraq qaldırdı. Düşmənin ağ bayraq qaldırması ilə yanaşı uzun illərdir işğalda olan ərazilər də öz həqiqi sahiblərinə qayıtdı. “Məcburi köçkün” adı altında 30 ilə yaxın yaşamış soydaşlarımız artıq bu ağır yükdən xilas oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz, rəşadətli əsgərlərimiz erməni tapdağında qalan torpaqlarımızı azad etdi, xalqımıza tarixi zəfərdən doğan əvəzsiz qürur hissi yaşatdı. 30 il ərzində erməni vandalları dədə-baba torpaqlarımızda olmazın vandallıqlarını törətmiş, tarix abidələrimizə, milli mədəni irsimizə xeyli ziyan vurmuşlar. Qarabağımızın füsünkar təbiəti talan edilmiş, mədəni, tarixi abidələrimiz dağıdılmışdır. Ermənistan dövləti öz düşmənçiliyini bir daha biruzə verərək minalanmış ərazilərin xəritəsini verməmişdir. İşğaldan azad edilmiş ərazilərimizin böyük iqtisadi potensialı və təbii ehtiyatları var: bu ərazilər həm yerli və xarici investisiyaların cəlbi, həm də əhalinin məşğulluğunun təmin edilməsi baxımından dövlət siyasətinin bir parçası olacaq. 2016-cı il aprel döyüşlərindən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi qısa müddətdə yenidən qurulmuşdur. Bu baxımdan qeyd etməliyik ki, işğaldan azad edilən torpaqların az müddətdə inkişafının uğurlu təcrübələri vardır. Azad edilən rayonlar işğaldan əvvəl üzümçülük, pambıqçılıq, taxılçılıq, heyvandarlıq sahəsində xüsusi paya malik idi. Bu ərazilərin aqrar istehsal və ixrac potensialı kifayət qədər böyükdür. Şuşa, Füzuli, Kəlbəcər və Zəngilan əraziləri böyük turizm potensialına malikdir. Dünyanın ən qədim insan məskənlərindən olan Azıx mağarası Füzuli rayonu ərazisində yerləşir. Bu rayonlarda daxili və xarici turizm imkanları kifayət qədər böyükdür. İsti su mənbələri ilə zəngin Kəlbəcərdə sağlamlıq turizminin inkişaf etdirilməsi, mədəniyyət turizm marşrutlarının bərpa olunması ptioritet istiqamətdir. Təbii sərvətlərin, faydalı qazıntıların işlənilməsi investisiyaların qoyuluşu baxımından böyük perspektiv vəd edir. Son illərdə Azərbaycanın qeyri- neft ixracında qızıl mühüm yer tutur. Həm dünya bazarlarında qızılın qiymətinin yüksəlməsi, həm də bu sahədəki şirkətlərin müasir istehsal texnologiyalarına sahib olması onu deməyə əsas verir ki, işğaldan azad edilmiş ərazilərdə qızıl yataqlarının istismarı yaxın illərdə Azərbaycan iqtisadiyyatına böyük töhfə verəcəkdir. İşğaldan azad olunmuş torpaqlarımızın bərpa prosesində innovativ texnologiyaların tətbiqi müəyyənləşdirilmişdir. Qabaqcıl ölkələrin təcrübəsindən istifadə etməklə həmin ərazilərin tez bir zamanda çiçəklənib, dirçəlib, inkişaf edəcəyinə əminik. Az bir zamanda Qarabağ və bütün işğaldan azad olunmuş ərazilər dirçələcək, bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarına qayıdıb, yaşayıb-yaradacaqlar. İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir Böyük qayıdışın nəticəsi olaraq aparılan bərpa və yenidənqurma işləri işğal olunmuş ərazilərimizə yeni həyat gətirməklə kimliyimizi sübut edəcək. Abidələrin bərpası yalnız bərpaçı mütəxəssislərin layihələndirdikləri bərpa layihələrinə əsasən, müəllif nəzarəti altında aparılmalıdır. Düzgün bərpa və yenidənqurma işləri qədim Qarabağın turizm mərkəzinə çevrilməsinə kömək edəcək. Hüseynli Billurə , Azərbayacan Dövlət Pedaqoji Universiteti Geri dön |