Ana Sayfa > Özəl > Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu münasibətlər bu gün hər iki ölkə arasında uğurla inkişaf edir

Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu münasibətlər bu gün hər iki ölkə arasında uğurla inkişaf edir


13-04-2023, 16:04. Yazar: sevinc1
Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu münasibətlər  bu gün hər iki ölkə arasında uğurla inkişaf edir

Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir. Təsadüfi deyil ki, hazırda Qazaxıstanda iki yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər. Qeyd edək ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat yoldaşı Afaq qıpçaq soyundan olub.
Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb.
Qeyd etmək lazımdır ki, müstəqillik illərində iki ölkə arasında hərtərəfli əməkdaşlığın təmin olunmasında Ulu Öndər Heydər Əliyevin və Nursultan Nazarbayevin xüsusi rolu olub. Məhz, onların təməlini qoyduğu münasibətlər bu gün uğurla inkişaf edir, hətta keyfiyyətcə yeni mərhələyə yüksəlir. Dövlət başçısı İlham Əliyevin aprelin 10-da Qazaxıstana dövlət səfəri bir daha ikitərəfli münasibətlərin inkişafına təkan verdi. Belə ki, Azərbaycan və Qazaxıstan prezidentlərinin məhdud və geniş tərkibdə görüşləri zamanı gündəmdə saxlanılan məsələlər, imzalanan çoxsaylı sənədlər, dövlət başçılarının mətbuata birgə bəyanatları, eyni zamanda, səfər çərçivəsində Astanada Ulu Öndər Heydər Əliyevin adını daşıyan küçənin açılışı və sair kimi mühüm məqamlar iki dost, qardaş ölkənin münasibətlərinin dünəninə, bu gününə və gələcəyinə işıq saldı.
İki ölkənin dostluq münasibətlərinə malik olmasını nümayiş etdirən məqamlardan biri də Qazaxıstanda Ulu Öndər Heydər Əliyevin adını daşıyan küçənin olmasıdır. Belə ki, paytaxt Astananın mərkəzi küçələrindən biri xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyacaq. Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimində çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib ki, bu hadisənin xüsusi rəmzi mənası var: “Heydər Əliyev kimi dünya miqyaslı şəxsiyyətlərin xatirəsini əbədiləşdirmək və qorumaq bizim borcumuzdur. Astanada onun adını daşıyan yeni küçəni açmaqla biz bu nəcib işə mühüm töhfə veririk. Bu, Azərbaycan xalqının böyük oğluna bizim səmimi münasibətimizin və ehtiramımızın əlamətidir”. Prezident İlham Əliyev isə çıxışında bildirib ki, ulu öndər Heydər Əliyev qazaxların ənənələrini, adətlərini yaxşı bilir, qazax xalqının mədəniyyətinə, onun çoxəsrlik tarixinə hörmət bəsləyir, qazaxlarla azərbaycanlıların qardaşlığını çox yüksək qiymətləndirirdi: “O, Türk dünyasını daha sıx birləşdirmək üçün əlindən gələni edirdi. Bu gün biz onun işinin, fəaliyyətinin nəticələrini, o cümlədən bunda görürük ki, Türk dünyası birləşir. Biz bu gün beynəlxalq arenada böyük nüfuz sahibi olan güclü təşkilat yaratmışıq”.
Dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir. Ümumiyyətlə, Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib.
İkitərəfli əlaqələrə gəldikdə qeyd etmək yerinə düşər ki, Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökumət tərəfindən Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi tikilməkdədir. Bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən yüksək qiymətləndirilir. Bundan əlavə, Qazaxıstanda Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş sənədli filmin çəkilib və nümayiş olunub. Bu, qazax xalqının Ümummilli Liderə verdiyi böyük dəyərin daha bir göstəricisidir.
Eyni zamanda, ölkələrimiz arasında geniş hüquq-müqavilə bazası formalaşıb. İndiyədək Azərbaycanla Qazaxıstan arasında 134 sənəd imzalanıb. Bu sənədlər arasında “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə”, “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə”, “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” xüsusi vurğulanmalıdır.
Regionda yaranmış yeni reallıqlar çərçivəsində nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində aparılan işlər və postmünaqişə dövrünün reallığı olan Zəngəzur dəhlizi Mərkəzi Asiya regionu, o cümlədən Qazaxıstan üçün də yeni fürsətlər yaradır. Ölkələrimizin maraqları bu məsələdə də üst-üstə düşür.
Azərbaycan-Qazaxıstan əməkdaşlığında ticarət-iqtisadi əlaqələr xüsusi yer tutur. Ölkəmizdə Qazaxıstan investisiyalı 182 kommersiya qurumu (sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, xidmət) qeydiyyatdadır. Qazaxıstandan Azərbaycana 102,2 milyon dollar, Azərbaycandan Qazaxıstana isə 205,2 milyon dollar investisiya qoyulub. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 598,47 milyon dollar təşkil edib. Bütün bunlarla yanaşı, iki ölkə arasında neft və neft məhsullarının ticarəti sahəsində uğurlu əməkdaşlıq davam etdirilir. Buraya Qazaxıstan mənşəli xam neftin Bakı-Tbilisi-Ceyhan nneft boru kəməri ilə dünya bazarına çatdırılması, Qazaxıstan mənşəli xam neftin Azərbaycanda emalı, Qazaxıstan mənşəli xam neftin dünya bazarına təchizatı və sair daxildir.
Bütün bunlar onu deməyə əsas verir ki, ortaq soy-kök və tarixi-mədəni əlaqələrə malik ölkələrimiz arasındakı münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf edəcək və genişlənəcəkdir.

Elmar Əbilov,
Salyan Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı, YAP fəalı

Geri dön