Ana Sayfa > Özəl > Fərhad Qocamanov: Milli iqtisadi siyasətin banisi
Fərhad Qocamanov: Milli iqtisadi siyasətin banisi21-04-2023, 11:52. Yazar: sevinc1 |
İndi Azərbaycan dünyada kifayət qədər tanınan, sürətlə inkişaf edən, güclü iqtisadiyyata malik olan və etibarlı siyasi sabitliyini təmin etmiş müstəqil, qüdrətli bir dövlətdir. Artıq dünya birliyi Azərbaycanı mötəbər kürsülərdən öz sözünü deməyə, öz haqlı mövqeyini bildirməyə və qorumağa qadir, zəngin iqtisadi potensiala malik bir dövlət kimi tanıyır. Müstəqilliyin ilk illərində məlum səbəblərdən bərbad hala düşmüş Azərbaycan iqtisadiyyatında tərəqqiyə nail olunmasında, çox kövrək və zəif dövlət siyasətinin güclü və aparıcı mövqeyə yüksəlməsində, gənc dövlətimizin dünya miqyasında tanıdılmasında Ümummilli Liderimiz Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Ulu Öndərimiz ölkənin inkişaf tələblərini və xalqın mənafeyini dəqiqliklə qiymətləndirməyə qadir, ölkənin mədəni, iqtisadi və təbii resurslarını, potensialını əhalinin rifah halının yaxşılaşdırılmasına və dövlətçiliyin inkişafına yönəltməyi bacaran Şəxsiyyət idi. Heydər Əliyev xalqımızın və dövlətimizin qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan dövlətini qısa bir zamanda hüquqi, dünyəvi, demokratik inkişaf yoluna çıxarmağa qadir olan müdrik dövlət başçısı kimi tarixdə silinməz iz qoyub. Müstəqillik illərində Ümummilli Liderimizin hakimiyyətə dönüşü təlatümlü, xalqımız üçün taleyüklü bir dövrə təsadüf edirdi. Belə ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyevin qarşısında müstəqil Azərbaycanı dünya xəritəsindən silinmək təhlükəsindən, ölkədə hər an baş verə biləcək vətəndaş müharibəsindən xilas etmək kimi məsuliyyətli və tarixi vəzifələr dururdu. Xalqımız çox gözəl bilirdi ki, ölkəni bu vəziyyətdən yalnız və yalnız zəngin siyasi-iqtisadi və idarəçilik təcrübəsinə malik dahi Heydər Əliyev şəxsiyyəti xilas edə bilər. Çünki Ümummilli Liderin uzun illər ərzində qazandığı siyasi təcrübə, idarəçilik bacarığı və doğma vətəninə, xalqına olan dərin məhəbbəti onun bu taleyüklü missiyanın öhdəsindən şərəflə gələcəyi heç kimdə qətiyyən şübhə doğurmurdu. Ümummilli Lider Heydər Əliyevin ölkə əhəmiyyətli nailiyyətlərindən biri də məhz neft və qazla bağlıdır. Azərbaycanın yeraltı və yerüstü sərvətlərinin dünya bazarına çıxarılması, əldə olunan gəlirlə milli büdcənin bərpa edilməsi, möhkəmləndirilməsi, əhalinin sosial səviyyəsinin yüksəldilməsi həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsi idi. 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında müqavilə imzalandı. “Əsrin Müqaviləsi” adlanan bu müqavilə neft sahəsində Ulu Öndər Heydər Əliyevin qazandığı uğurların hələ başlanğıcı idi. Azərbaycan üçün həyati əhəmiyyəti olan bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunması, həm də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı. Heydər Əliyevin özünün də vurğuladığı kimi, “Biz ölkəmizi iqtisadi cəhətdən inkişaf edən ölkə etmək istəyirik. Biz ölkəmizin vətəndaşlarına firavan həyat yaratmaq istəyirik. Biz müstəqil dövlət kimi daim yaşamaq istəyirik. Bütün bu işlər - təkcə neft sahəsində deyil, Azərbaycan iqtisadiyyatının, həyatının bütün başqa sahələrində də gördüyümüz işlər məhz bu məqsədi daşıyır”. “Əsrin müqaviləsi”nin imzalanması ilə yanaşı hasil olunacaq neftin dünya bazarına çıxarılması üçün əlverişli marşrutun axtarılıb tapılması da mühüm əhəmiyyət kəsb edirdi. Ulu Öndər Azərbaycan neft kəmərinin çoxvariantlılığı ideyası ilə çıxış edərək Bakı-Supsa kəmərinin işə salınmasına, eyni zamanda "Əsrin müqaviləsi" çərçivəsində hasil olunacaq əsas neftin nəqli üçün "Bakı-Tbilisi-Ceyhan" neft kəmərinin inşa edilməsi üzrə danışıqların intensivləşdirilməsinə nail oldu. 1999-cu ilin noyabrında Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri, ABŞ-ın dövlət başçısının iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin inşa edilməsinə dair hökumətlərarası saziş imzalandı. Ümummilli Lider Heydər Əliyev həm də, Azərbaycan qazının dünya bazarlarına çıxarılması üçün nəzərdə tutulan və regionun kifayət qədər əhəmiyyətli layihəsi hesab olunan Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin də təməlini qoydu. Eyni zamanda neft gəlirlərinin şəffaf xərclənməsi və gələcək nəsillərə saxlanılması məqsədi ilə Dövlət Neft Fondunun yaradılması da müstəsna rol oynadı. 1999-cu il dekabrın 29-da “Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması haqqında” fərman imzaladı. Məhz Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamı olaraq Azərbaycan Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə demokratik dövlət quruculuğu modelini, öz iqtisadi inkişaf strategiyasını düşünülmüş surətdə həyata keçirərək, yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu gün Azərbaycan böyük iqtisadi-sosial layihələr həyata keçirərək dünyada sınanmış, artıq öz müsbət nəticələrini vermiş mükəmməl iqtisadi-sosial və ictimai-siyasi sistem yolu ilə gedir. Əminliklə demək olar ki, bu gün dövlətimiz Ümummilli Lider Heydər Əliyevin dövlətçilik və siyasi idarəçilik sistemini əsas götürərək cənab İlham Əliyevin rəhbərliyi ilə həyatımızın bütün sahələrində yeni nailiyyətlər, uğurlar qazanır və xoşbəxt gələcəyə doğru inamla irəliləyir. Fərhad Qocamanov YAP Qazax rayon təşkilatının veteranı Geri dön |