Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-5 > Novruzəli Aslanov: “Azərbaycan-Tacikistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur”
Novruzəli Aslanov: “Azərbaycan-Tacikistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur”7-04-2023, 09:15. Yazar: sevinc1 |
“Bu gün Azərbaycanın öz münasibətlərini uğurla inkişaf etdirdiyi ölkələrdən biri də Tacikistandır. Qeyd edək ki, hər iki ölkə keçmiş SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Məhz elə həmin dövrdə də ölkələrimiz arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. Tacik ədəbiyyatının klassiklərindən sayılan Rudəki, Sədi və digərləri Azərbaycanda sevildikləri kimi, dünya ədəbiyyatı xəzinəsinə misilsiz töhfə vermiş böyük Azərbaycan şairləri Məhəmməd Füzulinin, Nizami Gəncəvinin də əsərləri tacik xalqı tərəfindən daima hörmətlə qarşılanmış, sevilərək oxunmuşdur. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra ölkələrimiz arasında münasibətlər daha da inkişaf etməyə başlamışdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin cari ilin 5 aprel tarixində Tacikistan Respublikasına dövlət səfəri isə bu inkişafın daha da sürətlənməsinə güclü təkan olacaq.” Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib. Deputat qeyd edib ki, ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafının əsası hələ 1990-cı illərin əvvəllərində qoyulmuşdur: “Azərbaycan ilə Tacikistan arasında səmimi münasibətlərin formalaşması hələ ötən əsrin 90-cı illərinin əvvəllərində, iki ölkənin liderlərinin gərgin səyləri nəticəsində mümkün olmuşdu. Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Tacikistanın paytaxtı Düşənbə şəhərində mətbuata bəyanatlarla çıxış edərkən bu məqamı xüsusi qeyd etmişdilər. İlk növbədə Tacikistan Prezidenti Emoməli Rəhmon bildirmişdir ki, diplomatik münasibətlərin otuz ili ərzində ölkələrimiz səmərəli qarşılıqlı fəaliyyət mexanizmləri qura və bu gün qardaş xalqlarımızın rifahına xidmət edən sanballı nəticələr əldə edə biliblər: “Buna çox cəhətdən əsası Azərbaycan xalqının görkəmli oğlu və mənim dostum, böyük yoldaşım Heydər Əliyev tərəfindən qoyulmuş sıx, qarşılıqlı etimada əsaslanan əlaqələr şərait yaradır. Gələn ay Heydər Əliyevin 100 illiyini Tacikistanda da qeyd edəcəyik.” Əlbəttə ki, Tacikistan Prezidentinin bu etirafı hər bir azərbaycanlının qəlbini qürurla doldurur. Öz çıxışında cənab Prezident İlham Əliyev də vurğulamışdır ki, 1990-cı illərin əvvəllərində həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Vətəndaş müharibəsini qardaş qırğını və müharibələrin ən dəhşətlisi kimi xarakterizə edən dövlət başçımız o dövrdə Tacikistanda Prezident Rəhmonun, Azərbaycanda isə Ulu Öndər Heydər Əliyevin qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdiklərini və məqsədlərinə nail olduqlarını diqqətə çatdırdı. Cənab Prezident bu gün həm Tacikistanın, həm də Azərbaycanın sabit dövlətlər olduğunu qeyd edərək, məhz bu göstəricinin inkişafın və təhlükəsizliyin əsasında durduğunu vurğuladı. Həqiqətən də ictimai-siyasi sabitlik olmayan heç bir ölkəyə nə investisiyaların yatırılması, nə də bu ölkədə tərəqqi və insanların rahatlığının bərqərar olması mümkün deyil. Bu sabitliyə isə yalnız öz xalqının milli maraqlarına əsaslanan siyasət yürüdən liderlər nail ola bilərlər. Müdrik rəhbərlik hətta inkişafın ən aşağı səviyyədə olduğu ölkələrdə belə yüksək nəticəyə nail ola bilər. Eləcə də keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoymuş Tacikistan və Azərbaycan bugünkü uğurlu inkişaflarına bunun arxasında duran böyük liderlərinin, öz xalqlarının liderlərinin gərgin əməyi sayəsində nail olublar.” Öz fikirlərini davam etdirən N.Aslanov Azərbaycan ilə Tacikistan arasında əlaqələrin bundan sonra daha yüksək intensivliklə davam edəcəyiə əmin olduğunu bildirib: “Ölkə Prezidenti cənab İlham Əliyevin Tacikistana dövlət səfəri tam əminliklə deməyə əsas verir ki, ölkələrimiz arasında əməkdaşlıq əlaqələri bundan sonra daha da şaxələnəcək və daha yüksək dinamika ilə inkişaf edəcək. Dövlət başçıları arasında keçirilmiş təkbətək və geniş tərkibli görüşlərdə bir çox vacib məsələlər ətraflı müzakirə olunmuşdur və artıq bütün istiqamətlər üzrə necə irəliləmək barədə dəqiq təsəvvürlər mövcuddur. Cənab Prezident İlham Əliyevin dediyi kimi, nəqliyyat-logistika sahəsinə, sənaye kooperasiyasına, investisiya layihələri ilə bağlı məsələlərə dair konkret tapşırıqlar verilib. Azərbaycanın Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazır olduğunu qeyd edən möhtərəm dövlət başçımız Tacikistanın bizə yaxın və sabitlik hökm sürən ölkə olduğunu da vurğuladı. Dövlət səfəri çərçivəsində ölkələrimiz arasında bir sıra mühüm sənədlər, o cümlədən “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında yerquruluşu, torpaq münasibətləri, kadastr, geodeziya, kartoqrafiya, Yerin məsafədən zondlanması və coğrafi informasiya sistemləri sahələrində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Tacikistan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Tacikistan Respublikası Hökuməti yanında Gömrük Xidməti arasında Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında keçirilən mal və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında Protokol”, “Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti ilə Tacikistan Milli Bankı yanında Maliyyə Monitorinqi Departamenti arasında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, əlaqəli əsas (predikativ) cinayətlər və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı maliyyə kəşfiyyat məlumatlarının mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” və digər protokol və sazişlər ölkələrimiz arasında ikitərəfli münasibətlərin tamamilə yeni, daha yüksək inkişaf mərhələsinə keçidini təmin edəcək”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb. Geri dön |