Ana Sayfa > Gündəm / Özəl > Zərifə xanım Əliyevanın əziz xatirəsi xalqımızın qəlbində yaşayır, nurlu obrazı bu gün də davamçılarının yolunu işıqlandırır

Zərifə xanım Əliyevanın əziz xatirəsi xalqımızın qəlbində yaşayır, nurlu obrazı bu gün də davamçılarının yolunu işıqlandırır


17-04-2023, 08:45. Yazar: sevinc1
Zərifə xanım Əliyevanın əziz xatirəsi xalqımızın qəlbində yaşayır, nurlu obrazı bu gün də davamçılarının yolunu işıqlandırır

Hər bir millət üçün fəxr olunası haldır ki, mənsub olduğu millətin tarixində unudulmaz şəxslər yaşayıb, yaradıb. Elə şəxslər ki, onların xalqı qarşısındakı xidmətləri əvəzolunmazdır. Belə insanlar həmin zirvəni qeyri-adi əməksevərliyi, təmənnasız xeyirxahlığı, fitri istedad, nadir bilik və qabiliyyətləri hesabına fəth edirlər. Məhz belə insanlardan biri də humanist insan, görkəmli ictimai xadim, oftalmoloq-alim Zərifə xanım Əliyevadır.
Sıravi həkimlikdən akademikliyə qədər yüksəlmiş Zərifə xanım oftalmologiya elminin inkişafına dəyərli töhfələr verib, bu sahə üzrə yüksək ixtisaslı kadrlar yetişdirilməsinə böyük əmək sərf edib. Akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir.
Bütün bu uğurların kökündə isə akademik Zərifə Əliyevanın aldığı həyat dərsi dayanırdı. Doğulub boya-başa çatdığı mühitin onun taleyində həlledici rolu olub. Zərifə xanım 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində, dövrünün görkəmli dövlət xadimi, mahir səhiyyə təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya göz açmışdı. Atası Əziz Əliyev rektor, nazir, Mərkəzi Komitənin katibi, Baş nazirin müavini kimi yüksək vəzifələrdə çalışmış, dərin intellekti və təşkilatçılıq bacarığı ilə böyük nüfuz qazanmışdı. Onun enişli-yoxuşlu həyatının bütün mərhələləri əslində övladları üçün həyat məktəbi idi. Belə bir ailədə böyüyən Zərifə xanım təbii ki, səmimiyyəti, insanlara sevgisi ilə başqalarından seçilirdi. Bu nəslə və ailəyə məxsus ziyalılıq, əməksevərlik, doğma ocağa, xalqa və vətənə bağlılıq kimi nəcib xüsusiyyətlər onun həyatında öz təcəssümünü tapmışdı. Atasının yolunu davam etdirməyi, gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə həmin institutu əla qiymətlərlə bitirir. Oftalmologiya peşəsinə yiyələnmək arzusu isə gənc mütəxəssisi Moskva şəhərinə aparıb çıxarır və o, Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ikiillik ixtisasartırma kursu keçərək həkim-oftalmoloq ixtisasına yiyələnir.
XX əsrin qırxıncı illərinin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Moskvadan Bakıya qayıdan Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur. Çox keçmədən Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail olur. Tədqiqatlarının yekunu olaraq 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edir. Onun təklif etdiyi müalicə metodu tezliklə geniş təcrübi tətbiqini tapdı və nəticədə respublikada traxoma bir xəstəlik kimi ləğv olunur.
Görkəmli alim sonra fəaliyyətini Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasında davam etdirir. Burada dosent, professor, kafedra müdiri vəzifələrində işləyir, oftalmologiyanın aktual problemlərinə həsr edilmiş çoxprofilli tədqiqatlar aparır. Həmin dövrdə Zərifə xanım oftalmologiyanın aktual problemlərinə xüsusi diqqət yetirirdi. Bu problemlər arasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tutur. Onun diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – görmə orqanının peşə patologiyası cəlb edir. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə deyil, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin elmi şəkildə tədqiqi ilə əlaqədar idi. Zərifə xanım bu sahənin ilk tədqiqatçısı olub. Görkəmli alim dünyada ilk olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoyub. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Z.Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülür. O, həmin mükafata layiq görülən ilk qadın alim idi.
Dünya oftalmologiya elminin tanınmış simaları Zərifə xanım Əliyeva haqqında həmişə yüksək fikirdə olublar. Akademik A.Nesterov deyirdi: “Zərifə Əliyeva böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm”. Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun direktoru K.Trutneva Zərifə xanımın elmi-tədqiqatlarının səciyyəvi xüsusiyyətlərini yüksək dəyərləndirərək yazırdı: “Bu cür tədqiqatlar həcminə və vacibliyinə görə seçilsə də, çox zəhmət tələb etsə də, sosial-iqtisadi baxımdan əvəzsizdir. Bu nadir tədqiqatlar nəticəsində zərərli istehsal sahələrində çalışanların iş şəraitini yaxşılaşdırmaq üçün metodiki tövsiyələr işlənib hazırlanmış, istehsalata tətbiq edilmişdir. Zərifə xanımın apardığı tədqiqatların əsas mahiyyəti də məhz bundan ibarətdir”. Tibb elmləri doktoru, professor Z.Skripniçenko alimin elmi fəaliyyətinə belə qiymət verirdi: “Zərifə xanımın elmi maraq dairəsi çox geniş idi. O, bir ümumi dəftərə yeni kitab üçün nəzərdə tutduğumuz fikirləri qeyd etmişdi. Bunlar əsasən toksik kataraktalara və toksik qlaukomalara həsr olunmuş elmi işlərdən, tələbələr və oftalmoloq həkimlər üçün nəzərdə tutulan məruzələrdən ibarət idi”.
Zərifə Əliyeva həm də ölkəmizdə böyük ictimai xadim kimi qəbul olunmuşdur. Zərifə xanımın obrazını canlandırarkən onun sadəqətli olması mütləq ön sırada gəlmişdir. O, Əziz Əliyevin ocağında qazandığı sədaqət andını Heydər Əliyev kimi görkəmli dövlət xadiminin sədaqətli yoldaşı olmaqla, bütün dünyanın gözü qarşısında isbat etmişdir. Zərifə xanım Əliyevanın çoxcəhətli fəaliyyəti ölkəmizdə hər zaman yüksək qiymətləndirilmişdir. O, “Əməkdar elm xadimi” adına, “Qırmızı əmək bayrağı ordeni”nə layiq görülmüş, o zaman üçün əlçatmaz sayılan “Averbax” mükafatının Azərbaycana gətirilməsinin mümkünlüyünü sübut etmişdir. Milli Oftalmologiya Mərkəzi Zərifə xanım Əliyevanın adını daşıyaraq ölkəmizin nüfuzlu tibb mərkəzlərindən biri kimi inkişaf etmişdir. Akademiyada Zərifə xanımın adına mükafat təsis olunmuşdur. Bakıda məktəb-lisey Zərifə xanımın adını daşıyır. Ən başlıcası isə Zərifə xanım Əliyeva Heydər Əliyev kimi görkəmli siyasi xadimin həyat yoldaşı, XXI əsrdə Azərbaycanın Zəfər tarixinə adını yazdırmış Prezident İlham Əliyevin anasıdır.
Əsilzadə ailəsində gözəl tərbiyə aldığını deyən Zərifə xanım Ulu Öndərin həm Dövlət Təhlükəsizliyi Komitəsində, həm Azərbaycana rəhbərlik etdiyi dövrdə, həm də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi gecə-gündüz işlədiyi dövrdə ailəsinin üzərinə düşən kişi yükünü Zərifə xanımın zərif çiyinlərinin üzərində daşıdığını bildirib: “Azərbaycan qadını üçün əsl mükafat ailəsinin möhkəm olması, gözəl övladlar böyütməsi, ailədə mehribançılıq, sədaqət və səmimiyyət olmasıdır. Zərifə xanım ailədə buna nail olub. Qadının ən böyük funksiyası övlad tərbiyə etməkdir və Zərifə xanım ailədə övlad tərbiyəsi olmağın məktəbinin nümunəsini yaradıb. Zərifə xanımın tərbiyə etdiyi övlad bu gün Azərbaycan xalqının xilaskarına çevrilib, Azərbaycan torpaqları işğaldan azad olunub, xalqımızın milli-mənəvi qürurunu özünə qaytarıb. Prezident Azərbaycan xalqının bütün istəklərini həyata keçirdi və onun fəaliyyətində də Zərifə xanımın zəhməti, əməyi var. Bu böyük alimin əziz xatirəsi xalqımızın qəlbində yaşayır, nurlu obrazı bu gün də davamçılarının yolunu işıqlandırır.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri

Geri dön