Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-3 > Aqiyə Naxçıvanlı: “Azərbaycan – Bosniya və Herseqovina münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi bütün Balkan və Cənubi Qafqaz xalqları üçün mühüm nailiyyətdir”

Aqiyə Naxçıvanlı: “Azərbaycan – Bosniya və Herseqovina münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi bütün Balkan və Cənubi Qafqaz xalqları üçün mühüm nailiyyətdir”


15-04-2023, 12:31. Yazar: sevinc1
Aqiyə Naxçıvanlı: “Azərbaycan – Bosniya və Herseqovina münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi bütün Balkan və Cənubi Qafqaz xalqları üçün mühüm nailiyyətdir”

“Azərbaycanın Avropada strateji tərəfdaşlarının sayı getdikcə artır. Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bosniya və Herseqovinaya rəsmi səfəri çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Sənədi Azərbaycan Prezidenti cənab İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç imzalayıblar. Bəyannamə ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyəyə çatdırılması üçün geniş imkanlar açıb. Sarayevoda Azərbaycan Prezidenti ilə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri və üzvləri arasında keçirilmiş geniş tərkibdə görüşdə qeyd olunub ki, ölkələrimiz arasında siyasi münasibətlər mükəmməl səviyyədədir. Həmçinin Azərbaycanın Bosniya və Herseqovinada səfirliyinin açılmasının əlaqələrimizin inkişafında mühüm rol oynadığı bildirilib və Bosniya və Herseqovinanın da tezliklə Azərbaycanda səfirlik açmaq niyyətində olduğu qeyd edilib. Bosniya və Herseqovinanın Azərbaycan vətəndaşları üçün viza rejimini aradan qaldırdığı və bu istiqamətdə Azərbaycan tərəfindən də müvafiq addımların atılacağı diqqətə çatdırılıb. Ən müxtəlif istiqamətlərdə aparılan müzakirələrin gedişində Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri və üzvləri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilən qətliamın heç zaman unudulmamasının vacibliyini də xüsusi olaraq qeyd ediblər. Cənab Prezident İlham Əliyev ölkələrimizin bir-birinə qarşılıqlı dəstək göstərdiklərini vurğulayaraq, Azərbaycan torpaqlarının işğal altında olduğu müddətdə də Bosniya və Herseqovinanın həmişə ərazi bütövlüyümüzə və suverenliyimizə göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviçin aprelin 13-də Sarayevoda mətbuata bəyanatlarla etdikləri çıxışlarında həm Balkanlarda, həm də Cənubi Qafqaz regionunda yaşayan bütün xalqlar üçün önəmli olan açıqlamaların təqdim edildiyini vurğulayan deputat daha sonra bunları qeyd edib: “Azərbaycan Prezidentinin Bosniya və Herseqovinaya rəsmi səfəri ilə açılan münasibətlərin yeni səhifəsi artıq yeni imkanlar ortaya çıxarır. O cümlədən imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə gələcək inkişafın əsas istiqamətlərini özündə əks etdirir. Əlbəttə, siyasi və diplomatik müstəvidə məsləhətləşmələr müntəzəm olaraq aparılacaq. Bununla belə, iqtisadi sahədə işlər təbii ki, daha məqsədyönlü və intensiv şəkildə aparılacaq. Bu məqsədlə ölkə rəhbərləri tərəfindən artıq birgə İqtisadi Komissiya haqqında qərar qəbul edilmişdir. Aparılan danışıqlar əsnasında, eyni zamanda, konkret layihələr üzrə işçi qrupunun yaradılması da razılaşdırılıb və qısa müddət ərzində bu istiqamətdə addımlar atılacaq. Məlumdur ki, Azərbaycan öz tərəfdaşlarının iqtisadi baxımdan daha güclü, daha zəngin olmaları üçün hər zaman əlindən gələni edib. Yəqin ki, Bosniya və Herseqovina ilə münasibətlərdə də ölkəmiz eyni mövqelərdən çıxış edəcək. Cənab Prezident İlham Əliyev Sarayevoda mətbuata bəyanatla etdiyi çıxışında ölkəmizin Bosniya və Herseqovinaya sərmayə qoymaqda maraqlı olduğunu deməklə, bu prinsipial mövqeyini bir daha təsdiqlədi. Təbii ki, ölkələrimiz arasında daha geniş inkişaf perspektivlərinə malik olan əsas sahələrdən biri energetikadır. Azərbaycan artıq iki ildən artıq zamandır ki, məhz özünün təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qazını çatdırır. Bu kəmərin Bosniya və Herseqovinanın sərhədlərinin yanından keçdiyini qeyd edən dövlət başçımız təbii qaz sahəsində də əməkdaşlığa başlamaq üçün artıq müvafiq göstərişlərin verildiyini bildirdi.”

Həmçinin A.Naxçıvanlı Sarayevoda keçirilən görüşlər zamanı mədəniyyətlərarası dialoqun dərinləşməsi ilə bağlı aparılan fikir mübadiləsinin yüksək əhəmiyyətindən bəhs edərək bunları deyib: “Məlumdur ki, Prezident cənab İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri və üzvləri ilə keçirdiyi görüş zamanı həmçinin mədəniyyətlərarası dialoqun dərinləşməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Heç şübhəsiz bu, son dərəcə önəmli bir məqamdır. Təsadüfi deyil ki, dövlətimizin başçısı öz çıxışında bu istiqamətdə də birgə fəaliyyətin böyük önəmi olacağını vurğuladı. Həqiqətən də həm Bosniya və Herseqovinanın, həm Azərbaycanın çoxkonfessiyalı ölkələr olması ortaq maraq və məqsədlərin mövcud olmasını şərtləndirir. Hər iki ölkədə bir çox etnik qruplar yaşayır və bu etnik qrupların sülh, əmin-amanlıq, dostluq, qardaşlıq şəraitində yaşaması sabitlik üçün əsas şərtdir. Məhz buna görə də bu sahədə aparılacaq fikir və təcrübə mübadiləsinin böyük önəmi və effekti ola bilər. Bütün bunlar ölkələrimiz arasında bu sahədə birgə fəaliyyət, o cümlədən elm, təhsil sahələrində, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti təsisatları, elm-tədqiqat mərkəzləri səviyyəsində birgə əməkdaşlıq üçün çox gözəl imkanlar yaradır. Sonda bir vacib məqamı da qeyd etmək istərdim ki, Sarayevoda keçirilən görüşlər zamanı həm Azərbaycanın, həm də Bosniya və Herseqovinanın minalardan əziyyət çəkən, minalarla çirklənmiş ölkələr olduğu vurğulanaraq, bu sahədə əməkdaşlığın və təcrübə mübadiləsinin aparılmasının yüksək önəmi qeyd edilib”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.





Geri dön