Ana Sayfa > Təhsil > Azərbaycanda qəbul imtahanları pullu olacaq

Azərbaycanda qəbul imtahanları pullu olacaq


14-07-2016, 10:59. Yazar: admin



İmtahan xərcləri dövlət büdcəsindən verilməyəcək, hər bir şəxs pulu özü ödəyəcək. BAKU.WS-in məlumatına görə, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə müsahibəsində deyib.

- Dövlət İmtahan Mərkəzinə öz fəaliyyətindən - imtahanların keçirilməsindən gəlir əldə etmək imkanı verilib. Mərkəz bu imkanından nə zamandan istifadə edəcək?

- Ödənişli əsaslarla imtahanların keçirilməsi bu ilə aid deyil. Hər bir kəs imtahan vermək üçün şəxsiyyət vəsiqəsi ilə iş nömrəsi götürür və buna görə dövlətə 2 manat rüsum ödəyir. Bu il aparacağımız bütün imtahanların dövlət rüsumu əvvəl olduğu kimi qalacaq.

- Bu, yalnız ali təhsilin bakalavriat səviyyəsinə qəbul imtahanlarına şamil olunacaq?

- Söhbət müxtəlif növ qəbul imtahanlarından, yəni bütün təhsil pillələrinə qəbul imtahanlarından gedir ki, onlar da pullu olmalıdırlar. Bundan başqa, müxtəlif növ sınaq imtahanları, dövlət qulluğuna qəbul imtahanları - bunlar hamısı yalnız dövlət rüsumu əsasında aparılır. İmtahanların keçirilməsi üçün hər bir şəxsə görə çəkilən xərc bizə dövlət büdcəsindən verilir. İndi isə verilməyəcək. Ona görə də hər bir şəxs pulu özü ödəyəcək. Bir misal göstərim. İyulun 5-də V ixtisas qrupuna və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçirildi. Bu imtahanlarda iştirak etməli olan 40 min nəfərdən 9 mini rüsumu, yəni 2 manatı ödəyib, amma imtahana gəlməmişdi. Biz isə ona həm cavab kartı, həm sual kitabcası hazırlamışdıq, həm də onlar üçün binalarda müəyyən yerlər, nəzarətçilər ayırmışdıq. Həmin şəxslər "İmtahana buraxılış vərəqəsi”ni götürmüşdü. Təbii ki, buna görə də biz onların imtahana gələcəyini gözləyirdik. Amma onlar imtahana gəlməyib. Bu, məsuliyyətsizlikdir.

- Bir şəxsin imtahan verməsi dövlətə necəyə başa gəlir?

- Müəyyən imtahanlarda dövlət bir şəxsə 25 manat pul xərcləyir. Ancaq elə imtahanlar var ki, bu xərc daha çoxdur. Bu, o imtahanlardır ki, orada iştirakçıların sayı az olur. Məsələn, kütləvi imtahanlarla müqayisədə rezidentura imtahanlarının keçirilməsinə daha çox pul xərclənir. Kütləvi imtahanlar olanda xərclənən pul iştirakçıların sayına görə bölünür, ona görə də xərclər bir az azalırdı. Amma elə də böyük imtahan olmayanda - iştirakçıların sayı 1000-2000 nəfər olanda xərclər təbii ki, artır. Biz indi bununla əlaqədar müəyyən arayışlar hazırlayırıq. Bu arayışları müəyyən bir sənəd kimi Tarif Şurasına təqdim etməliyik. Tarif Şurasında bu sənədlərə baxılmalıdır.

- Onda hansısa imtahanlar dövlət hesabına aparılacaq?

- Təbii ki, müəyyən imtahanlar dövlət hesabına aparılmalıdır. Bu, buraxılış imtahanlarıdır. Çünki buraxılış imtahanları yekun attestasiyadır və ölkədə 11 illik təhsil pulsuzdur. Təbii ki, attestasiya da pulsuz olmalıdır. Amma qalan imtahanlar pullu olmalıdır. Buraxılış imtahanlarının da pulsuz olması belədir ki, onun pulunu dövlət ödəyir. Ancaq bundan sonra dövlət hər bir iştirakçıya görə bu vəsaiti bizə hansı formatda ödəyəcək?! Müəyyən işlər var ki, bizə dövlət tərəfindən sifariş olunur. Dövlət tərəfindən sifariş olunan o işləri bizim üçün dövlət maliyyələşdirməlidir. Amma elə xidmətlər var ki, biz onları vətəndaşlara göstəririk. O xidmətlərin bir qismi ödənişli olmalıdır. Ola bilsin ki, dövlət tərəfindən elə bir qərar qəbul olundu ki, o xidmətlərin bir qisminin xərclərini yenə də dövlət öz üzərində saxlayacaq. Bir misal göstərim. Yalnız may ayında 690 mindən çox elektron xidmət göstərmişik. Bu xidmətlər vətəndaşlar üçün pulsuzdur. Biz gələcəkdə də bu elektron xidmətləri vətəndaşlara pulsuzmu göstərməliyik, yoxsa bu xidmətlər də hansısa özünü maliyyələşdirmə mexanizmi əsasında həyata keçirilməlidir?! Təbii ki, biz indi bu məsələləri müzakirə edirik. Heç kim fikirləşməsin ki, bunlar çox sadə məsələlərdir. Biz indi həmin o xidmətləri göstərə-göstərə eyni zamanda, yeni mexanizm də hazırlayırıq. Faktiki olaraq, 2 istiqamətdə iş aparırıq.

- İmtahanlar üçün rüsum artırılarsa, bunun hansı həcmdə olması və nə zamandan tətbiqi nəzərdə tutulur?

- Bunu mən deyə bilmərəm. Çünki bu məsələlərlə əlaqədar araşdırmalar apardıqdan sonra təkliflərimizi hazırlayaraq qanunvericlikdə nəzərdə tutulan qaydada Tarif Şurasına, Maliyyə Nazirliyinə təqdim edəcəyik.

- Dövlət qulluğuna qəbul üçün keçirilən müsabiqədə müsahibə mərhələsinin ləğvinin zəruriliyi barədə fikirlər səsləndirilsə də, bu məsələ qanunvericiliyə daxil edilmədi və yenə də müsahibə mərhələsi saxlanıldı. Müsahibə mərhələsinin saxlanmasına münasibətiniz necədir?

- Qanun necə qəbul olunubsa, elə də icra olunmalıdır. Qanunun icrası ilə əlaqədar şərh vermək istəmirəm.

- Dövlət qulluğuna qəbulla əlaqədar dəyişiklik nəzərdə tutulur?

- "Dövlət qulluğu haqqında” yeni qanun qəbul olunub. O qanunda hansı dəyişikliklər nəzərdə tutulubsa, təbii ki, biz də onu həyata keçirəcəyik. Amma onun həyata keçirilmə mexanizmi elə olmalıdır ki, effektiv olsun. Biz indi bunun üzərində fikirləşirik. Bununla əlaqədar müvafiq işlər aparırıq.

- Mexanizmin hansı formada olması təklif ediləcək?

- Biz indi bunları müzakirə edirik. Bu mexanizm iqtisadi baxımdan effektiv olmalıdır. Bu, həm də elə formatda olmalıdır ki, insanlar bu xidmətdən istifadə edə bilsinlər. Onların əlyetərliliyini artırmaq, gəncləri dövlət qulluğuna hazırlaşdırmaq, dövlət qulluğunda işləmək şanslarını artırmaq üçün imkanları olsun.
Geri dön