Ana Sayfa > Gündəm / İqtisadiyyat > İqtisadiyyatın neft-qaz sektoru

İqtisadiyyatın neft-qaz sektoru


9-04-2023, 16:58. Yazar: sevinc1
İqtisadiyyatın neft-qaz sektoru

Azərbaycanda ötən 8 ildə qeydə alınan sürətli iqtisadi inkişafda neft sektorunun rolu aparıcı olsa da son illər qeyri-neft sektoru ümumi iqtisadi artımda önə çıxmaqdadır. Rəsmi statistika və makroiqtisadi göstəricilərə əsasən son 8 ildə ölkədə qeyri-neft sektorunda artım 2.2 dəfədən çox olub. Neft gəlirlərinin iqtisadiyyatın şaxələndirilməsinə hesablanmış xərclənmə strategiyası özünü doğruldub. Keçid dövrünü yaşamış hər bir ölkə kimi Azərbaycan da güclü iqtisadiyyat qurmaq üçün öz təbii resurslarından faydalanıb, ancaq bu resurslardan əldə etdiyi gəlirlər hesabına iqtisadiyyatını uğurla şaxələndirə və onun neftdən asılılığını minimuma endirə bilib. Bu strategiya nəticəsində ölkədə tikinti, turizm, kənd təsərrüfatı, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları sektorlarında davamlı artım tendensiyası hökm sürməkdədir. Bu tendensiyanın göstəricilərindən biri kimi, son 8 ildə ölkədə 1 milyondan yuxarı iş yeri yaradılıb və bunun böyük hissəsi məhz qeyri-neft sektorunda baş verib.
Kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi Azərbaycanda qeyri-neft sektorunun inkişafında əsas prioritet sahələr hesab edilir. Beynəlxalq maliyyə institutları bu sahələr arasında kənd təsərrüfatı və turizmin əhəmiyyətini xüsusi qeyd edirlər. Belə ki, ölkənin məşğul əhalisinin 44 faizə yaxını məhz kənd təsərrüfatında çalışır. Bu səbəbdən ölkədə kənd təsərrüfatının inkişafına yönələn ardıcıl dövlət proqramları, islahatlar və yeni texnologiyaların cəlb edilməsi həyata keçirilməkdədir. Nazirlər Kabinetinin hesabatında yer alan rəqəmlərə görə 2003-cü ilə nisbətən 2011-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalında 34 faiz artım qeydə alınıb. Son üç ildə isə kənd təssərüfatının ümumi məhsulunun artım tempi orta hesabla 2,5 faiz təşkil etmişdir. Azərbaycanla sıx tərəfdaşlıq edən Asiya İnkişaf Bankı da kənd təsərrüfatı və turizmi ölkədə qeyri-neft sektorunun inkişafının aparıcı istiqamətləri hesab edir. Bank hesab edir ki, regionlarda infrastrukturun yaxşılaşması, kənd təsərrüfatı məhsulları istehsalçılarının subsidiyalaşdırılması və onlar üçün vergi güzəştlərinin saxlanması Azərbaycanda böyük potensiala malik olan kənd təsərrüfatı sahəsinin inkişafına yardım edir. Bankın hesablamalarına görə ölkənin turizm imkanlarından tam istifadə qeyri-neft ÜDM-inin artımına gətirib çıxaracaq. Belə ki, Azərbaycanın zəngin turizm potensialına malik olması və ölkədə turizm infrastrukturunun son illər sürətli inkişafı qeyri-neft sektorunun bu istiqaməti üzrə ölkəyə böyük gəlirlər vəd edir.
Hazırda Azərbaycanda istehsal edilən qeyri-neft məhsulları, o cümlədən elektrik maşınları və avadanlıqları, onların hissələri, kimya sənayesi məhsulları, tikinti materialları, hazır toxuculuq məmulatları və s. müxtəlif bölgələrə ixrac edilir. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafına zəmin yaratmaq üçün ölkə prezidentinin sərəncamları və təsdiq etdiyi inkişaf proqramları əsasında kiçik və orta sahibkarlığın dəstəklənməsinə, bu fəaliyyətlə məşğul olanlara güzəştli dövlət kreditlərinin ayrılmasına, kənd təsərrüfatına subsidiyaların yönəldilməsinə, ölkə boyu nəqliyyat-kommunikasiya infrastrukturunun yenidən qurulmasına milyardlarla dollarlıq vəsait xərclənib. Bu xərcləmələr çox keçmədən öz bəhrəsini verməyə başlayıb və iqtisadiyyatın qeyri-neft sektorunda böyük canlanmaya səbəb olub. İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə "Azərbaycan Respublikası iqtisadi rayonlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və digər proqramlar qəbul olunub. Bu proqramlar uğurla icra olunmaqdadır.
İqtisadi İnkişaf Nazirliyinin rəsmi məlumatlarına əsasən son 8 il ərzində Azərbaycanda sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı məhsullarının istehsalı 1.3 dəfə, tikinti sektorunda iş həcmi 3,2 dəfə, nəqliyyat xidmətlərinin həcmi 2,3 dəfə, rabitə və informasiya sektorunda xidmətlər isə 6,4 dəfə artıb. 2005-2011-ci illərin nəticələrinin təhlili göstərir ki, bu dövrdə, ümumi iqtisadi inkişafla yanaşı, qeyri-neft sektorunda da davamlı inkişaf qeydə alınmış və qeyri-neft sektoru üzrə ÜDM nisbətən sabit artım tempinə malik olmuşdur. İqtisadi İnkişaf Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Vergilər Nazirliyinin, Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına əsasən 2009-cu ildə qeyri-neft sektoru üzrə 6.2 faizlik, 2010-cu ildə isə 7.9 faizlik artım qeydə alınıb ki, bu da qlobal iqtisadi böhranın hökm sürdüyü bir vaxtda kifayət qədər sensasiyalı nəticə idi. 2010-cu ildə il təkcə sənaye məhsulu istehsalı neft sektorunda 1,7%, qeyri-neft sektorunda isə 6,6% artmışdı. Bütövlükdə, qeyri-neft sektorunun inkişafında "Azərbaycan Respublikasının regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" ilə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə, o cümlədən istehsal və xidmət müəssisələrinin tikilməsinə böyük yer verilir. Rəsmi statistikaya görə 2003-cü ildən indiyədək ölkədə 1927 istehsal təyinatlı obyektlər istifadəyə verilmişdir. 2011-ci ildə isə 40-dan artıq sənaye müəssisəsi istismara verilib, təxminən 100 müəssisənin tikintisi davam edir. Hazırda regionlarda 200-dən çox müəssisə, o cümlədən 70-dən çox sənaye müəssisəsinin tikintisi davam etdirilir və 75 istehsal-emal müəssisəsinin istifadəyə verilməsi gözlənilir. Bu istehsal-emal müəssisələri hökumət yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) güzəştli kreditləri hesabına tikilir.
Beynəlxalq Valyuta Fondu qeyri-neft sektorunda yüksək artım tempi müşahidə edir.Qeyri-neft sektorunda artım tendensiyası 2011-ci ildə də davam edib. Həmin il qeyri-neft ÜDM-in artımı 9.5 faiz təşkil edib, ilin 11 ayı ərzində ümumilikdə 45,5 milyard manatlıq ÜDM istehsal olunub ki, bunun da təqribən 21,5 milyard manatı və ya 47%-i qeyri-neft ÜDM-in payına düşüb. Nəticədə son illərdə ilk dəfə olaraq qeyri-neft sektorunda istehsal olunan ÜDM-in həcmi ilə neft sektorundakı ÜDM arasında tarazlıq yaranıb. 2011-ci ildə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 5 milyard 475,1 milyon manat təşkil edib. Bunun 2 .9 milyard manata yaxını qeyri-neft sektorunun payına düşüb ki, bu da 2010-cu ilə olan göstəricidən 22 faiz çox idi. Beynəlxalq Valyuta Fondunun hesabatında deyilirdi ki, 2011-ci ildə Azərbaycanda qeyri-neft iqtisadiyyatı yüksək artım tempini davam etdirmiş və yaxın müddət üçün iqtisadi perspektivlər bütövlükdə müsbətdir. Fondun bildirdiyinə görə, qeyri-neft sektorunda, əsasən, tikinti və xidmət sahələrinin hesabına qeydə alınan 9.5 faiz artım 2011-ci ildə neft hasilatının texniki səbəblərlə bağlı 10 faiz azalmasını, demək olar ki, tam kompensasiya etmişdir. Hesabata görə Azərbaycanda iqtisadi perspektivlərlə bağlı olan risklər, əsasən, balanslaşdırılmışdır və BVF-in Bakıdakı missiyası avro zonada yaşanan böhranın Azərbaycanın iqtisadiyyatına birbaşa təsirlərinin məhdud olacağını gözləyir.
Sektorun inkişafı ölkənin beynəlxalq reytinqini yüksəldir.Azərbaycanda qeyri-neft sektorunun son illər ərzində müşahidə edilən davamlı inkişaf tendensiyası beynəlxalq reytinq agentlikləri tərəfindən ölkənin reytinqinin yüksəltməsində də əsas kimi nəzərə alınır. 2012-ci ilin aprelində «Moody’s İnvestors Service» beynəlxalq reytinq agentliyi Azərbaycanın müstəqil reytinqini «Ba1»-dən «Baa3» həddinə qədər yüksəldib. Bu zaman Azərbaycanda qeyri-neft sektorunun sürətli inkişafı da reytinqin yüksəlməsinə səbəb olan amillərdən biri kimi göstərilib. Agentlik qeyd edir ki, hökumət Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə özəl sektoru fəal dəstəkləyir. Bu fond vasitəsilə təkcə 2010-cu ildə 100-dən çox şirkətə 125 milyon dollar məbləğində güzəştli kreditlər ayrılıb. Həmçinin 2011-ci ilin dekabr ayında digər nüfuzlu beynəlxalq reytinq agentliyi “Standart & Poor’s” Azərbaycanın xarici və daxili valyutada uzunmüddətli suveren kredit reytinqini bir pillə artıraraq “BBB-“ səviyyəsinədək qaldırıb və bununla da Azərbaycana investisiya reytinqi verib. Agentlik, həmçinin, Azərbaycanın xarici və daxili valyutada qısamüddətli suveren kredit reytinqini də bir pillə artaraq “B” səviyyəsindən “A-3” səviyyəsinə çatdırıb. Bu zaman əsas amillərdən biri kimi qeyri-neft sektorunda davamlı inkişaf nəzərə alınıb. Həmçinin iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına yönələn strategiyanın nəticələri olaraq Davos İqtisadi Forumunun reytinqində Azərbaycan iqtisadiyyatın rəqabətə davamlılığına görə 55-ci, MDB-də isə birinci yerdə göstərilib.
Beləliklə, Azərbaycan özünün zəngin neft-qaz ehtiyatlarından uzunmüddətli və davamlı iqtisadi inkişafa nail olmaq üçün uğurla faydalanmaqdadır. “Qara qızıl”ın qeyri-neft sektorunun inkişafı üçün aparıcı qüvvə olan insan kapitalına çevrilməsi, neft-qaz gəlirlərindən istifadə etməklə gələcəkdə bu gəlirlərdən asılı olmayan güclü, rəqabətədavamlı iqtisadiyyat qurulması strategiyası öz nəticələrini verməkdədir.
Azərbaycan hökuməti növbəti 10 il ərzində qeyri-neft sektorunu 2 dəfə artırmağı düşünür
Hazırda Azərbaycan dünyanın sürətli inkişaf tempinə malik olan ölkələrindən biridir. Təbii ki, ümumi iqtisadi göstəricilər arasında qeyri-neft sektorunun payı da artmaqdadır. Qeyd edək ki, ölkəmizdə neft və qaz gəlirlərindən asılılığın ilbəil azaldılması məqsədilə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər son 2 ildə qeyri-neft sektorunun ümumi daxili məhsuldakı xüsusi çəkisinin artmasına səbəb olub. Rəqabətədavamlı istehsal və emal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sahibkarlara güzəştli maliyyə yardımı mexanizmlərinin gücləndirilməsi, habelə sənaye potensialının möhkəmləndirilməsi istiqamətində görülən işlər inkişaf dinamikasını qeyri-neft sektorunun xeyrinə dəyişib.
Sözsüz ki, Azərbaycan iqtisadiyyatında inkişaf göstəriciləri arasında sənayenin çəkisi də artmaqdadır. Bütövlükdə, respublikanın müxtəlif bölgələrində, Bakıda sənayeləşmə proqramının uğurlu icrası nəticəsində yeni böyük, kiçik istehsal və emal sənayesi müəssisələri fəaliyyətə başlayır, yeni iş yerləri açılır. Təkcə 2012-ci ildə ölkədə 60-dan çox sənaye müəssisəsi istifadəyə verilib. Gələcəkdə sənayeləşmə siyasəti çərçivəsində zəruri işlər, o cümlədən yeni neft-qaz və neft-kimya kompleksi, gəmiqayırma, gübrə zavodları və polad istehsalı kompleksinin yaradılması davam etdiriləcək. Həmçinin, Balaxanı Sənaye, Sumqayıt Kimya Sənaye və Yüksək Texnologiyalar parklarının təşkili istiqamətində ardıcıl işlər aparılır. Bundan başqa, Mingəçevirin sənaye potensialı və investisiya qoyuluşu imkanları araşdırılır.
Qeyd edək ki, qeyri-neft məhsullarının ixracı isə ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 13,5 faiz artıb. İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlığı, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil edib.
Yeri gəlmişkən bildirək ki, Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunda böyük çəkiyə malik olan kənd təsərrüfatı da sürətlə inkişaf edir. 2013-cü ilin birinci yarısında aqrar bölmədə müşahidə olunan artım 5 faiz təşkil edib. Aqrar sahənin inkişafı isə mühüm olan ərzaq təhlükəsizliyinin təminatının qarantı kimi çıxış edir. Ərzaq təhlükəsizliyinin təminatı həm də daxili istehsal və emal sahələrinin inkişafını sürətləndirməklə yanaşı rəqabət qabiliyyətli məhsulların istehsalını stimullaşdırır. Qarşıda duran vəzifələrdən biri isə rəqabət qabiliyyətli məhsulların istehsalını artırmaqdır. Məsələn, Azərbaycan son 4 ildə marqarin ixracını 54 faiz artırıb. Həmin məhsulun ixracından əldə etdiyi gəlirin həcminə görə Azərbaycan MDB məkanında yalnız Ukrayna və Rusiyadan geri qalır.
Dövlət investisiyalarının artırılması və qeyri-neft sektorunun inkişafına yönəldilməsi onu deməyə əsas verir ki, hökumət neftdən gələn gəlirlərdən olduqca səmərəli istifadə edir. Yəni, milli iqtisadiyyatın inkişafı üçün maliyyə resurslarına malik olmaq heç də inkişaf demək deyildir, əsas məsələ bu maliyyədən necə istifadə etməkdədir. Xüsusilə son bir neçə il iqtisadi qüdrətinə görə dünyanın supergücləri olan ən inkişaf etmiş dövlətlər üçün qlobal maliyyə və iqtisadi böhranın yenə də davam etməsi və iqtisadi inkişaf templərinin azalması, işsizliyin artması kimi xarakterizə olunsa da, müqayisədə həmin müddəti Azərbaycan üçün uğurlu iqtisadi-siyasi-sosial inkişaf dövrü kimi xarakterizə etmək olar. Bir sözlə, Azərbaycanda makroiqtisadi riskləri tam neytrallaşdıra biləcək səviyyəyədə strateji valyuta ehtiyatları var.

Zərinə Hümbətova,
Azərbaycan Dövlət Pedaqoji Universiteti, YAP üzvü, Nəsimi rayon gənci


Geri dön