Ana Sayfa > Özəl > “ndi biz azad bazar iqtisadiyyatı yolu ilə gedirik

“ndi biz azad bazar iqtisadiyyatı yolu ilə gedirik


20-04-2023, 13:29. Yazar: sevinc1
“ndi biz azad bazar iqtisadiyyatı yolu ilə gedirik

“İndi biz azad bazar iqtisadiyyatı yolu ilə gedirik. Bu formaların hamısı Azərbaycanda öz yerini tuta bilər. Biz bunların heç birinə mane olmayacağıq. Ancaq hansı formalar ümummilli mənafedən Azərbaycan gənclərinin təhsil səviyyəsini qaldıra biləcəksə, yaxşı nəticələr verəcəksə, biz bunlar haqqında düşünməliyik.” 

Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşdə çıxışından (22 sentyabr 1993-cü il);

“Əziz dostlar, əziz gənclər, mən sizə müraciət edirəm, bütün Azərbaycan gənclərinə müraciət edirəm. Azərbaycan torpaqlarını müdafiə edən, qoruyan gənc əsgərlərə müraciət edirəm. Azərbaycanın doğma övladlarına müraciət edirəm. Sizin hamınızı və sizin simanızda bütün Azərbaycan gənclərini səmimi-qəlbdən salamlayıram və bu əlamətdar görüşümüzə görə sizə öz minnətdarlığımı bildirirəm.
Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir. Siz, Azərbaycan xalqının gənc nəsli, bu gün də müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında böyük rol oynayırsınız. Eyni zamanda, müstəqillik yoluna düşmüş Azərbaycan dövlətinin gələcəyinin, xalqımızın daha firavan yaşamasının təməlini qoymaqda iştirak edirsiniz. Buna görə də sizə ümid bəsləyirik. Həm də üzərinizə böyük məsuliyyət düşdüyünü sizə bildirmək istəyirəm. İndi Azərbaycan Respublikası müstəqil dövlət kimi öz dövlətçiliyinin bütün sahələrində çox iş görməlidir. Dünya miqyasında bir müstəqil dövlət kimi yaşamaq, beynəlxalq aləmdə layiqli yer tutmaq üçün Azərbaycan xalqı həm bugünkü potensialından səmərəli istifadə etməli, həm də öz gələcəyi haqqında düşünməlidir. Əgər indi dövlət müstəqilliyimiz, milli azadlığımız körpə uşağın ilk addımlarına bənzəyirsə, bir neçə ildən sonra dövlətimiz, ölkəmiz, xalqımız güclü, iradəli addımlarla irəliləməli, böyük inamla hərəkət etməlidir. Bu isə həm bizdən, həm də ən çox sizdən - Azərbaycanın gənclərindən asılıdır. Ona görə də indi biz müstəqil Azərbaycanın dövlət orqanlarını formalaşdıraraq, müstəqillik prinsiplərini həyata keçirərək həm tarixi ənənələrimizdən istifadə edir, həm dünya təcrübəsindən bəhrələnir, həm də gənclərimizə çox istinad edirik, güvənirik. Gənclərimizin həm güclü enerjisinə, həm gələcəyə olan böyük ümidlərinə, həm də müstəqilliyin bu günümüz, gələcəyimiz üçün dəyərli olduğunu anlamasına istinad edirik.
Respublikamızın ictimai-siyasi, sosial-iqtisadi vəziyyəti sizə məlumdur. Yaxşı bilirsiniz ki, Azərbaycan beş ildən artıqdır müharibə şəraitində yaşayır. Bu müddətdə Ermənistan silahlı qüvvələri tərəfindən respublikamıza qarşı hərbi təcavüz davam edir. Torpaqlarımızın bir qismi düşmən tərəfindən işğal olunmuş, ərazi bütövlüyümüz pozulmuş, müstəqilliyimizə zərbə vurulmuşdur. Bunların nəticəsində respublikamızın əhalisinin bir qismi öz evindən-eşiyindən, yerindən-yurdundan, doğma torpağından, kəndindən, obasından, şəhərindən məhrum olmuş, qaçqın düşmüş və ağır şəraitdə yaşayır. Ümumiyyətlə, respublikanın əhalisi ağır sosial-iqtisadi, ictimai-siyasi şəraitdə yaşayır.
Şübhəsiz ki, əsas vəzifəmiz müharibəyə son qoymaq, işğal olunmuş torpaqlarımızı geriyə qaytarmaq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, yerlərindən didərgin düşmüş, qaçqın olmuş Azərbaycan vətəndaşlarını öz evlərinə, öz yurdlarına qaytarmaqdır. Xalqın sosial-iqtisadi vəziyyətində azacıq da olsa müsbət dəyişikliklər yaratmaq, iqtisadiyyatdakı dağıntıların qarşısını almaq, zəngin təbii sərvətlərimizdən, böyük iqtisadi, intellektual potensialımızdan səmərəli istifadə etmək - bunlar hamısı qarşımızda duran əsas vəzifələrdir. Yəni həm dövlət orqanları, həm də cəmiyyət qarşısında, hər bir vətəndaş qarşısında duran vəzifələrdir.
Düzdür, müharibəni Azərbaycan xalqı başlamayıbdır. Müharibə bizim respublikanı dağıtmaq, onun torpaqlarının bir hissəsini qəsbkarlıqla ələ keçirmək niyyəti ilə qonşu Ermənistan dövləti tərəfindən başlanmışdır. Ancaq eyni zamanda bu elə bir böyük müharibə deyildir ki, beş il müddətində ona əncam, çarə tapılmasın, son qoyulmasın. Demək istəmirəm ki, bu, asan məsələdir. Bu müharibə təkcə Ermənistanla Azərbaycan arasında gedən müharibə deyil. Bu müharibəyə böyük xarici qüvvələr qoşulmuşdur. O, böyük siyasi proseslərlə bağlıdır. Bu müharibə başıbəlalı Azərbaycanı parçalamaq, yenidən dağıtmaq məqsədi güdən böyük siyasi qüvvələr tərəfindən başlanıb. Ancaq eyni zamanda bu məsələlərin həllinə ağılla, səriştə ilə yanaşılsaydı, şübhəsiz ki, biz belə fəlakətli, faciəli nəticələrə gəlib çıxmazdıq. Nə etməli, görünür, taleyimiz belə imiş. Amma bu, təkcə tale ilə bağlı deyil. Bütün bunlar, şübhəsiz, obyektiv səbəblərdən çox, subyektiv səbəblərlə bağlıdır, Azərbaycanda rəhbər dairələrin dövlət, millət, xalq haqqında düşünməmələrinin nəticəsi olmuşdur və indi biz bunların əzab-əziyyətini çəkirik, Azərbaycanı bu vəziyyətdən çıxarmağın yollarını arayırıq. Güman edirəm ki, vəziyyətimiz nə qədər ağır olsa da, nə qədər faciəli bir şəraitdə yaşasaq da bədbinliyə uymamalıyıq. Azərbaycan xalqını əsrlər boyu yaşadan, bu günə qədər gətirib çıxaran onun gələcəyə həmişə nikbinliklə baxması olmuşdur. Nikbinlik əhval-ruhiyyəsi, özündə olan gücü, qüdrəti yeri gələndə son həddə qədər toplayıb hərəkətə gətirmək imkanları - bunlar Azərbaycan xalqını həmişə ağır vəziyyətlərdən çıxarmışdır, güman edirəm ki, indi də çıxaracaqdır. Bir sözlə, mən istəyirəm siz gənclərdə həm düşdüyümüz vəziyyət haqqında düzgün təsəvvür olsun, həm də inam olsun, ümid olsun, nikbinlik olsun. İnam, iradə, güc, qüdrət, daxili mənəviyyat - bunlar bizim xalqa xas olan keyfiyyətlərdir. Buna görə də mən xalqımızın qüdrətinə də, cəsarətinə də, mətanətinə də inanıram.
İndi biz azad bazar iqtisadiyyatı yolu ilə gedirik. Bu formaların hamısı Azərbaycanda öz yerini tuta bilər. Biz bunların heç birinə mane olmayacağıq. Ancaq hansı formalar ümummilli mənafedən Azərbaycan gənclərinin təhsil səviyyəsini qaldıra biləcəksə, yaxşı nəticələr verəcəksə, biz bunlar haqqında düşünməliyik.
Mübaliğəsiz demək olar ki, indiyədək mövcud olan təhsil sistemi Azərbaycan xalqına çox böyük nailiyyətlər gətirmişdir. Azərbaycanda indi hamı savadlıdır, savadı olmayanlar tək-təkdir. Orta məktəbdə təhsil almaq hamı üçün açıq olub və heç kəs ondan məhrum edilməyib. Bunun özü böyük bir nailiyyətdir. Azərbaycan heç də böyük respublika deyil. Amma mənim xatirimə gəlir, burada 16 ali məktəb fəaliyyət göstərirdi. Təsəvvür edin, 1919- cu ildə Azərbaycanda ilk dəfə Bakı Dövlət Universiteti yaranıb. Azərbaycan Demokratik Respublikası bu universiteti yaratmaq üçün professorları, müəllimləri Rusiyadan dəvət etmişdi. Bakı Universitetində elmi təhsilin əsasını da bu adamlar qoydular. İndi siz fikir verin, 1920-ci ildən sonrakı dövrdə Azərbaycanda 16 ali məktəb yaranmışdır. Doğrudur, onların çoxu institut idi. İndi onlara universitet, akademiya adı veriblər. Ancaq adı dəyişdirməklə məzmun dəyişmir. Əgər adlar kimi məzmun da dəyişsəydi, təhsil səviyyəsi qalxsaydı, elm səviyyəsi qalxsaydı, mən bu dəyişikliklərin hamısına afərin deyərdim. İndi də etiraz etmirəm. Ad nə olur-olsun, əsas məzmundur. Əsas məsələ təhsilin səviyyəsidir, nəticəsidir, o təhsil ocaqlarında elmin səviyyəsidir, elmin nailiyyətidir. Təəssüf ki, indi bunlarla o qədər də fəxr edə bilmərik.
Son illər təhsil, elm sistemində nəinki irəliləyiş yoxdur, hətta çox hallarda geridə qalmışıq, geriləmişik. Gənclərin təhsil alması əsas məsələdir. Çünki biz müstəqil Azərbaycan Respublikasında bundan sonra da xalqımızın ümumi təhsil səviyyəsinin yüksəlməsini qarşımıza əsas vəzifə kimi qoymuşuq. Ümumi təhsil məsələsi xalqın mentalitetidir, dünya xalqları ilə müqayisə olunacağı səviyyədir. Bu isə gənclərin təhsili ilə - həm orta təhsili, həm də ali təhsili ilə sıx bağlıdır. Ona görə də biz bu sahəyə çox fikir verməliyik. Güman edirəm ki, gənclərimiz özləri də çalışacaqlar ki, bütün imkanlardan istifadə edib yaxşı təhsil alsınlar.
Məlumdur ki, qanun pozuntularında, cürbəcür mitinqlər keçirilməsində əsasən gənclər iştirak edirlər. Mən güman edirəm ki, sağlam düşüncəli, sağlam fikirli, sağlam əxlaqlı, sağlam əhvali-ruhiyyəli gənclər Azərbaycan Respublikası gənclərinin böyük əksəriyyətini təşkil edirlər. Buna görə də sağlam düşüncəli, sağlam fikirli gənclər öz yolundan sapmış gəncləri düz yola çəkməli, düz yola çağırmalı, ayrı-ayrı qanunsuz hərəkətlərdən uzaqlaşdırmalı və respublikada, o cümlədən Bakı şəhərində əmin-amanlıq yaranmasına çalışmalıdırlar. Arzu edirəm ki, gənclər, eləcə də bu salona toplaşan gənclər bu işimizdə bizə kömək etsinlər. Çıxışımın sonunda bir daha bildirirəm ki, sizinlə görüşdən məmnunam. Siz burada prezident seçkilərindən danışdınız. Əgər məni Azərbaycan Prezidenti seçmək istəsəniz, mən bu vəzifəni üzərimə götürməyə məcburam. Lakin mən dünən ziyalılar qarşısında çıxışımda da demişəm, sizə, gənclərə də, - hamınıza öz övladlarım kimi baxıram və hər birinizi şəxsən özümə övlad bilirəm - sizə də deyirəm ki, mən vəzifə hərisi deyiləm, Azərbaycana, Bakıya bir daha vəzifə tutmaq üçün gəlməmişəm. Mənim qəlbim əvvəllər də, indi - xalqın bu ağır vəziyyətə düşdüyü vaxtda da xalqla olubdur. Indi isə xalqın iradəsi ilə bu vəzifəni üzərimə götürmüşəm. Əgər mənim üzərimə yeni bir vəzifə də qoymaq istəsəniz, əgər bu, sizin istəyiniz, sizin iradəniz olsa, mən sizin iradənizə tabe olacağam. Sizin hamınıza həyatınızda səadət, xoşbəxtlik, gələcək işlərinizdə uğurlar, yaxşı təhsil və yeni-yeni nailiyyətlər arzulayıram. Sağ olun.”

Azərbaycan Dövlət Pedaqoji Universiteti
İsalı Arzu Oruc


Geri dön