Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-9 > Eltun Süleymanov: “Azərbaycan-Gürcüstan əlaqələri regionda sabitliyin qarantıdır”
Eltun Süleymanov: “Azərbaycan-Gürcüstan əlaqələri regionda sabitliyin qarantıdır”10-04-2023, 15:42. Yazar: sevinc1 |
“Azərbaycan-Gürcüstan münasibətləri hər iki ölkə üçün daima strateji əhəmiyyət daşıyıb. Bu münasibətləri hər iki xalqın milli maraqları şərtləndirir. Sürətlə dəyişən qlobal geosiyasət şəraitində Prezident İlham Əliyevin öz yaxın qonşuları ilə münasibətdə atdığı qətiyyətli və uzaqgörən addımlar regionu müəyyən yeni səviyyəyə çıxarıb. Gürcüstanla Azərbaycan arasında möhkəm dostluq əlaqələri qədim tarixə malikdir. İki ölkə arasında münasibətlər dostluq, qardaşlıq və qarşılıqlı hörmət təməli üzərində qurulub. Azərbaycanın həyata keçirdiyi bütün enerji və nəqliyyat kommunikasiya layihələri Gürcüstan üzərindən realizə olunaraq Qərbə istiqamətlənir. Azərbaycan şirkətləri qonşu ölkəyə ciddi sərmayə yatıran şirkətlər sırasında olmaqla həm də bu ölkədə ən böyük vergi ödəyiciləridir. Eyni zamanda Gürcüstan Azərbaycan Respublikasının əsas ticarət tərəfdaşlarından biridir. Bundan başqa, Gürcüstana yatırılan birbaşa investisiyaların həcmini nəzərə alsaq, Azərbaycanın Gürcüstanın ən əhəmiyyətli investisiya tərəfdaşlarından olduğunu da görərik. İndiyədək Gürcüstan Azərbaycan iqtisadiyyatına 93,8 mln. dollar, Azərbaycan isə Gürcüstana 3.2 mlrd. ABŞ dollarından çox investisiya yatırıb. Gürcüstana yatırılan investisiyaların həcminə görə ölkəmiz 2012-ci ildən etibarən 1-ci yerdədir.” Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib. Müsahibimiz qeyd edib ki, “Ölkələrimiz arasında mədəni əlaqələr də geniş inkişaf edib. Gürcüstanda ARDNŞ və Heydər Əliyev Fondu xeyriyyəçilik və sosial-mədəni layihələri həyara keçirir. 2009-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi nəticəsində Tbilisi şəhərində M.F.Axundzadənin adını daşıyan 73 saylı, Marneuli şəhərindəki 7 saylı, Qardabani şəhərindəki 3 saylı, Dmanisi rayon mərkəzindəki 2 saylı məktəblər əsaslı şəkildə təmir olunub istifadəyə verilmiş, eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən Qardabani rayonunun Qaracalar kəndində, Bolnisi rayonunun Hasanxocalı və Cəfərli kəndlərində, Dmanisi rayonunun Kirovis kəndində müasir tipli yeni məktəb binaları tikilmişdir. ARDNŞ-in Gürcüstan nümayəndəliyi tərəfindən Marneuli rayonunun Alget və Lecbəddin kənd orta məktəbləri, Qardabani rayonunda uşaq bağçası və Nəzərli kənd orta məktəbi təmir edilmiş, Marneulidə “Çay evi” inşa edilmiş, Tbilisi şəhərində yerləşən M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyi və görkəmli ictimai-siyasi xadim və yazıçı Nəriman Nərimanovun ev muzeyi təmir edilmişdir. Aprelin 7-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizə işgüzar səfərə gələn Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata birgə bəyanatla çıxış edirlər. Hər iki dövlət başçısı münasibətlərin yüksək səviyyədə olmasından razı qaldıqlarını bildirmiŞ bundan sonra da qarşılıqlı əməkdaşlığın ölkələrimiz üçün faydalı olduğunu qeyd etmişlər. Cənab prezident İlham Əliyev çıxışında qeyd etmişdir: “Gürcüstan ilə Azərbaycan uzun illər bir-biri ilə sıx əlaqədədir, biz dostuq, müttəfiqik, xalqlarımızı qardaşlıq əlaqələri bağlayır. Müzakirə olunan bütün məsələlər bir məqsədi güdür ki, ikitərəfli əməkdaşlığı dərinləşdirək və xalqlarımızın gələcəyi üçün lazım olan bütün addımları ataq.” Qeyd edək ki, ötən ilin iyununda Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında imzalanmış Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu tədarüklərin 2027-ci ilədək 20 milyard dollaradək artırılmasını nəzərdə tutur. Bununla əlaqədar olaraq, Gürcüstan ərazisindən keçən Trans-Anadolu boru kəmərinin (TANAP) ötürücülük qabiliyyətinin artırılması birinci dərəcəli əhəmiyyət daşıyır. Azərbaycan həmçinin Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə ixracı artırmağı planlaşdırır. Bundan başqa, hazırda fəaliyyət göstərməyən Bakı-Supsa neft kəmərinin istifadəsinə başlamaq planlaşdırılır. Beləliklə, Avropada Azərbaycanın enerji resurslarına yüksək tələbat fonunda Gürcüstanla əməkdaşlıq böyük potensiala malik ola bilər. Bu məsələyə xüsusi önəm verən cənab İlham Əliyev demişdir: “Biz gələcəkdə energetika sahəsində əməkdaşlığın yeni istiqamətləri üzrə fəal işləyəcəyik, daha doğrusu, bu iş artıq başlamışdır. Keçən ilin sonunda Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya önəmli Sazişə imza atmışlar. Bu ilin fevral ayında isə Bakıda yaşıl enerji layihəsinin birinci rəhbər komitəsinin iclası keçirilmişdir. Bu, genişmiqyaslı layihədir. Əlbəttə ki, bu layihənin uğurla həyata keçirilməsi həm dörd ölkənin birgə fəaliyyəti hesabına mümkün olacaqdır, eyni zamanda, bildiyiniz kimi, Avropa İttifaqı da bu layihəyə çox böyük önəm verir. Təsadüfi deyil ki, Avropa Komissiyasının Prezidenti imzalanma mərasimində də iştirak etmişdir. Təbii ki, ikitərəfli əlaqələrimizin önəmli hissəsi nəqliyyatla bağlıdır. Burada da bütün işlər uğurla gedir, plan üzrə gedir. Orta Dəhlizin həyata keçirilməsində Gürcüstan və Azərbaycan uğurla fəaliyyət göstərirlər. Əlbəttə ki, növbəti mərhələdə yükdaşımalarının həcminin artırılması istiqamətində əlavə addımlar atılacaqdır.” Eltun Süleymanov son olaraq qeyd etmişdir ki, Azərbaycanla Gürcüstan arasında olan sağlam münasibətlər, strateji tərəfdaşlıq hər iki ölkə üçün xüsusi önəm daşıyır. Ölkəmizin başçısı İlham Əliyevin bu sahədə həyata keçirdiyi siyasət hər iki ölkədə məmnunluqla qarşılanır. Çünki bu münasibətlər xalqların taleyində önəmli rola malikdir və inanırıq ki, cənab Prezidentin həyata keçirdiyi siyasət regionumuzda sabitliyin qarantı olmaqda davam edəcəkdir. Geri dön |