Ana Sayfa > Gündəm > Akif Məmmədov: “ Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim olub”
Akif Məmmədov: “ Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim olub”11-04-2023, 14:11. Yazar: sevinc1 |
“Bu il görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ili tamam olur. Aprel ayının 28-də bütün Azərbaycan xalqı bu tarixi böyük sevgi və ehtiram hissi ilə qeyd edəcək. Zərifə Əliyeva Azərbaycan tibb elminin, xüsusən də oftalmologiya sahəsinin inkişafına misilsiz töhfələr verən alimlərimizdən olub. Zərifə xanımın yetişdirdiyi həkimlər bu gün minlərlə insanlara sağlamlıq bəxş edirlər. Lakin bütün bunlarla yanaşı, Zərifə xanım Əliyeva ilk növbədə qayğıkeş ana, fədakar və sədaqətli həyat yoldaşı kimi də bütün qadınlarımız üçün hər zaman əsil nümunə olub. Ulu Öndər Heydər Əliyev kimi böyük şəxsiyyətin həyat yoldaşı olmaq əlbəttə ki, heç də asan məsələ deyildi. Zərifə xanım ailədə hər zaman Ümummilli Liderimiz Heydər Əliyevin güclü dayağı olub. Ulu Öndər Heydər Əliyev öz xatirələrindən birində Zərifə xanım Əliyeva haqqında belə demişdir: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib.” Həqiqətən də Zərifə xanım Əliyevanın nurlu və ləyaqətli obrazı, ailəsinə sonsuz sədaqətlə yaşasığı həyatı, xalqına xidmətdə keçdiyi şərəfli ömür yolu bu gün təkcə gənc xanımlarımızın deyil, ümumilikdə gəncliyimizin həyatının formalaşması baxımından parlaq nümunədir, misilsiz örnəkdir.” Bu sözləri aia.az saytına verdiyi müsahibəsində Bakı Şəhər Dezinfeksiya Stansiyasının baş həkimi Akif Məmmədov deyib. Akif Məmmədov Zərifə Əliyevanın görkəmli şəxsiyyət və alim kimi formalaşmasında onun dünyaya göz açdığı və böyüyüb boya-başa çatdığı ailə mühitinin həlledici rol oynadığını vurğulayaraq bunları deyib: “Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Azərbaycanın dilbər guşəsi olan Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. Zərifə xanımın həyatının ən xoşbəxt dövrlərdən birinin də məhz uşaqlıq illəri olduğu cənab Prezident İlham Əliyevin səsləndirdiyi bu fikirlərdə də öz təsdiqini tapır: “Mənim anamın həyat fəlsəfəsinin köklərini, hər şeydən əvvəl onun uşaqlığında axtarmaq lazımdır. O bizə tez-tez deyərdi ki, uşaqlıq - insan həyatının çox mühüm dövrüdür və heç nə bu dövrü əvəz edə bilməz. Uşaqlıq - insanın ömrü boyu təkrar-təkrar müraciət etdiyi dünyadır. İnsan xeyirxahlığın, şəfqətin nə olduğunu uşaqlıqda dərk edir. O, çox xoşbəxt uşaq olub, uşaqlıq onun yaddaşında məhəbbət və əziz xatirələr mənbəyi kimi qalmışdı.” Zərifə xanımın dünyaya gəldiyi ilin may ayında atası Əziz Əliyev yarımçıq qalmış təhsilini bitirmək məqsədilə Bakıya köçmək qərarına gəlir. Bakıda Əziz Əliyev universitetin tibb fakültəsini, sonra isə aspiranturanı bitirərək elmlər namizədi adını alır. Qısa bir zaman çərçivəsində o, doktorluq dissertasiyasını müdafiə edir və 1929-cu ildə artıq 32 yaşlı Əziz Əliyev Azərbaycan Səhiyyə Komissarlığında səhiyyə komissarının müavini vəzifəsində çalışırdı. Əlbəttə ki, belə bir nümunə qarşısında Zərifə xanımın da öz gələcək taleyini tibb elminə həsr etmək barədə qərar qəbul etməsi heç də təəccüblü deyil. Bu məqsədlə Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir. Həmin illərdə keçmiş sovetlər birliyinin bir çox respublikalarında, xüsusilə də Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ən pisi də bu idiki, bu xəstəliyə qarşı təsirli müalicə üsulları hələ yox idi. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım elmi fəaliyyətinin ilk mərhələsini məhz traxoma infeksion xəstəliyinin müalicəsinə həsr edir. Beləliklə, Zərifə xanımın ilk elmi araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirir. Uğurlu tədqiqatların nəticələri Zərifə Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur. Qeyd etmək lazımdır ki, Zərifə xanım Əliyeva uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib. Böyük alim yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmirdi, o, respublikanın şəhər və rayonlarını bir-bir gəzərək, xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirirdi. Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyanın əsasını təşkil etmişdir. O, “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Zərifə xanımın dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir.” Öz fikirlərini davam etdirən A.Məmmədov akademik Zərifə Əliyevanın peşə patologiyası problemləri ilə yanaşı, oftalmologiyanın digər aktual istiqamətlərində apardığı tədqiqatların önəmini xüsusi vurğulayıb: “Qeyd etmək lazımdır ki, Zərifə Əliyevanın elmi maraqları yalnız görmə orqanının peşə patologiyası problemləri ilə məhdudlaşmırdı. Onun görmə orqanının virusla zədələnməsinə həsr olunmuş silsilə işləri də elmi ictimaiyyətə yaxşı məlumdur. Həmin elmi işlərin tətbiqi bir sıra xəstəliklərin differensial diaqnostikasını yaxşılaşdırmış, onların müalicəvi əhəmiyyətini yüksəltmişdir. Görkəmli alimin 200-dək elmi işi, 14 monoqrafiyası, 12 səmərələşdirici təklifi bu gün də aktuallığını qoruyub saxlayır. Oftalmoloq-alim peşəkarlığı, istedadı ilə yanaşı, sadəliyi, qayğıkeşliyi və səmimiyyəti ilə onu əhatə edən insanların rəğbətini və məhəbbətini qazanıb. Zərifə xanım Əliyeva eyni zamanda həm də görkəmli ictimai xadim olmaqla SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, həmçinin Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü kimi vəzifələri daşıyırdı və “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdü. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. Qeyd olunmalıdır ki, professor Zərifə xanım həmin mükafata layiq görülən ilk qadın idi. 1983-cü ildə Z.Ə.Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasına müdir seçildikdən sonra onun fəaliyyəti daha da genişləndi. Azərbaycan səhiyyəsi qarşısında danılmaz, böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Zərifə xanım Əliyeva Azərbaycanda oftalmologiya sahəsində ilk qadın akademik kimi tibb işçilərinin hazırlanmasında, elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərib. Z.Əliyevanın inkişaf etdirdiyi elm sahəsinin davamçıları bu gün də alimin irsindən faydalanırlar. Zərifə xanım Əliyevanın tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatları, qazandığı nailiyyətləri, fundamental əsərləri Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir”, - deyə Akif Məmmədov fikirlərini tamamlayıb. Geri dön |