Ana Sayfa > Media > Mətbuat Şurası jurnalistlərə müraciət edib
Mətbuat Şurası jurnalistlərə müraciət edib13-04-2023, 16:22. Yazar: sevinc1 |
“Media subyektləri, jurnalistlər və populyar sosial şəbəkə istifadəçiləri insanların iztirabının, ağır durumlarının əks olunduğu foto və video görüntülərin paylaşılmasına həssas yanaşmalıdırlar. Bu zaman təqdimatın nə dərəcə ictimai əhəmiyyət daşıdığını ciddi şəkildə nəzərə almalıdırlar. Hətta ictimai əhəmiyyət daşıyan hadisələrdə belə, ayrı-ayrı mənəvi detallara diqqət yetirilməsi son dərəcə vacibdir. Xüsusən də uşaqlarla bağlı məqamlara”. aia.az bildirir ki, bu barədə Mətbuat Şurasının yaydığı Bəyanatda deyilir. “Lakin aprelin 11-də Ermənistanın təxribatı nəticəsində şəhid olmuş hərbçilərimizdən birinin dəfn mərasimindən çəkilmiş bəzi fotolarda həssas yanaşmanın şahidi olmadıq. Bu baxımdan şəhid övladının çəkdiyi əzabın və acının görüntülənərək yayılması halları ayrıca vurğulanmalıdır. Burada mübahisə predmeti kimi iki məsələ üzərində dayanmaq mümkündür. Birincisi, azyaşlının ağır emossional durumunun təsvirinin yolverilməzliyi, ikincisi, cəmiyyətdə ruh düşkünlüyünün, bədbinliyin formalaşmasını doğuracaq təmayülün qabardılması. Nəzərə alınmalıdır ki, hər iki xüsus Azərbaycan qanunvericiliyi ilə də mübahisələndirilə, müvafiq mexanizmlərin dövriyyəyə girməsinə əsas formalaşdıra bilər. Belə olduqda isə konkret şəxslər, o cümlədən, jurnalistlər üçün hüquqi məsuliyyət perspektivinin reallığa çevrilməsi mümkünləşər ki, bu isə arzuolunmazdır. Əlbəttə, daha arzuolunmaz məqam həm də mənəvi məsuliyyətin ön plana çıxmasıdır”. Azərbaycan Mətbuat Şurası media orqanlarını, jurnalistləri, eləcə də özünü cəmiyyətə informasiya verilməsində məsul sayan hər kəsi, habelə sosial şəbəkə istifadəçilərini diqqətə çatdırdığımız görüntüyə bənzər təqdimatların yayımlanmasına həssas yanaşmağa, onların cəmiyyətdə doğura biləcəyi neqativ reaksiyaları, mümkün mənəvi və hüquqi məsuliyyət məsələlərini əvvəlcədən düşünməyə çağırır. aia.az Geri dön |