Ana Sayfa > Özəl > Müttəfiqlik münasibətləri
Müttəfiqlik münasibətləri13-04-2023, 11:10. Yazar: sevinc1 |
Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana son səfəri 2022-ci il oktyabrın 13-14-də olub və dövlətimizin başçısı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VI Zirvə Toplantısında, həmçinin Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında iştirak edib.Ötən il avqustun 24-də isə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ölkəmizə rəsmi səfər edib.Dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir.Ümumiyyətlə, Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib. İkitərəfli əlaqələrə gəldikdə qeyd etmək yerinə düşər ki, Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi tikilməkdədir. Bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən yüksək qiymətləndirilir. İki ölkə arasında əməkdaşlıq ikitərəfli formatla yanaşı, çoxtərəfli səviyyədə də, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində uğurla davam etdirilir. Hər iki ölkə TDT çərçivəsində əməkdaşlıq sahələrinin genişləndirilməsində və inkişaf etdirilməsində maraqlıdır.Qazaxıstanın regionda sülhün, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın təşviq edilməsinə yönəlmiş fəaliyyəti, habelə Asiyada təhlükəsizliyin möhkəmlənməsi sahəsində “Asiyada Qarşılıqlı Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirə”nin yaradılması ilə bağlı təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri Azərbaycan olub. İki layihə Azərbaycanla Qazaxıstan arasındakı geostrateji əlaqələri daha da gücləndirəcək.Birinci layihə neftin nəqlidir. Qazaxıstan Azərbaycan vasitəsilə ixrac olunan neftin həcmini artırmaq istəyir. Bu ildən başlayaraq Qazaxıstan nefti Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilməyə başlayıb. Qazaxıstan nefti tankerlərlə Xəzər dənizi üzərindən Səngəçal terminalına, buradan isə Bakı-Tbilisi-Ceyhan boru xəttinə çatdırılır. Astananın məqsədi aydındır, neftin dünya bazarlarına nəqlini şaxələndirmək istəyir. Qazaxıstan dünya neft ehtiyatının 2 faizinə malikdir, gündə 2 milyon barrel neft istehsal edir. Bu neftin 80 faizi Rusiya ərazisindən Qara dənizdəki Novorosiysk limanına çatdırılır. Ancaq bu marşrut etibarlı deyil. Rusiyadan keçən boru xəttində tez-tez qəzalar baş verir və buna görə Qazaxıstan neftinin nəqli dayandırılır. Bu zaman Qazaxıstanın gəlirləri azalır. İkinci layihə Orta Dəhlizdir. Bu layihə də Azərbaycanla Qazaxıstan biləşdirir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tam gücüylə işləməsi üçün iki ölkə arasında logistika xidmətlərinin təkmilləşdirilməsi, birgə nəqliyyat operatorlarının yaradılması, texniki və tarif şərtlərinin modernləşdirilməsi, inzibati maneələrin aradan qaldırılması lazımdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son dövrlərdəki xarici səfərlərinin nəticələri gösrtərir ki, ölkə başçısı Azərbaycanın bütün sahələr üzrə əlaqələrinin inkişaf etdirilməsi, dövlətlərarası münasibətlərin inkişafı kimi məslələrə üstünlük verməklə yanaşı, regionda sülhün bərqərar olması üçün çalışır. Aidə Məhərrəmova.ADPU. YAP üzvü Geri dön |