Ana Sayfa > Özəl > İki ölkə arasında səmimi əməkdaşlıq münasibətləri mövcuddur
İki ölkə arasında səmimi əməkdaşlıq münasibətləri mövcuddur12-04-2023, 10:24. Yazar: sevinc1 |
Azərbaycan dövlət müstəqilliyini elan etdikdən sonra region və dünya dövlətləri, beynəlxalq təşkilatlarla əlaqələri daha da genişləndirdi, bir sıra qurumlarla yeni əlaqələr yaratdı. O cümlədən, Azərbaycanın türkdilli ölkələrlə, xalqlarla yaxınlaşması, eyni genetik, tarixi köklərə malik olduğumuz dövlətlərlə daha da yaxından təmas qurması üçün müxtəlif siyasi-iqtisadi, mədəni-humanitar platformalar meydana gəldi, iş birliyi rəsmiləşdirən müqavilələr imzalandı. Azərbaycanla Qazaxıstan arasında qardaşlıq münasibətləri mövcuddur. Ölkələr arasındakı əlaqələr strateji səviyyədədir və yüksələn xətlə inkişaf edir. Artıq türk dövlətləri arasında əlaqələrdə yeni bir mərhələ formalaşıb. Əlaqələrin inkişafı və yeni dövrün çağırışlarına uyğun dövlətlər arasında münasibətlər qurulur. Bu əlaqələr tarixi köklərə, milli dəyərlərə əsaslanır. Eyni kökdən və tarixdən formalaşan münasibətlər iki ölkə arasında əlaqələrin daha da dərinləşməsində mühüm önəm kəsb edir. Bu baxımdan Azərbaycanla Qazaxıstan arasında əlaqələrin son dövrlər yüksələn xəttlə inkişafını xüsusi ilə qeyd etmək olar. Qazaxıstanla Azərbaycan arasında münasibətlər forma və məzmun etibarı ilə artıq yeni müstəvidə daha da güclənməkdədir. Bu gün türk dövlətləri arasında olan əlaqələr tarixi reallıqlar üzərində formalaşır. Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazaxıstandır. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir. Təsadüfi deyil ki, hazırda Qazaxıstanda iki yüz minə qədər azərbaycanlı yaşayır (onların üçdəbir hissəsi Türküstan vilayətində). Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər. (Qeyd: Dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat yoldaşı Afaq qıpçaq soyundan olub).Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstana son səfəri 2022-ci il oktyabrın 13-14-də olub və dövlətimizin başçısı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VI Zirvə Toplantısında, həmçinin Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında iştirak edib. Ötən il avqustun 24-də isə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ölkəmizə rəsmi səfər edib. Dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir. Ümumiyyətlə, Azərbaycan və Qazaxıstan Prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib. Vurğulamaq yerinə düşər ki, Qazaxıstanın Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərində iştirakı iki ölkə arasında dostluğun təzahürüdür. Qazaxıstan tərəfindən Füzuli rayonunda tikiləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsinin təqdimatı, Şuşa ilə Türküstanın qardaşlaşması xalqlarımız arasında dostluğu və qardaşlığı daha da möhkəmləndirəcək. Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstan Respublikasına rəsmi səfəri, Astanada dövlət başçılarının geniş tərkibdə görüşü və Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması bu əlaqələrin davamlığına və möhkəm təməl üzərində qurulmasına söykənir. Bütün bunlar onu deməyə əsas verir ki, ortaq soykök və tarixi-mədəni əlaqələrə malik ölkələrimiz arasındakı münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf edəcək və genişlənəcəkdir. Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatı aparatının məsləhətçisi Aqşin Əliyev Geri dön |