Ana Sayfa > Özəl > Qazaxıstanın məhz bizim regionda sülhün bərqərar olunmasına yönəlmiş prinsipial mövqeyi böyük hörmətə layiqdir
Qazaxıstanın məhz bizim regionda sülhün bərqərar olunmasına yönəlmiş prinsipial mövqeyi böyük hörmətə layiqdir13-04-2023, 16:13. Yazar: sevinc1 |
Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazaxıstandır. Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 10-da Qazaxıstana rəsmi səfəri, Astanada iki ölkənin liderləri arasında aparılan danışıqlar və ölkələrarası münasibətlərin inkişaf perspektivləri dünya ictimaiyyətinin, aparıcı media orqanlarının maraq dairəsindədir. Qeyd etmək lazımdır ki, danışıqlarda bütün sahələrdə, o cümlədən ticari-iqtisadi, investisiya, həmçinin nəqliyyat logistika infrastrukturu layihələri kimi prioritet istiqamətlərdə ikitərəfli əməkdaşlığa dair aktual məsələlər müzakirə olunub. Bu yaxınlarda irəli sürülən humanitar təşəbbüslər, xüsusən Qazaxıstanın Azərbaycanda və Azərbaycanın Qazaxıstanda mədəniyyət günlərinin keçirilməsi haqqında qərar iki xalqın daha da yaxınlaşması və dövlətlərarası münasibətlərin möhkəmlənməsinə kömək edəcək. Qazaxıstanın hazırda Füzuli şəhərində inşa etdiyi Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi Azərbaycan və Qazaxıstan xalqları arasında dostluğun parlaq nümunələrindən biridir. Xəzər dənizinin əks sahillərində yerləşən Azərbaycan ilə Qazaxıstan münasibətlərinin tarixi çox qədimdir. Belə ki, azərbaycanlılar və qazaxlar eyni soykökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa, bu xalqları dil və din eyniliyi də birləşdirir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsinin prioritet məsələlərdən biri olduğunu qeyd edib. Dövlətimizin başçısı, həmçinin bu ölkələrlə nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də öz çıxışlarında Azərbaycan Prezidenti İlham Əliyevlə mütəmadi əlaqə yaratdığını və iki ölkə arasında əlaqələrin son illərdə yüksələn xətlə davam etdiyini bildirib. İki ölkə arasında yaxın dostluq münasibətləri 2004-cü il martın 1-də Astanada imzalanmış "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqından Bəyannamə" və 2005-ci il mayın 24-də Bakıda imzalanmış "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə" ilə daha da möhkəmləndirilib. Azərbaycan və Qazaxıstan geniş iqtisadi potensiala malikdir. Hər iki ölkə Şərq-Qərb Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq edir. Aktau dəniz limanı xüsusi zonasında Azərbaycanın sərmayəsi ilə inşa edilən "Aktau İstehsal və Logistika Mərkəzi" ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Azərbaycan və Qazaxıstan arasında iqtisadiyyat sahəsində də əlaqələrin böyük tarixi var. Azərbaycan neftçiləri Qazaxıstanın Manqışlaq, Quryev neft mədənlərində uğurlu fəaliyyət göstəriblər. Azərbaycan və Qazaxıstan neftçiləri, alimləri, mühəndisləri Xəzər dənizi hövzəsinin araşdırılmasında da əməkdaşlıq ediblər və bu ənənə hazırda da davam edir. Qazaxıstan və Azərbaycan yeni nəqliyyat-logistika marşrutu yaratmağı da nəzərdə tutur. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tamamlanması Qazaxıstan və Azərbaycanın Avropa və Asiyanın mühüm iqtisadi mərkəzlərinə çevrilməsinə kömək edəcək. Belə ki, bu dəmir yolu vasitəsilə Çindən Türkiyəyə məhsullar cəmi 12 günə çatdırıla bilir. Hər iki ölkənin kənd təsərrüfatı sahəsində də əməkdaşlığın inkişafı üçün geniş potensial var. Xüsusilə, ərzaq təhlükəsizliyi qlobal miqyasda ən önəmli məsələlərdən birinə çevrildiyi indiki dövrdə bu əməkdaşlığın inkişaf etdirilməsi çox vacibdir. Artıq bu sahədə tərəflərin ehtiyaclarının hesablanması üçün yeni araşdırmalar aparılır. Qazaxıstan və Azərbaycan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı planlaşdırır. 2022-ci ildə Qazaxıstanın Azərbaycana ixracı 30,4 faiz artaraq 375,3 milyon dollara, idxalı isə 95,2 faiz artaraq 86,6 milyon dollara çatıb. Ötən il Qazaxıstan iqtisadiyyatında Azərbaycan investisiyalarının məbləği 69,7 milyon dollar olub. Həmçinin iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri əvvəlki illə müqayisədə 4 dəfə artaraq 598 milyon ABŞ dollar təşkil edib. Bu gün Azərbaycanla Qazaxıstan bir çox regional və beynəlxalq layihələrin təşəbbüskarıdır. Ölkələrimizin dövlət başçılarının siyasi iradəsi sayəsində münasibətlərimiz uğurla inkişaf edir. Son dövrlərdə Azərbaycan və Qazaxıstanın dövlət başçılarının qarşılıqlı səfərləri iki ölkə arasında münasibətlərdə yeni mərhələnin yaranmasına təkan verib. Budəfəki görüşdə də tam formatlı danışıqlar siyasi, ticari-iqtisadi, mədəni-humanitar sahələr də daxil olmaqla, kompleks şəkildə həyata keçirilib. İki ölkənin regionda bütün sahələr üzrə lokomotiv yolunda çıxış etməsi və qarşılıqlı əlaqələrin inkişafına meyillənməsi Avrasiya regionu üçün çox mühüm amil hesab edilə bilər. Tural Kərimov, YAP Salyan rayon təşkilatı Dövlət Aqrar İnkişaf Mərkəzi ƏPT-nın sədr müavini Geri dön |