Ana Sayfa > Manşet / Siyasət / Özəl / İdman > Cəsarət Əhmədovun idmançılara, məşqçilərə və nümayəndələrə müraciəti

Cəsarət Əhmədovun idmançılara, məşqçilərə və nümayəndələrə müraciəti


15-04-2023, 18:34. Yazar: sevinc1
Cəsarət Əhmədovun idmançılara, məşqçilərə və nümayəndələrə müraciəti

Əziz idmançılar, əziz dostlar!

İlk növbədə mən sizlərə 29-30 aprel tarixlərində keçiriləcək Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ümumrespublika turniri barədə bəzi məlumatlar təqdim etmək istəyirəm. Bilirsiniz ki, Azərbaycan Qol Güləşi Federasiyası təsis olunduğu ilk gündən öz fəaliyyətini Dünya Armrestlinq Federasiyasının (WAF) qanunları əsasında qurur. Məqsədimiz də məhz WAF xətti ilə keçirilən beynəlxalq yarış və turnirlərdə, Avropa və dünya çempionatlarında yüksək nəticələr əldə etməkdir. O cümlədən, qarşıdan gələn növbəti Avropa çempionatına xüsusilə yuxarı çəki dərəcəsində idmançılarımızın hazırlıq səviyyələrinin daha da yüksəldilməsi məqsədilə, federasiya rəhbərliyi qərara gəlib ki, 29-30 aprel tarixlərində keçiriləcək turnirdə 100 kq, 110 kq və (+110) kq çəki dərəcələri birləşdirilərək (+90) kq çəki dərəcəsi kimi təsnif olunsunlar. Belə bir qərarı qəbul etməkdə məqsəd budur ki, ağır çəki dərəcəsində çıxış edən idmançılarımız Avropa çempionatına daha hazırlıqlı olsunlar və onların yüksək nəticə əldə etmək şansları daha çox olsun. Qeyd edim ki, mən yuxarı çəki dərəcəsində qaliblər üçün nəzərdə tutulan pul mükafatının məbləğini də artırmışam və artıq (+90) kq çəki dərəcəsində 1-ci yer üçün idmançı hər qola görə 200 manat, 2-ci yer üçün hər qola görə 100 manat məbləğində mükafat alacaqdır. 3-cü yeri tutan idmançılara “İronmaxx” idman qidaları təqdim olunacaq.

Mən çox istəyirəm ki, bütün idmançılarımız, həmçinin rəsmi qol güləşi yarışlarında iştiraklarına qadağa qoyulmuş idmançılarımız da yenidən sıralarımıza qatılsınlar və onların həm ölkədaxili, həm də beynəlxalq yarışlarda iştirak etmək hüquqları bərpa olunsun. Həmin idmançılar bundan sonra yalnız rəsmi yarışlarda iştirak etsinlər və qeyri-qanuni yarışlardan uzaq olsunlar. Belə niyyəti olan idmançılar federasiyaya müraciət edərək müvafiq ərizə forması ala və onu doldurub imzaladıqdan sonra yenidən federasiyaya təqdim edə bilərlər. Necə ki, bir müddət əvvəl Tərxan Müzəffərov bu addımı atdı və indi o, gənclər arasında ən ağır çəkidə Avropa çempionudur. Bundan sonra həmin idmançılar ölkədaxili yarışlarda, o cümlədən 29-30 aprel tarixlərində keçiriləcək turnirdə iştirak etmək hüququ əldə edəcəklər. Onların beynəlxalq yarışara buraxılmaları məsələsinə isə yenidən baxılacaq. Biz hamımız bu yolla WAF birliyini, bütövlüyünü qorumalıyıq. Çünki yalnız bu halda qol güləşi olimpiya idman növləri siyahısına salına bilər. Mən əminəm ki, bu baş verəcək. Ola bilsin ki, biz bunu görək, ola bilsin ki, görməyək. Amma bu, mütləq baş verəcək.

Həmçinin mən bundan da əminəm ki, çox yaxın gələcəkdə bizim qol güləşçilərimiz də digər idman növlərinin təmsilçiləri kimi, Avropa və dünya çempionatlarında əldə etdikləri yüksək nəticələrə görə dövlətimiz tərəfindən mükafatlandırılacaqlar. İnanıram ki, Gənclər və İdman Nazirliyi tərəfindən də nəhayət ki, ədalətli qərar qəbul ediləcək, idmançılarımızın fikir və rəyləri də nəzərə alınacaq və federasiyamız bu yaxınlarda akkreditasiyadan keçiriləcək, eləcə də dövlətimiz tərəfindən bizə ayrılan büdcə şəffaf və ədalətli şəkildə federasiyamızın hesabına köçürüləcək. Çünki AQGF-nın akkreditasiyadan keçirilməməsinə heç bir əsas yoxdur. Bütün sənədlərimiz də qaydasındadır, fəaliyyətimiz də göz qabağındadır. Federasiyamızın respublikanın bütün rayon və bölgələrində 35 nümayəndəliyi, 2000-ə yaxın idmançısı, o cümlədən 500 nəfərdən artıq peşəkar idmançısı vardır. Mütəmadi olaraq Bakı birinciliyi, Ölkə birinciliyi və çempionatı, ölkə kuboku yarışları yüksək səviyyədə keçirilir. İdmançılarımız Avropa və dünya çempionatlarında uğurla çıxış edir, ən yüksək nəticələrə imza atırlar. Bu arada mən federasiyamızın akkreditasiya məsələsi ilə bağlı yüksək aktivlik göstərən bütün idmançılarımıza, nümayəndə, hakim və məşqçilərimizə bu birlik və həmrəyliyə görə səmimi təşəkkür edirəm. Həmçinin beynəlxalq dərəcəli hakim Kamran Qurbanova Avropa çempionatına seçim turunu ədalətli şəkildə və yüksək səviyyədə keçirdiyinə görə xüsusi minnətdarlığımı bildirirəm.
Hamınız bilirsiniz ki, düzgün, dürüst, xalqını sevən, dövlətinə sədaqətli, ölkəmizin himnini səsləndirən, bayrağını qaldıran vətənpərvər idmançılar mənim üçün ən doğma, ən əziz insanlardır. Bunu da bilirsiniz ki, mən federasiya prezidenti kimi 15 illik fəaliyyətim ərzində hər zaman gənclərimizin ədalətli, demokratik və vətənpərvər olmaları üçün çox səylər göstərmişəm, çalışmışam, əziyyət çəkmişəm. Mən bunu hər zaman öz missiyam bilmişəm.

Müasir müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyev Azərbaycan gəncliyini hər zaman xoşbəxt, sağlam, vətənpərvər və güclü görmək istəyirdi. Yalnız o zaman dövlət güclü olur ki, onun vətənpərvər gəncliyi, vətənpərvər milləti olsun. Azərbaycan öz gücünü 44 günlük Vətən müharibəsində göstərdi. Bu gün bizə bu güc hər zaman olduğundan daha çox lazımdır. Çünki hələ də Azərbaycana xor baxan, uğurlarımızı gözü götürməyən qüvvələr, eləcə də ərazilərimizə iddialı olam ermənilər var. Bu düşmənlərin qarşısında dura bilmək üçün də Azərbaycan xalqı bir olmalı, bütöv olmalı, vətənpərvər olmalıdır. Ulu Öndər Heydər Əliyev bu dövləti ondan ötrü qurub-yaratdı ki, ləyaqətli insanlar layiq olduqları yerlərdə otursunlar və Vətənə, xalqa, dövlətə şərəflə xidmət etsinlər. Yalnız bu zaman heç bir xarici ölkə vətəndaşı bizə qarşı qərəzli addım ata bilməz. Bizim də borcumuz bu Vətəni, ölkəmizi və dövlətimizi qorumaq, gələcək nəsillər üçün daha da gücləndirmək və inkişaf etdirməkdir.

Buna görə də biz ilk növbədə öz federasiyamızı daha da möhkəmləndirməli və gücləndirməiyik. Biz hər zaman Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bir əmri ilə istənilən xarici düşmənlə üz-üzə gəlməyə, döyüşməyə və həmin düşməni məhv etməyə hazır olmalıyıq. Bizim bir yolumuz, bir əqidəmiz var və biz əlimizdən gələni etməliyik ki, Ulu Öndər Heydər Əliyevin siyasəti, ideyaları daim yaşasın. Bizim yolumuz Ulu Öndərin yoludur, dövlətçilik yoludur və xalqa ləyaqətli xidmət yoludur. Heç bir qüvvə federasiyamızı sarsıda bilməz, bizi bu yoldan yayındıra bilməz.

Bir olaq, bütöv olaq, güclü olaq!

Cəsarət Əhmədov
Dünya Armrestlinq Federasiyasının prezidentinin müşaviri,
Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti.

Geri dön