Ana Sayfa > Özəl > Gəncədə ilk dəfə şagirdlər arasında proqramlaşdırma yarışı keçirilib
Gəncədə ilk dəfə şagirdlər arasında proqramlaşdırma yarışı keçirilib5-04-2023, 13:07. Yazar: sevinc1 |
"Code İn" İntellektual-İT Yarışı" layihəsi uğurla yekunlaşıb. Layihə zamanı proqramlaşdırma dillərində kodlaşdıra bilən gənclər bir araya gəlib. Layihədə ümumilikdə 15 məktəb və lisey şagirdi iştirak edib. 15-18 mart 2023-cü il tarixlərində keçirilən layihə iki mərhələdə təşkil olunub. Layihənin birinci mərhələsində iştirakçılar üçün "komanda quruculuğu", "şəbəkələşmə" və "yarışın keçirilmə qaydaları" mövzularında təlim baş tutub. Layihə iştirakçıları müxtəlif mövzularda qrup işləri həyata keçirib və yarışda iştirak edəcək komandalar üzvləri arasında şəbəkələşmə təmin olunub. Layihənin ikinci mərhələsində gənclər kodlaşdırma bacarıqlarını nümayiş etdiriblər. Hər komanda 3 nəfərdən ibarət olmaqla, ümumilikdə 5 komanda iştirak edib. Komanda üzvlərini kodlaşdıran, hesablayan və araşdıran gənclər təşkil edib. Araşdıran verilmiş məsələlərlə bağlı araşdırma edir, hesablayan müəyyən riyazi məsələləri hesablayır və alqoritmi qurur, kodlaşdıran isə yekunda məsələni proqramlaşdırma dilində kodlaşdırır. Yarış 3 turda həyata keçirilib. Birinci turda komandalara həll etmələri üçün 10 məsələ təqdim olunub. İkinci turda müəyyən zaman kriteriyaları çərçivəsində həll edilməsi üçün daha 10 məsələ təqdim olunub. Üçüncü turda isə layihə iştirakçılarına bir mövzu təqdim olunub və iştirakçılar həmin mövzu ətrafında proqram hazırlayıblar, daha sonra hazırladıqları proqramı ekspertlər və auditoriya qarşısında təqdim ediblər. Komandalar düzgün həll olunmuş məsələlərin sayına, yazılan proqramın peşəkarlığına, komanda işinə və təqdimat bacarığına uyğun qiymətləndirilib. Yarışı Gəncə şəhər İ.Məmmədov adına 27 saylı məktəb-liseyin şagirdlərinin təmsil etdiyi "Loff" komandası qalib, M.Mehdizadə adına 4 saylı xarici dil təmayüllü məktəb-lisey və M.Hadi adına 10 nömrəli tam orta məktəbin şagirdlərindən ibarət "CC Techies" komandası II, Mircəlal Paşayev adına 39 saylı tam orta məktəbin şagirdlərinin təmsil etdiyi "Brainstorm" komandası isə III yer olaraq yekunlaşdırıb. Qeyd olunan komandalardan əlavə Gəncə Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseydən də iki komanda iştirak edib. Yekunda layihə iştirakçıları sertifikat, diplom, medal və kubokla təltif olunublar. Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun "İdeyanı Reallaşdır 2022" fərdi qrant müsabiqəsinin qalibi olmuş layihələrdən biridir və Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyinin və Gəncə Gənclər Evinin tərəfdaşlığı ilə həyata keçirilib. aia.az Geri dön |