Ana Sayfa > Özəl > AKADEMİK ZƏRİFƏ XANIM ƏLİYEVA TİBB ELMİNİN İNKİŞAFINA BÖYÜK TÖHFƏLƏR VERİB

AKADEMİK ZƏRİFƏ XANIM ƏLİYEVA TİBB ELMİNİN İNKİŞAFINA BÖYÜK TÖHFƏLƏR VERİB


15-04-2023, 12:50. Yazar: sevinc1
AKADEMİK ZƏRİFƏ XANIM ƏLİYEVA TİBB ELMİNİN İNKİŞAFINA BÖYÜK TÖHFƏLƏR VERİB

Zərifə xanım istedadlı alim, görkəmli ictimai və dövlət xadimi, Azərbaycanda səhiyyənin qurucusu Əziz Əliyevin ailəsində 1923-cü il 28 apreldə Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açmışdır. Gələcək taleyini tibb elminə həsr etməyi qarşısında məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb Universitetinin müalicə profilaktikası fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirəndən sonra 1947-1949-cu illərdə Moskva  şəhərində Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda iki illik ixtisasartırma kursunda həkim-oftalmoloq kimi fəaliyyət göstərir. 1950-1953-cü illərdə aspiranturada təhsil almış və Azərbaycan Oftalmologiya institutunda o vaxtlar Azərbaycanda  insanlar arasında geniş yayılmış görmə orqanının ən qorxulu  xəstəliklərindən olan traxoma infeksion xəstəliyinin müalicəsi istiqamətində uğurlu elmi-tədqiqat işləri aparmışdır. Traxoma xəstəliyi görmə qabiliyyətinin zəifləməsi və hətta tam kor olma kimi ağır fəsadlarla nəticələnir. Zərifə xanımın traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı yeni olan antibiotiklərin tətbiqindən səmərəli istifadə etməyi bacarmış və apardığı tədqiqat işlərinin nəticələrini ümumiləşdirib, 1960-cı ildə “Sintomisin terapiya metodlarının başqa birləşmələri traxomanın müalicəsi” mövzusunda nəzəri və praktik dəyərinə görə mühüm əhəmiyyət kəsb edən namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Deyilənlərlə əlaqədar olaraq qeyd etmək lazımdır ki, traxoma xəstəliyinin kompleks effektli müalicəsi və Azərbaycanda bu xəstəliyin ləğv edilməsi sahəsindəki xidmət bilavasitə Zərifə xanım Əliyevanın adı ilə bağlıdır.
Artıq uzun illərdir ki, tanınmış oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva  bizim aramızda yoxdur. Lakin bu  nurlu insanın işıqlı xatirəsi ürəklərdə yaşayır. Xalqımız hər il aprelin 15-də isə vəfatının ildönümünü, 28-də Zərifə xanımın doğum gününü dərin ehtiramla qeyd edir. Zərifə xanım akademik Əziz Əliyevin ailəsində dünyaya göz açmışdı. Bu ailənin təməli xeyirxahlıq, nəciblik kimi xüsusiyyətlər  və milli dəyərlər  üzərində qurulmuşdu. İnsan şəxsiyyətinin  formalaşması onun əhatə olunduğu mühitdən asılıdır. Zərifə xanım da çox nəcib  ailədə, söz, sənət adamlarının əhatəsində böyüyürdü. Ötən əsrin görkəmli elm, mədəniyyət xadimləri Üzeyir Hacıbəyov,  Müslüm Maqomayev,  Mirəsədulla  Mirqasımov,  Bülbül, Səməd Vurğun və digər şəxsiyyətlərin Əliyevlər ailəsi ilə dostluğu və mənəvi yaxınlığı Əziz müəllimin uşaqlarının tərbiyəsinə, dünyagörüşünə müsbət təsir göstərirdi. Bu ailənin övladları ilk növbədə halal yaşamalı, mükəmməl təhsilə yiyələnməli, cəmiyyətdə hörmət qazanmalı idilər. Belə bir mühitdə tərbiyə alan Zərifə xanım bütün həyatı boyu öz təbiətində yüksək mənəvi keyfiyyətləri birləşdirərək dərin intellekti, geniş dünyagörüşü ilə seçilirdi. O, təmkinli, səbrli, dözümlü və zəhmətsevər idi. Tibb elminə yüksək, zəngin erudisiyaya malik novator alim kimi daxil olmuş, böyük məktəb yaratmışdı. Yüksək intellektual səviyyəsi, sərrast düşüncələri, səmimi, xoş münasibəti onu hamıya sevdirirdi.  Azərbaycan qadınlarının bütün gözəl cəhətlərini özündə cəmləşdirmiş Zərifə xanım bir həkim kimi də insanlara təmənnasız sevgi bəxş edirdi. Belə düşünürdü ki, müalicəsinin uğurlu olması üçün həkim ilk növbədə insanları sevməli, onların ağrısını hiss etməlidir. Özü məhz belə həkim idi. Əslində o, başqa peşə   sahibi  olsaydı belə,  yenə insanlara sevgisi ilə   fərqlənəcəkdi.

Həsənəli Pəsi oğlu
YAP Qaradağ rayon təşkilatının fəalı
Geri dön