Ana Sayfa > Özəl > Prezident İlham Əliyev “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər”
Prezident İlham Əliyev “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər”7-04-2023, 12:12. Yazar: sevinc1 |
Bu gün Azərbaycan Respublikasına Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev rəhbərlik edir. İlham Əliyevin siyasəti nəticəsində ölkəmiz yeni inkişaf dövrünə qədəm qoymuşdur. Bu istiqamətdə əmin addımlarla regionda öz sözünü deyən güclü bir dövlətə çevrilmişik. İlham Əliyev bütün dünya dövlətləri tərəfindən qəbul edilən müasir və görkəmli dövlət xadimidir. 44 günlük Vətən müharibəsi dövründə dünya mətbuatına verdiyi müsahibələrlə Azərbaycan xalqını bir daha zəkasına, dünya görüşünə heyran qoymuş, xalqımızın qəlbində mübariz xalqın qalib sərkərdəsinə çevrilmişdir. İlham Əliyev siyasətinin xalqın və dövlətin dayanıqlı inkişafına yönəlmiş istiqaməti bu gün cəmiyyətimizdə baş verən inkişafla öz sözünü deyir. İlham Əliyev 2018-ci ildə andiçmə mərasimində bu məqsədini açıq şəkildə ifadə etmişdir. Prezident İlham Əliyev 2018-ci il 11 aprel tarixli andiçmə mərasimində çıxışı zamanı bildirmişdir: “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var... Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”. Dünyanın dövlətçilik tarixinə nəzər yetirdikdə fərqinə varırıq ki, iqtisadi gücü olan dövlətlər dünya dövlətləri arasında söz sahibi olur. İlham Əliyevin də öz siyasi proqramını bu istiqamətdə qurmasını söylədiyi ifadələrdə açıq şəkildə görürük. Buna görə də İlham Əliyevin hakimiyyəti dövrünü iqtisadi yüksəliş dövrü kimi qiymətləndirməliyik. “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər”– fikri səsləndirən Prezident İlham Əliyev davamlı olaraq iqtisadiyyat sahəsində islahatların təşəbbüskarı kimi çıxış edir. 2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur. Bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə artıb. Ölkənin strateji valyuta ehtiyatları 26.6 dəfə artıb, maliyyə imkanlarımız əsaslı şəkildə yaxşılaşıb. Xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi altı dəfə artıb. Regionlarda ümumi məhsul buraxılışının artımı 3,6 dəfəyə bərabər olub. Əhalinin nominal gəlirləri 8.6 dəfə, minimum əmək haqqı 12.9 dəfə, xaricə səfər edən vətəndaşların sayı 2,2 dəfə, əhalinin banklardakı əmanəti 30 dəfə artıb. 1958400 yeni iş yeri açılıb, 326.6 min nəfərə ünvanlı dövlət sosialyardımı verilib. İşsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə enmiş, 245 min nəfə məcburi köçkün mənzillə təmin olunub. Davamlı inkişafa və siyasi sabitliyə səs vermiş Azərbaycan xalqı öz seçimində yanılmadı. 2003-2018-ci illər ərzində maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Sosial infrastruktur inkişaf edib, o cümlədən 3100-dən çox məktəb və 640-dan çox xəstəxana tikilib və təmir edilib. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb. Qeyd olunan rəqəmlər onu göstərir ki, sosial siyasət daim diqqət mərkəzindədir. 2003-2018-ci illərdə Azərbaycan qlobal rəqabətlilik indeksində dünyadakı mövqeyini xeyli gücləndirmişdir. Davos Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 35-ci pillədə qərarlaşıb və MDB məkanında liderliyini qoruyub saxlayıb. Azərbaycan dünyada ən çox islahat aparan 10 ölkədən biri kimi tanınıb. Həmçinin, ölkəmiz innovasiya potensialına görə dünyada 44-cü, dövlət orqanlarında İKT-nin tətbiqi üzrə 14-cü olub. Ölkə ərazisində internetin tətbiqi genişləndirilib və internet istifadəçiləri əhalinin 78 faizini təşkil edib. İKT sektorunun iqtisadiyyatda payı 3,7 dəfə artıb. Azərbaycan müasir dünyanın çağırışlarına daha dayanıqlı iqtisadiyyat formalaşdırmaqla cavab verir. Azərbaycanda yüksək texnologiyalar sürətlə inkişaf etmiş və ölkəmiz dünyanın məhdud sayda üzvü olan kosmik klubuna daxil oldu. Azad sahibkarlığa yaşıl işıq yandırmış Prezident İlham Əliyev siyasi kursu xalqın rifahını və ölkənin iqtisadi gücünü daha da yüksəltmişdir. 2003-2018-ci illər ərzində sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir. Bu kreditlər və sahibkarların öz vəsaiti hesabına minlərlə yeni müəssisəyaradılmışdır və qeyri-neft sektorunun inkişafı təmin edilmişdir. 2003-2018-ci illərdə iqtisadiyyatın neft-qazsektoru əsaslı şəkildə inkişaf etmişdir. 15 il ərzində sözü gedən sahəyə xüsusi diqqət göstərilirdi. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tiflis-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi və ölkə böyük gəlirlər əldə etməyə başladı. 2007-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirmişdir. 2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməli qoyulub. 2018-ci il 29 may tarixində Bakıda “Cənub Qaz Dəhlizi”nin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı olub. Cənub Qaz Dəhlizinə qoyulan sərmayə 40 milyard dollar bərabərdir. Bu vəsaitin böyük hissəsi xarici tərəfdaşlar, banklar tərəfindən qoyulur. 2003-2018-ci illər milli maraqların qorunmasına xidmət edən strateji nailiyyətlər dövrüdür. Prezident İlham Əliyev milli ideya ətrafında xalqı birləşdirib. Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub. Qeyd olunan illər eyni zamanda Azərbaycan Ordusunun sürətli inkişaf dövrüdür. Təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasına daxil olub. 2016-cı ilin aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Həmçinin, həmin illər ərzində əldə olunmuş iqtisadi inkişaf və aparılan effektiv xarici siyasət nəticəsində Ermənistan bütün regional layihələrdən təcrid olunub. 2003-2018-ci illər ərzində Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edə nölkəyə çevrilmişdir. Həmin illər ərzində ölkədə böyük infrastruktur layihələr reallaşdırılmışdır. Ölkə daxilində enerji təminatı əsaslı şəkildə yaxşılaşmışdır. 30-dan çox elektrik stansiyası tikilib. Onların generasiya gücü 3900 meqavata bərabərdir. 2003-2018-ci illər yol və nəqliyyat infrastrukturunun sürətlə inkişaf edən dövrüdür. Həmin illər ərzində ölkəmizdə 15 min kilometr yeni yol çəkilişi təmin edilmişdir. Yeddi aeroport tikilmiş, onlardan altısı beynəlxalq statusa malikdir (Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, Gəncə Beynəlxalq Hava limanı, Lənkəran Beynəlxalq Hava Limanı, Naxçıvan Beynəlxalq Hava Limanı, Qəbələ Beynəlxalq Hava Limanı, Zaqatala Beynəlxalq Hava Limanı və Balakən Hava Limanı). Xəzər dənizində ən böyük yeni ticarət limanın inşası başlanmışdır. Dəmir yolu infrastrukturu yenilənib. Su təchizatı məsələləri əsasən öz həllini tapmışdır. 2004-cü ildə Bakının su təchizatı ilə bağlı problemləri çox ciddi idi. O vaxt Bakı sakinlərinin 29 faizi içməli su ilə təmin olunurdu. 2018-ci ildə bu rəqəm 81 faizə çatmışdır. Ölkə üzrə isə 2004-cü ildə təqribən 20 faiz əhali içməli su ilə təmin edilirdi, 2018-ci il üçün bu rəqəm 67 faizə çatmışdır. 2003-2018-ci illər ərzində kənd təsərrüfatının inkişafı üçün böyük meliorasiya tədbirləri görülmüşdür. Dörd böyük su anbarı tikilmiş və hər il 100 mindən çox hektara yeni su mənbəyi gətirilir. 2003-2018-ci illərdə böyük idman uğurları əldə olunmuşdur. İdmançılar 15 il ərzində Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında böyük qələbələr qazanmışlar. Azərbaycan həmin illərdə 7 Olimpiya Oyunlarında iştirak etmişdir (2004 - Afina, 2006 - Turin, 2008 - Pekin, 2010 - Vankuver, 2012 - London, 2014 - Soçi, 2016 – Rio de Janeyro). Avropa Oyunlarında Azərbaycan ikinci yerə, İslam Həmrəyliyi Oyunlarında isə bütün müsəlman ölkələri arasında birinci yerə nail oldu. Rio de Janeyro Olimpiya Oyunlarında isə Azərbaycan medalların sayına görə 14-cü yerdə oldu. Dəyişən dünya düzəni, baş verən texnoloji, elmi yeniliklər hər bir ölkənin özünü inkişaf etdirməklə, strateji seçimlər etməklə addımlamalı olduğunu tələbedir. Bu istiqamətdə cənab İlham Əliyevin strateji-siyasi istiqamətlərdə Azərbaycan Respublikasının daxili, xarici siyasətini tənzimləməsi təqdirəlayiqdir. Mayil Əliyev YAP Cəbrayıl rayon təşkilatının partiya fəalı Geri dön |