Ana Sayfa > Özəl > Azərbaycan xalqı öz müstəqilliyini, milli azadlığını qoruyub saxlamalıdır

Azərbaycan xalqı öz müstəqilliyini, milli azadlığını qoruyub saxlamalıdır


11-04-2023, 16:41. Yazar: sevinc1
Azərbaycan xalqı öz müstəqilliyini, milli azadlığını qoruyub saxlamalıdır

“Azərbaycan xalqı öz müstəqilliyini, milli azadlığını qoruyub saxlamalıdır. Bunun üçün də Azərbaycanın güclü ordusu olmalıdır: “Bu, həm işğal olunmuş torpaqlarımızı düşməndən təmizləmək, həm də gələcəkdə müüstəqil Azərbaycanın etibarlı müdafiəsini təmin etmək üçün gərəkdir. Ona görə də orduya diqqət və qayğı göstərmək hər bir vətəndaşın borcu olmalıdır.”
Dahi şəxsiyyət onu da vurğulayırdı ki, bizim məqsədimiz müharibə etmək deyil. Ordumuzun yaranması, formalaşması, möhkəmlənməsi yalnız və yalnız Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin etmək üçün lazımdır. Biz düşdüyümüz vəziyyətdən sülh yolu ilə çıxmaq istəyirik.
1994-cü il mayın 12-də Ümummilli Liderin böyük səyləri nəticəsində Ermənistanla atəşkəs sazişinin imzalanması bir daha ölkəmizin sülh siyasətinə sadiqliyini dünyaya nümayiş etdirdi. Nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması üçün təxirəsalınmaz vəzifələrin həyata keçirilməsi, xalq-ordu birliyinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticəsini göstərdi. Ölkəmizdə keçirilən möhtəşəm hərbi paradlar, Beynəlxalq Müdafiə Sərgiləri ordu quruculuğu istiqamətində aparılan islahatların hesabatı kimi dəyərləndirilir.
Son 20 ilə yaxın dövrdə iqtisadi inkişafı və müdafiə qüdrəti ilə regionda fərqlənən bir ölkəyə rəhbərlik edən, ulu öndər Heydər Əliyev siyasətinə sadiqliyini atdığı hər bir addımında təsdiqləyən, Ali Baş Komandan İlham Əliyevin bütün bayram tədbirlərində hərbi gücümüz barədə söylədiyi qətiyyətli fikirlər, keçirilən hərbi paradlarda nümayiş etdirilən ən müasir hərbi texnika, döyüş silah və sursatı bir daha belə əminlik yaradırdı ki, biz hərb istəmirik, amma hərbə hər an hazırıq. Aparılan sülh danışıqları səmərə vermədiyi təqdirdə Azərbaycan işğal altında olan torpaqlarını hərb yolu ilə azad etmək gücündədir. Azərbaycanın güclü, peşəkar ordusu var.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı silahlardan, artilleriya qurğularından, minaatanlardan intensiv atəşə tutması nəticəsində başlanan Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə yeni səhifələr yazdı. 44 gün davam edən əks-əməliyyatlar nəticəsində Füzulinin, Ağdamın, Cəbrayılın, Kəlbəcərin, Qubadlının, Zəngilanın, Şuşanın, Hadrutun… 300-ə yaxın kəndin, strateji yüksəkliklərin işğaldan azad olunması ilə tarixi Zəfərə imza atan rəşadətli Azərbaycan Ordusu dünya hərb tarixinə yeni səhifə yazdı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu şanlı Zəfərimiz regionda və dünyada yeni reallıqlar yaratdı.  Bu uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir.

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Həmidova Arzu Pirverdi

Geri dön