Ana Sayfa > Özəl > Bizim şahinlərimiz Azərbaycanın səmasını daim qorumağa, Azərbaycanın ərazisini qorumağa, Azərbaycanın müstəqilliyini qorumağa qadirdirlə

Bizim şahinlərimiz Azərbaycanın səmasını daim qorumağa, Azərbaycanın ərazisini qorumağa, Azərbaycanın müstəqilliyini qorumağa qadirdirlə


11-04-2023, 16:45. Yazar: sevinc1
Bizim şahinlərimiz Azərbaycanın səmasını daim qorumağa, Azərbaycanın ərazisini qorumağa, Azərbaycanın müstəqilliyini qorumağa qadirdirlə

Azərbaycan Respublikası Hərbi Təyyarəçilər məktəbinin ilk buraxılışına həsr olunmuş təntənəli mərasimdə çıxışından ( 15 oktyabr 1997-ci il) ;
Müstəqil Azərbaycan Respublikasının ən vacib, ən böyük sahəsi onun Silahlı Qüvvələridir, Milli Ordusudur. Hər bir dövlətin müstəqillyinin rəmzi, təminatçısı onun silahlı qüvvələridir. Etibarlı, güclü, vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz.

Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən sonra bu müstəqilliyi yaşatmaq, möhkəmləndirmək, inkişaf etdirmək üçün çətin və ağır bir yol keçibdir. Bizim bu çətinliklərimizin ən böyük səbəbi Azərbaycana qarşı Ermənistan tərəfindən edilmiş hərbi təcavüzdür, bu təcavüz nəticəsində Azərbaycan xalqının öz torpaqlarını qorumaq üçün mübarizəyə qalxması və bunun nəticəsində yaranmış çətinliklərdir.
Ancaq eyni zamanda ölkəmiz dövlət müstəqilliyini əldə edəndən sonra Azərbaycanın dövlət quruculuğu prosesində böyük səhvlərə yol verilmiş, xalqa, millətə, dövlətə xəyanətlər edilmiş, pozucu qüvvələr Azərbaycanın dövlət quruculuğunu təmin etmək əvəsinə öz şəxsi mənafeləri naminə bu prosesi nəinki ləngitmişlər, hətta ona böyük zərbələr vurmuşlar.

Belə zərbələr vurulan sahələrdən biri də Azərbaycan silahlı qüvvələridir, Azərbaycan ordusudur. Ermənistan tərəfindən edilən təcavüz nəticəsində respublikamızın torpaqlarının 20 faizinin işğal olunmasının və Azərbaycanın böyük itkilər verməsinin əsas səbəbi də mən dediyim bu amillərə bağlıdır. O cümlədən, Azərbaycanda ölkəmizin torpaqlarını qorumağa qadir ola bilən ordunun yaradılmasında buraxılan səhvlər, edilmiş cinayətlər, günahlardır. Biz bu zərbələrin ağrı-açısını çəkirik.

Ancaq bunlarla yanaşı, son illər Azərbaycan Respublikasının Milli Ordusunun yaranmasında, möhkəmlənməsində və onun müasir tələblərə cavab vermək səviyyəsinə qaldırılmasında nailiyyətlərimiz də vardır. İndi tam qətiyyətlə deyə bilərik ki, artıq Azərbaycanda nizami ordu yaranıbdır, Azərbaycanın torpaqlarını, hüdudlarını, ölkəmizin dövlət müstəqilliyini mühafizə edə bilən, qoruya bilən silahlı qüvvələr yaranıbdır. Biz bu nailiyyətlərin şahidiyik. Ancaq bunlar bu sahədə görülən işlərin hələ başlanğıcıdır.

Biz son illər, xüsusən Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə ediləndən sonra yaranmış şərait nəticəsində respublikamızın ordusunun, silahlı qüvvələrinin yaradılması ilə ciddi məşğul olmağa imkan əldə etdik. Eyni zamanda Azərbaycanın silahlı qüvvələrinin tərkibinə ilk illərdə soxulmuş və silahlı qüvvələrimizi içəridən dağıtmağa, parçalamağa, ölkəmizin milli mənafelərinə zərər vurmağa cəhd edən dəstələr, qüvvələr artıq zərsizləşdiriliblər. Bizim silahlı qüvvələr bu cür cinayətkar, xəyanətkar dəstələrdən, qruplardan, qüvvələrdən demək olar ki, təmizlənibdir. Ancaq eyni zamanda sayıqlığı əldən vermək olmaz. Hələ heç də deyə bilmərik ki, bizim odumuzun möhkəmlənməsinə maneçilik göstərən qüvvələr tamamilə ləğv olunubdur. Təəssüf ki, biz bu gün də belə təxribatçı hərəkətlərlə, qüvvələrlə rastlaşırıq. Ona görə də əldə olunan nailiyyətləri qiymətləndirərək, o nailiyyətlərlə bu gün fəxr edərək, biz eyni zamanda ordumuzu, silahlı qüvvələrimizi cinayətkar, xəyanətkar qüvvələrdən, xarici ölkələrin təxribat, pozucu tədbirlərindən daim qorumalıyıq. Bu vəzifə bizim qarşımızda daim durur. Hər bir zabit, hər bir vəzifəli şəxs, eyni zamanda hər bir əsgər bunu bilməlidir.
Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev Azərbaycan Respublikası hərbi təyyarəçilər məktəbinin ilk buraxılışına həsr olunmuş təntənəli mərasimdə çıxışında həmçinin bildirmişdir ki, “ Müstəqil dövlət kimi biz bölgədə respublikamızı əhatə edən qonşu dövlətlərlə sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyirik. Mən dəfələrlə bəyan etmişəm, bu gün bir daha bildirirəm ki, Azərbaycan bir müstəqil dövlət kimi sülhsevər siyasət aparır və bu siyasətə daim sadiq olacaqdır. Biz ölkəmizdə sülh, əmin-amanlıq istəyirik. Biz bölgəmizdə, regionda, sülhün, əmin-amanlığın bərqərar olmasını istəyirik. Biz Qafqazda sülhün, əmin-amanlığın bərqərar olmasını istəyirik. Biz bütün qonşu dövlətlərlə sülh və əmin-amanlıq şəraitində dostluq və əməkdaşlıq əlaqələrini inkişaf etdirmək istəyirik.

Biz Ermənistan ilə hərbi münaqişəyə son qoymaq istəyirik. Biz atəşkəs rejimini bundan sonra da qoruyub saxlamaq üçün öz tərəfimizdən bütün tədbirləri həyata keçirəcəyik. Biz müharibənin yenidən başlanmasına tərəfdar deyilik və öz tərəfimizdən buna yol verməyəcəyik. Biz Ermənistanla olan bu münaqişənin sülh yolu ilə həll edilməsini indiki mərhələdə yeganə yol hesab edirik.

Məhz buna görə də biz Ermənistan-Azərbaycan hərbi münaqişəsinin ATƏT-in Lissabon Zirvə görüşündə qəbul olunmuş prinsiplər əsasında sona çatmasına çalışırıq. Biz bu baxımdan Minsk qrupu həmsədrlərinin son təkliflərini əsas olaraq qəbul etmişik və bu təklifləri münaqişəyə son qoymaq üçün yaxşı əsas hesab edirik.

Bildiyiniz kimi, bu təkliflər məsələnin iki mərhələdə həll olunmasını nəzərdə tutur. Birinci mərhələdə Azərbaycanın işğal olunmuş altı rayonundan Ermənistan silahlı qüvvələrinin çıxarılması nəzərdə tutulur. Bu, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonlarıdır. Bu rayonlardan Ermənistan silahlı qüvvələrinin çıxarılması və həmin rayonların əhalisinin öz yerinə-yurduna qayıtması Minsk qrupu həmsədrlərinin təkliflərinin birinci mərhələsinin əsasını təşkil edir.

Şübhəsiz ki, bunları təmin etmək üçün münaqişə zonasına ATƏT-in sülhü mühafizə qüvvələri daxil olmalıdır. Birinci mərhələdə müharibə nəticəsində dağıdılmış kommunikasiyalar bərpa edilməlidir. İkinci mərhələdə isə Azərbaycanın Laçın və Şuşa rayonlarından işğalçı qüvvələrin çıxarılması məsələsi həll olunmalıdır və bununla bərabər Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində yüksək dərəcəli özünü idarəetmə hüququ verilməlidir. Minsk qrupu həmsədrlərinin son təklifləri bunlardan ibarətdir. Qeyd etdiyim kimi, biz bunları əsasən qəbul etmişik.”
“ Mən bu gün çox şadam ki, bizim Milli Ordumuz günü-gündən inkişaf edir və onun bütün sahələri də yaranır. Yenə də deyirəm ki, bütün bunların hamısı ona görə deyil ki, biz bir militarist dövlət olmaq istəyirik. Xeyr. Bunların hamısı yalnız və yalnız Azərbaycanı müstəqil dövlət kimi yaşatmaq üçündür. Bizim də əsas məqsədimiz Azərbaycanın dövlət müstəqilliyini əbədi və dönməz etməkdir. Bunun üçün də ordunun bütün sahələrini inkişaf etdirmək lazımdır.

Mən bu gün sizi bu nailiyyətlər münasibətilə təbrik edirəm. Ancaq eyni zamanda istəmirəm ki, Müdafiə Nazirliyinin rəhbərliyi yaxud elə sizin özünüz də elə düşünəsiniz ki, artıq hər şey həll olunubdur və bununla da arxayınlaşasınız. Xeyr, bu başlanğıcdır. Amma bu, yaxşı başlanğıcdır, ilk addımdır və yaxşı addımdır. İstəyirəm ki, bu addımlar daim uğurlu olsun. İstəyirəm ki, bu təməl əsasında bizim güclü milli aviasiyamız olsun. İstəyirəm ki, bizim cəsur şahinlərimiz olsun, bu şahinlər öz məharətlərini bütün dünyaya göstərsinlər, o cümlədən, keçmiş illərdə bizim millətə bu sahədə bacarıqsız kimi qiymət verən adamlara göstərsinlər ki, azərbaycanlılar hər bir işin öhdəsindən gəlməyə qadirdirlər. Azərbaycan xalqı istedadlı xalqdır, onun istedadı hərbi sahədə də ən yüksək səviyyədə ola bilər. Azərbaycanlının istedadı, qabiliyyəti, havanı, səmanı fəth etməkdə də ən yüksək səviyyədə ola bilər. Mən əminəm ki, bu, belə də olacaqdır. Çünki mən bizim Azərbaycan gənclərinin həm fiziki cəhətdən genetik keyfiyyətlərinin yüksək olmasını, həm də xaraktercə, xasiyyətcə cəsur olmasını yaxşı bilirəm. Bunu bir çox azərbaycanlılar dəfələrlə, tarix boyu öz cəsurluğu ilə dünyaya nümayiş etdiriblər. Mən tam əminəm ki, bu gün də, gələcəkdə də bizim gənclərimiz bunu nümayiş etdirəcəklər.

Mən sizi ürəkdən təbrik edirəm. Bir daha deyirəm: Çox sevinirəm ki, indi milli şahinlərimiz var. Sevinirəm ki, bizim şahinlərimiz Azərbaycanın səmasını daim qorumağa, Azərbaycanın ərazisini qorumağa, Azərbaycanın müstəqilliyini qorumağa qadirdirlər.”

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Rüstəmzadə Nigar Ziyafət
Geri dön