Ana Sayfa > Özəl > AKADEMİK ZƏRİFƏ XANIM ƏLİYEVA - ƏBƏDİ OLARAQ QƏLBLƏRDƏ YAŞAYACAQ HƏKİM!

AKADEMİK ZƏRİFƏ XANIM ƏLİYEVA - ƏBƏDİ OLARAQ QƏLBLƏRDƏ YAŞAYACAQ HƏKİM!


13-04-2023, 10:00. Yazar: sevinc1
AKADEMİK ZƏRİFƏ XANIM ƏLİYEVA - ƏBƏDİ OLARAQ QƏLBLƏRDƏ YAŞAYACAQ HƏKİM!

1923-cü il aprelin 28-də - dünyaya göz açan, gözəl insan, qayğıkeş həkim, akademik Zərifə xanım Əliyevanın 100 yaşı tamam olur. Dünya şöhrətli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın Tanırının taleyinə yazdığı ömür payı, tərcümeyi-halı çox sadə, başqalarından fərqlənməsə də, neçə-neçə insanın dünyaya nurlu baxışında yaşayan əməllərinin dəyəri ölçüyəgəlməz dərəcədə qiymətlidir. Zərifə xanımın  keçdiyi şərəfli, mənalı ömür yolu hər bir azərbaycanlı, o cümlədən Azərbaycan qadını  üçün mənəviyyat və kamillik məktəbidir. Zərifə xanım Əliyeva özünün gözəl insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaradıb. Onun ömür yolu parlaq səhifələrlə zəngindir. Azərbaycan tibb elmində silinməz iz qoymuş akademik Zərifə xanım Əliyevanı xatırlayanda həm də göz önündə mənəvi kamilliyin uca zirvəsinə yüksəlmiş görkəmli elm fədaisinin nurlu çöhrəsi canlanır. Onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük. Yüksək intellekt və mədəniyyət, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın portretini tamamlayan əsas cizgilərdir. Görkəmli oftalmoloqun tibbi etika və deontologiyaya dair baxışları onun “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri” əsərində ətraflı əks olunub. Bu əsərdə həkim və xəstənin qarşılıqlı münasibətlərinin həssas məqamları, müalicə həkiminin diaqnostika və müalicə prosesində aparıcı rolu, tibb işçilərinin yalnız təhsilinin deyil, həm də tərbiyəsinin vacibliyi ön planda verilib.
Zərifə xanımın birbaşa rəhbərliyi altında gənc elmi işçilərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmiş, o, özündən sonra dəyərli məktəb qoymuşdur. Dünya oftalmologiya elminin tanınmış simalarının Zərifə xanım Əliyeva haqqında bəzi fikirlərini xatırlatmaq yerinə düşər. Akademik A.Nesterov deyirdi: “Zərifə Əliyeva böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm”. Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun direktoru K.Trutneva Zərifə xanımın elmi-tədqiqatlarının səciyyəvi xüsusiyyətlərini yüksək dəyərləndirərək yazırdı: “Bu cür tədqiqatlar həcminə və vacibliyinə görə seçilsə də, çox zəhmət tələb etsə də, sosial-iqtisadi baxımdan əvəzsizdir. Bu nadir tədqiqatlar nəticəsində zərərli istehsal sahələrində çalışanların iş şəraitini yaxşılaşdırmaq üçün metodiki tövsiyələr işlənib hazırlanmış, istehsalata tətbiq edilmişdir. Zərifə xanımın apardığı tədqiqatların əsas mahiyyəti də məhz bundan ibarətdir”. Tibb elmləri doktoru, professor Z.Skripniçenko alimin elmi fəaliyyətinə belə qiymət verirdi: “Zərifə xanımın elmi maraq dairəsi çox geniş idi. O, bir ümumi dəftərə yeni kitab üçün nəzərdə tutduğumuz fikirləri qeyd etmişdi. Bunlar əsasən toksik kataraktalara və toksik qlaukomalara həsr olunmuş elmi işlərdən, tələbələr və oftalmoloq həkimlər üçün nəzərdə tutulan məruzələrdən ibarət idi. Təbabətdə öz dəstxəti olan novator alim 150-dən çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin və dərs vəsaitlərinin müəllifidir. Azərbaycan oftalmologiya elmini dünyada tanıdan Zərifə Əliyevanın açdığı yol ildən-ilə genişlənir, zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilir və neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir. Bu gün də Zərifə xanım Əliyeva haqqında söhbət düşəndə gözümüz önündə işıqlı bir obraz – əsl Azərbaycan qadınının obrazı canlanır.
Azərbaycan xalqı, o cümlədən, respublikanın elmi ictimaiyyəti görkəmli alimin tibb elminə verdiyi töhfələri unutmur, hər il onun həyat və yaradıcılığının tədqiqinə həsr olunan yeni-yeni əsərlər yaradılır. Oftalmologiya elminə verdiyi töhfələri bu gün də aktuallığını saxlayan, biliyi ilə yanaşı, insanpərvərliyi ilə də seçilən Zərifə xanımın həyatı və yaradıcılığı hər zaman dərin hörmətlə yad olunur. Ana kimi övladlarını Vətənə məhəbbət ruhunda böyütmüş, Azərbaycan xalqını dünyada tanıdan, adı məşhur liderlərlə qoşa çəkilən cənab Prezident İlham Əliyev kimi lideri xalqımıza bəxş edən Zərifə xanım ən səmimi sözlərə, hörmətə layiq Azərbaycan qadını kimi ölkəmizdən kənarlarda belə ad–san qazanıb. Məsul vəzifələrdə çalışan Ulu Öndər Heydər Əliyevə layiq həyat yoldaşı olmaq, onunla çiyin-çiyinə addımlamaq üçün ən azı onun yüksəldiyi zirvənin yarısını qət etmək bacarığına malik olmaq lazım idi. Zərifə xanım davranışı, səmimiyyəti, qayğıkeşliyi ilə bu zirvəni də fəth etdi. Zərifə xanım dəyanəti ilə Şərq qadınlarına məxsus keyfiyyətləri şəxsində birləşdirən ömür-gün yoldaşı olduğunu sədaqətilə bildirib. Bu cür qiymətləndirmə bir ana, həyat yoldaşı kimi Zərifə xanıma verilən dəyərdir.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədr müavini
Elşən Əzizov
Geri dön