Ana Sayfa > Özəl > ORTAQ SOY-KÖKƏ MALİK AZƏRBAYCAN-QAZAXISTAN MÜNASIBƏTLƏRİ YÜKSƏLƏN XƏTLƏ İNKİŞAF EDİR.

ORTAQ SOY-KÖKƏ MALİK AZƏRBAYCAN-QAZAXISTAN MÜNASIBƏTLƏRİ YÜKSƏLƏN XƏTLƏ İNKİŞAF EDİR.


12-04-2023, 16:47. Yazar: sevinc1
ORTAQ SOY-KÖKƏ MALİK AZƏRBAYCAN-QAZAXISTAN MÜNASIBƏTLƏRİ YÜKSƏLƏN XƏTLƏ İNKİŞAF EDİR.

Prezident İlham Əliyevin Qazaxıstana səfəri, Astanada iki ölkənin liderləri arasında aparılan danışıqlar Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişaf perspektivlərinə mühüm töhfədir
Azərbaycan türkdilli ölkələrlə münasibətlərinə daim xüsusi önəm verib və bu, ölkəmizin xarici siyasətində prioritet təşkil edir. Təşkil olunan müntəzəm xarakterli qarşılıqlı səfərlər əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının müəyyənləşməsinə səbəb olur. Təbii ki, eyni soykökə, dilə, dinə, ortaq mədəniyyətə malik olmağımız bu əlaqələrin təməlini təşkil edir. Bu baxımdan Azərbaycanla Qazaxıstan arasında olan ənənəvi dostluq və qardaşlıq münasibətlərini yüksək qiymətləndirmək olar. Dövlət başçıları səviyyəsində son illər təşkil olunan səfərlər bu münasibətləri daha da genişləndirib. İki ölkə arasında əlaqələr çoxtərəfli səviyyədə də inkişaf edir. Məsələn, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığımız xeyli uğurludur.
Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu  türk dövlətlərindən biri də Qazaxıstandır. Qazaxıstan-Azərbaycan münasibətləri dərin köklərə malikdir.  Azərbaycan və qazax xalqlarını tarixi bağlar, adət-ənənə oxşarlığı, etiqad eyniliyi və coğrafi qonşuluq kimi fundamental amillər birləşdirir. Bütün bunlar da dövlətlərimiz arasında münasibətlərin səmimiliyini və davamlılığını şərtləndirir. Azərbaycan-Qazaxıstan müstəqillik illərində qarşılıqlı münasibətlərini uğurla inkişaf etdirərək yüksək səviyyəyə çatdırıblar.
Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. Ulu Öndər Heydər Əliyev və Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin Qazaxıstan-Azərbaycan münasibətlərinin inkişafına böyük töhfələri danılmazdır. Təsadüfi deyil ki, məhz bu töhfələrinə görə 1997-ci ildə Ümummilli Liderə Əl-Fərabi adına Qazax Milli Dövlət Universitetinin fəxri doktoru diplomu,  1998-ci ildə “Astana” dövlət medalı təqdim olunub. 2017-ci ilin aprelində  isə Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevə “Heydər Əliyev" Ordeni  təqdim edilib.
Hər iki ölkənin yüksək səviyyəli rəsmiləri müntəzəm qaydada qarşılıqlı səfərlər edərək əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələr aparırlar. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb.
Ölkələrimiz arasında geniş hüquq-müqavilə bazası formalaşıb. İndiyədək Azərbaycanla Qazaxıstan arasında 134 sənəd imzalanıb. Bu sənədlər arasında “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” (2004-cü il 1 mart, Astana), “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” (2005-ci il 24 may, Bakı), “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” (2022-ci il 24 avqust, Bakı) xüsusi vurğulanmalıdır.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü


Geri dön