Ana Sayfa > Özəl > Dostluq haqqında yeni yazım və şeirlərim.

Dostluq haqqında yeni yazım və şeirlərim.


8-04-2023, 13:05. Yazar: sevinc1
Dostluq haqqında yeni yazım və şeirlərim.

Əsl dostluq istəyirəm

Bu həyatda hər bir kəsin könül dostu, qəlb dostu, qayğısına qalan bir kəsi var. Heç kim deyə bilməz ki, mənim dostum yoxdur. İndi elə zamana, dövrana gəlib çıxmışıq ki, hamıyla könül, can qızdırıb dərd-sərini danışmaq olmur.
Həyat çox qəribə olub. Dünən süfrənin başında əyləşən insan sabah sənin qatı düşməninə çevrilir. İndi kimsəyə yaxşılıq etmək, xoş söz söyləmək də olmur. Çox qəddarlaşma gedir bizdə. Yaxşılıq edirsən sonra ziyanın görürsən, xoş sözün də əvəzində mütləqadır ki, elə başa düşürlər ki, yəqin nəsə ona işin düşüb. Yoxsa, sən ona xoş söz söyləməzdin. Aramızda belə situasiyalarla qarışlaşanlar çoxdur. Bəzən elə vaxt olur ki, ürəyinin sirrini kiminləsə bölüşmək istəyirsən, kiminləsə oturub dərdləşmək, bir stəkan çayını içib, onunla arzularını, gələcək planlarını bölüşmək istəyirsən. Amma çifayda! Bu elə də asan deyil. İndi dostluqlar da təmənna üzərində qurulub. Dostluğu da, yoldaşlığı da təmənnalı edirlər. Şair bəlkə də bu gün üçün deyib: " Dostun yoxsa, kasıblardan kasıbsan".
Reallıqda, gerçəkdə həqiqətən də elədir. Dost olmayan evin nə ruzisi olar, nə də bərəkəti. İnsan birinci növbədə dostlarla mənən zəngin olmalıdır. Atalar demişkən: " Dost dar gündə tanınar". Amma indi dar, çətin günün dostu yoxdur. Hanı o əsl dost ki, onun kölgəsini üzərində hiss edəsən, hanı əsl dost ki, səni çətinliyin məngənəsindən xilas edə. Ürəyi sənin ürəyinlə bir vura, qəlbi sənin qəlbinlə bir döyünə, sənə köməklik edə, qoymaya, büdrəyəsən, yıxılasan. Yalançı feyusbukdakı bəzi virtual dostlardan istəmirəm. Feyusbukda yalandan bir yazımın altından yanındayam smayliki yapışdırsınlar. Söz yox, burda da istisnalar var. Virtual aləmdə də fərqli, vicdanlı fərdlər, şəxslər var. Amma yenə də mənə əsl dost lazımdır. Elə əsl dost olsun ki, ona mənim qanım qaynasın. O mənim, əqidədaşım, məsləkdaşım olsun. Əlbəttə ki, vəfası, etibarı da öz yerində. Dostluq haqqında çoxlu aforizmlər, atalar sözləri, esselər, şeirlər mövcuddur.
Bu aforizmlərdən birini nəzərinizə çatdırmaq istəyirəm.
"Ancaq o adamlar həqiqi dost ola bilərlər ki, kiçik çatışmazlıqları bağışlaya bilsinlər".(Jan de Labrüyer)
Şəxsi maraqları üçün dostluq edənlər nə qədər istəsəniz ətrafımızda çoxdur. Bunu gözlə də görmək mümkündür. Çünki elələri ilə hər gün qarşılaşırıq, rastlaşırıq. Kimi vəzifəyə, kimisi də kürsülərə yalmanır. O bədbəxtlər unudur ki, səhər vəzifə, kürsü olmaya bilər. Heç kim heç nədən sığortalanmayıb ki, ölən günəcən mənim vəzifəm olacaq. Həyatdır, olmadı elə, oldu belə. Hər şey ola bilər. Dərin dərrakəli adamlar, insanlar vəzifəyə, pula görə vəzifəlilərlə dostluq etməz. Dostluğu uca bir dağa, meyvəli bağa, qurumaq bilməyən bulağa bənzədirəm. Dost son tikəsini, dostuyla bölüşməli, yediyini dostuyla tənyarı bölməli, son nəfəsinəcən dostunun yanında qalmalı. Əfsuslar olsun ki, indi dar günün dostu yoxdur. Təklənəndə, yalqızlaşanda, göydə Allahıma, etdiyim ibadətlərə, Qurana, Xalidə nənəmə sığınıram. Kitablarımı qarşıma töküb mütaliə etməklə məşğul oluram. Dostluğumu kitablarla edirəm. Bakı şəhərində hamıya dost deyə bilərəm. Şair Molla Cümə demişkən, " Dost ya bir olar, ya iki". Tamamilə doğrudur. Bəlkə də bu mənim ürəyimin genişliyindən, qəlbimin saflığından irəli gəlir ki, hamıya dost kimi yanaşıram. Elə real dostlarım var ki, əsrimizin bəlası sosial şəbəkələrdəki virtual dostlarım real dostlarımdan qat-qat yüksəkdədirlər, ürəkləri xalqla, millətlə, vətənlə çırpınır. Həm də təəssübkeşdirlər, qeyrətlidirlər. Onu da bilin ki, hər insan kişi kimi, real dostluq etməyi bacarmır. Təkrarçılıq da olsa, yenə də deyirəm. Biz yəni mən, sən, o biz və qeyri başqaları heç nədən sığortalanmamışıq. Başımıza hər iş gələ bilər. Yadımızda saxlayaq ki, bu həyatdır. Enişiylə, yoxuşuyla, ölümüylə, itimiylə, qalımıyla, yaşamıyla. Allah eləməmiş işdir birdən sabah başıma bir iş gəlmiş olsa, elə zənn edirəm ki, "dostlarım" mən yıxılanda mənə əl verməyəcək, çətinliklərimi görməyəcək. Zatən elə idi. Neçə illər ərzində çətinliklərimə göz yumanlardan mənə dost ola bilmədisə, indən belə də onlardan nəsə gözləmirəm. Onlar laqeydlik xəstəliyinə tutulublar. Həmin laqeydlik xəstəliyi bir narkotik xəstəliyidir. Toxumun içində hüceyrədən törəmiş yeni bitki mayası kimidir. Laqeydlik bədəndə xərçəng xəstəliyi kimi yayılan, bir rüşeymdir. Nə əlacı var, nə çarəsi. Çox ağrılı-acılı zəmanədə yaşamağa məhkumuq. Çox yalançı dostların üzündən maskasını qoparıb, çıxara bilmişəm. Xoşbəxt söz adamıyam ki, insanları, adamları tanımağı artıq bilirəm. İllah da incəsənət aləmində fəaliyyət göstərənləri. Mənim aləmimdə mən dərdin odunda yanıramsa, dost mənlə bərabər o odda yanmalıdır, mən ağlayıramsa, mən sızlayıramsa, kədərlənirəmsə, sevinirəmsə, dost da mənə görə narahatçılıq keçirməlidir. Ay başınıza dönüm, dost elə - belə olmur. El arasında belə deyim var: " Dostluq on ili, on beşili keçdisə, o dostluq yerini dəyişir qohumluğa keçir. Bax, budur dostluğun mahiyyəti. Yoxsa, dostun üzünə qapı açmayanlar, çörəyindən, suyundan dostuna verməyənlər var ki, mən onları dost kimi qəbul etmirəm. Onları zamanın süzgəcindən, dostluq xəlbirindən keçirdəndən sonra iki əlimi başıma döymüşəm. İlahi, mən bunlara dost demişəm, mən bunlara qızıldan qiymətli vaxtımı qara pul kimi xərcləmişəm. Peşiman da oluram, pərişan da. Çəkilib bir küncə, bir qırağa öz-özümlə söhbət edirəm, danışıram. Özlüyümdə aranı dağa, dağı arana daşıyıram. Axırda belə bir qənaətə gəlirəm ki, daha ayıl Fuad, bəsdir yatdın. Daha yatmağın vaxtı deyil. Kimlə oturduğunu, durduğunu bil. Kimlər sənə sadiqdir, kimlər sənə sadiq deyil, kimlər sənin ayağının altını qazır, kimlər sənin yolunda tuzaqlar qurur. Bunları bilməlisən, sezməlisən. Təkcə mən yox, bütün sadiq insanlar bilməlidirlər ki, hər adamla arada dostluq körpüsünü qurmaq olmaz.
Elə dostlarım olub ki, onlara gözümün yağını da yedirtmişəm. Sonda nə oldu? Onlar mənə nə etdi? Yollarımı bağladılar, işimdən etdilər, bir loxma çörəyimi qazanmağa qoymadılar.
Dostluq da sevgi, məhəbbət kimi bir şeydir. Nəthər bir qızla ailə həyatı quranda insan yüz ölçür, bir biçir. Bax, dostluq da o cürdür. Dostluğu seçəndə gərək ki, yanılmayaq. Əsl dost evinin içində olacaq, bütün sirlərini dostla bölüşəcəksən. Hara getdiyini, hardan gəldiyini ona deyəcəksən. Evinin içində ailənin bir üzvünə çevrilmiş dostunla aranızda qara pişik keçəndə yenə mehriban düşmən kimi qalmalısan. Ən azından bir-birinizin evində çörək kəsibsiniz. Əksinə olanı da çox olub. Onlar Allahdan, çörəkdən, duzdan qorxmalıdırlar.
Əbəs yerə Məhəmməd Peyğəmbər (s) buyurmayıb ki, " "Dostlar müxtəlif bədənlərdə bir ruhdurlar".

P.S. Bugünkü yazıma İmam Əlinin aforizmi ilə nöqtə qoyuram.
"İnsan öz dostunun dinindədir. Beləliklə, hər biriniz kiminlə dostluq etməyinizin fərqində olun".

P.S.S. Dostluq haqqında şeirlərimlə də tanış ola bilərsiniz.

Yaşamalı dostluq məncə

"Bədənlərdə bir ruh kimi",
Birnəfəslik can, ah kimi.
İçimizdə Allah kimi,
Yaşamalı dostluq məncə.

Dönməlidi söz, dastana,
Səs salmalı hər bir yana.
Bağ-bağçaya, gülüstana,
Qarışmalı dostluq məncə.

Yolumuzda tək mayaktək,
Durmalıdı şax bayraqtək.
Könlümüzdə od-ocaqtək,
Alışmalı dostluq məncə.

Mübarizlər meydanında,
Bəyzadələr cahanında.
Lap olsa da son anında,
Vuruşmalı dostluq məncə.

Haqsızlıqdan üşüyən an,
Keyiyəndə canında can.
Həyat onu yoran zaman,
Danışmalı dostluq məncə.

Müəllif: Fuad Biləsuvarlı

8 aprel

Dağ kimi qəlbimi paralamısan

Daha səbrim çatmır, tərpətmə simi,
İncitmə dərd dolu sınıq könlümü.
Asma ürəyimdən kədəri, qəmi,
Dağ kimi qəlbimi paralamısan.

Qarşıma çıxaraq o, soyuq üzlə,
Qəlbimə toxundun sərt, acı sözlə.
Elə yanındakı bir zalım qızla,
Lap məni içimdən yaralamısan.

Ona görə mənlə arana hasar,
Çəkmisən yəqin ki, pullu dostun var.
Uçurtdun dünyamı yox səndə ilqar,
Dünyamı gözümdə qaralamısan.

Bilirdim bu dünya axmaq dünyadı,
Bilinmir doğması, bilinmir yadı.
Dünən sənə bacım deyən Fuadı,
Bu gün də özündən aralamısan.

Müəllif: Fuad Biləsuvarlı

Dost!

Yol üstə görüşmək heç yaxşı deyil,
Gəl mənim evimin mehmanı ol, dost!
Olandan, keçəndən danışaq bir az,
Çarəsiz dərdimin dərmanı ol, dost!

Çətini birlikdə biz edək asan,
Doğmalar bir başqa, sən bir başqasan.
Bu kasıb süfrəmdə daim başdasan,
Dostluq sarayımın sultanı ol, dost!

Şad günümdə axtar, darda yada sal,
Ağır zamanımda gəl yanımda qal.
Sən ağzıdualı, xoş məramlı ol,
Könlümün yenilməz imanı ol, dost!

Yamanlar gec ya tez alacaq cəza,
İgid oğul odur, inanıb dözə.
Fuadam, çörəyi gəl batır duza,
Ömrümün qiymətli zamanı ol, dost!

Müəllif: Fuad Biləsuvarlı

Vəfasız " dostlardan" küsüb bu ürək

Gördüm çoxlarının boz üzünü mən,
Dəyişən simasın, yüz üzünü mən.
Görmədim onların düz sözünü mən,
Vəfasız "dostlardan" küsüb bu ürək.

Onları lap əzəl pirim bilirdim,
Naxışım, bir incim, zərim bilirdim.
Sədəfim, saflığım, dürüm bilirdim,
Vəfasız "dostlardan" küsüb bu ürək.

Babalar deyərdi hey ağız dolu,
Vəzifə dəyişir hər vaxt sağ, solu.
Görünür dost sənin cibinin pulu,
Vəfasız "dostlardan" küsüb bu ürək.

Qəlbimi ovudan sözləri yoxdu,
Dar gündə yanımda özləri yoxdu.
Day məni görməyə gözləri yoxdu,
Vəfasız "dostlardan" küsüb bu ürək.

Bu bəzi adamlar çaş doğulub, çaş,
Gördüm ki, çoxunda heç yoximiş baş.
Nəhayət hamını tanıdım qardaş,
Vəfasız "dostlardan" küsüb bu ürək.

Dərdin girdabında boğulur könlüm,
Yox təmiz havası sıxılır könlüm.
Təlaşın içində dağılır könlüm,
Vəfasız "dostlardan" küsüb bu ürək.

Müəllif: Fuad Biləsuvarlı

Ürək məni yıxdı dostum

Çox əlləşdim gündüz - gecə,
Əməyim də getdi heçə.
Çin çıxmayan neçə-neçə,
Dilək məni yıxdı dostum.

Kədər məndə bol bəhər ki,
Yediyim də qəm- qəhər ki.
Zəiflədim o qədər ki,
Külək məni yıxdı dostum.

Şeytan cildli, içi iblis,
Paxıl qurdlu, xain, xəbis.
Südü xarab, nankor, naqis,
Kələk məni yıxdı dostum.

Nə olsun ki, oldum adil,
Üzdü məni dili qafil.
Yaşayardım bəlkə yüz il,
Ürək məni yıxdı dostum.

Müəllif: Fuad Biləsuvarlı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident mükafatçısı
Geri dön