Ana Sayfa > Özəl > Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin qorunmasında böyük xidmətləri olub.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin qorunmasında böyük xidmətləri olub.20-04-2023, 15:43. Yazar: sevinc1 |
Hər bir millətin, hər bir xalqın varlığı onun dili ilə bağlıdır. Azərbaycan dili də Azərbaycan xalqının milli sərvətidir və xalqımız, millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı, dilimizi gələcək nəsillərə ötürməlidirlər. 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən ümummilli lider Heydər Əliyev respublikanın iqtisadi, ictimai-siyasi və mədəni-ideoloji həyatında dirçəliş yaratmaqla yanaşı, dil məsələsinə də xüsusi diqqət və qayğı göstərdi. Ulu öndərin ilk gündən yeritdiyi dil siyasəti Ana dilini inkişaf etdirmək, onun dövlət statusunu reallaşdırmaq, dünya dilləri içərisində nüfuzunu artırmaq məqsədini daşıyırdı. 70-ci illərdən etibarən respublikanın müxtəlif ali məktəblərində Ana dili və ədəbiyyatı ixtisası üzrə tələbə qəbulunun həcmi artırıldı, qəbulda Ana dilindən yazılı imtahan ən müxtəlif ixtisaslar üzrə belə məcburi hesab edildi. Tədrisi Azərbaycan dilində aparılan məktəblərin sayı çoxaldıldı. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin 50 illiyi münasibətilə keçirilən mərasimdə respublika rəhbərinin Ana dilində çıxış etməsi əsl tarixi hadisəyə çevrildi. Həmin illərdə görkəmli Azərbaycan yazıçılarının, şairlərinin, elm xadimlərinin yubileyləri keçirilir, respublika rəhbərinin özü Azərbaycan yazıçılarının qurultaylarında iştirak edir, fikir mübadilələri aparırdı. Uzaqgörən rəhbər ziyalılarımızın, xüsusilə, dilçi alimlərin milli sərvətimizlə bağlı sabit, mənəvi, ideoloji mövqeyinin nədən ibarət olduğunu bir daha yəqin edir və bu, Ulu öndərə Ana dili barədə daha fəal dövlət siyasəti yeritmək imkanı verirdi. Həmin siyasətin məntiqi nəticəsi isə 1978-ci ildə Azərbaycan Konstitusiyasında dövlət dilinin Azərbaycan dili olması haqqında maddənin yer alması idi. Bu müddəanın müəllifi Ulu öndər Heydər Əliyev idi. Uzaqgörən dahi şəxsiyyətin qətiyyəti və iradəsi sayəsində Azərbaycan dilinin dövlət dili olması barədə müddəa Konstitusiyanın 73-cü maddəsində öz təsdiqini tapdı. Ulu öndərimiz Heydər Əliyevin müəllifi olduğu 1995-ci il Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin Ana dilimizin- Azərbaycan dili olması fikri xalq tərəfindən dəstəkləndi. Beləliklə də, 1995-ci il Konstitusiyasının 21-ci maddəsində Azərbaycan Respublikasında dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Vurğuladığımız kimi, Ulu öndər Heydər Əliyev Azərbaycan dilinin qorunmasına və inkişafına xüsusi diqqət yetirirdi. 2001-ci ilin 18 iyununda ümummilli liderimiz “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı. Bu tarixi sənəd dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynayırdı. Fərmana əsasən Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılması da nəzərdə tutulurdu. Dünyanın heç bir dövlətində analoqu olmayan belə bir qurumun yaradılması Ana dilimizin tətbiqi işinin təkmilləşdirilməsinə daha səmərəli şəkildə nəzarət etmək və bu prosesi ümummilli maraqlar kontekstində tənzimləmək məqsədi daşıyırdı. 2001-ci il avqustun 9-da Ulu öndər Heydər Əliyev yeni Fərman - “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” mühüm bir sənəd imzaladı. Bu sənəd dilimizin tətbiqi işinin daha mükəmməl səviyyədə həyata keçirilməsinə stimul verdi, yaddaşımıza və milli-mənəvi dəyərlərmizə, eyni zamanda, əlifbamızın beynəlxalq aləmə daha yaxın olan bu qrafika ilə Azərbaycan əlifbasına keçidi sürətləndirdi. Məhz bundan sonra respublikada bütün yazılı sənədləşmələr heç bir istisnaya yol verilmədən bu qrafika ilə aparılmağa başlandı. 2003-cü il yanvar ayının 2-də isə Ulu öndər Heydər Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi. Qanun dövlət dilinin inkişaf proqramının hazırlanmasının və dövlət büdcəsindən ayrılmış vəsait hesabına həmin proqramın həyata keçirilməsinin maliyyələşdirilməsini hökumətin başlıca vəzifələrindən biri kimi qarşıya qoymuşdu. Sənəddə qeyd olunan bütün müddəalar Azərbaycanda dövlət dilinin qorunmasını və inkişafını təmin etməyə qadir çox mükəmməl bir hüquqi sistemin mövcud olduğunu bir daha təsdiqləyirdi. Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla və yüksək səviyyədə davam etdirilməkdədir. Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatı aparatının məsləhətçisi Sevinc Əhədova Geri dön |