Ana Sayfa > Manşet / Siyasət / Seçilənlər-2 > Kamaləddin Qafarov: “Qazaxıstan ölkəmizin ən etibarlı müttəfiqlərindən biridir”

Kamaləddin Qafarov: “Qazaxıstan ölkəmizin ən etibarlı müttəfiqlərindən biridir”


14-04-2023, 09:56. Yazar: sevinc1
Kamaləddin Qafarov: “Qazaxıstan ölkəmizin ən etibarlı müttəfiqlərindən biridir”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsini prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayır. Bu baxımdan dövlətimizin başçısının cari il aprelin 10-da Qazaxıstana etdiyi rəsmi səfəri də mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində Azərbaycan və Qazaxıstan prezidentləri arasında aparılmış tamformatlı danışıqlar, dövlət başçılarının ikitərəfli əlaqələri hər vasitə ilə möhkəmləndirmək əzmində olduqlarını bir daha təsdiq etdi. Ötən il avqustun 24-də Azərbaycan və Qazaxıstan Prezidentləri tərəfindən imzalanmış “Qazaxıstan ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında Bəyannamə”, eləcə də 2022-2026-cı illər üçün əməkdaşlığın inkişafına dair kompleks proqram və bir sıra başqa sənədlər əsasında əldə olunmuş razılaşmalar hazırda ardıcıl olaraq həyata keçirilir.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib: “Məlum olduğu kimi, aprelin 10-da Azərbaycan və Qazaxıstan prezidentləri Astananın mərkəzində Heydər Əliyevin adını daşıyacaq küçənin birgə açılışını ediblər. Öz çıxışında cənab Prezident İlham Əliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə hörmətə görə öz adından və bütün Azərbaycan xalqı adından Prezident Tokayevə və bütün qazax xalqına təşəkkürünü bildirib. Bu, həqiqətən də həm Ulu Öndərimizin xatirəsinə, həm də bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın bariz nümayişidir. Qazaxıstan Prezidentinə işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsünə görə təşəkkürünü bildirən dövlət başçımız, Qazaxıstanın Azərbaycana bu hədiyyəsini yüksək dəyərləndirmişdir. Prezident İlham Əliyev yeni imzalanmış Bəyannamənin ölkələrimiz arasında əlaqələrin və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə yönəldiyini bildirib. Qeyd olunub ki, bu gün Azərbaycan-Qazaxıstan əlaqələri müttəfiqlər arasında olan münasibətlərdir və bu münasibətlərin əsasını ölkələrimizin qardaş xalqları arasındakı çoxəsrlik tarixə malik olan qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələri təşkil edir. Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın xoş ənənəsi, eləcə də həyati zərurətdir. Çünki Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmlətməyi bir zərurət kimi qarşıya qoyur.”

Deputat Transxəzər beynəlxalq nəqliyyat marşrutunun – “Orta Dəhliz”in potensialının tam üzə çıxarılmasına dair aparılan müzakirələrin böyük əhəmiyyətini qeyd edərək deyib: “ Prezident İlham Əliyevin dediyi kimi, ölkələrimiz arasında müttəfiqlik münasibətləri qarşılıqlı fəaliyyətin gələcək inkişafının möhkəm təməlidir. Bu gün bu təməl konkret məzmunla zənginləşdirilir və ötən ilin avqust ayında Bakıda qəbul edilmiş qərarlar artıq reallaşır. O cümlədən, Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması, Orta Dəhlizin imkanlarını tam həcmdə səfərbər etmək üçün ölkələrimizin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işin başlanması barədə qərarlar həyata keçirilir. Azərbaycan Prezidentinin Qazaxıstana rəsmi səfəri çərçivəsində Şərq-Qərb marşrutu üzrə yükdaşımaların artırılması ilə bağlı konkret rəqəmlər və qrafiklər müzakirə edilib və bütün bu məsələlərin ən yaxın vaxtda öyrənilməsi üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib. 2022-2027-ci illərdə Orta Dəhlizin inkişafına dair yol xəritəsinin səmərəli şəkildə reallaşdırılması böyük əhəmiyyət kəsb etdiyinə görə qərara alınıb ki, bu marşruta artan maraqdan tam yararlanmaq və onun infrastrukturunun inkişafına üçüncü ölkələri cəlb etmək lazımdır. Bütün bu tədbirlər, habelə beynəlxalq tərəfdaşlarla sıx qarşılıqlı əlaqə Şərq-Qərb istiqamətində yüklərin çatdırılmasının sabitliyini və operativliyini təmin etməyə imkan verəcəkdir”.

Geri dön