Ana Sayfa > Özəl > Rəşad Cəbrayılov: “Azərbaycan xalqının milli inkişaf strategiyasının və ideologiyasının formalaşması məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır”
Rəşad Cəbrayılov: “Azərbaycan xalqının milli inkişaf strategiyasının və ideologiyasının formalaşması məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır”3-04-2023, 11:00. Yazar: sevinc1 |
Ölkə Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması dövlətimizin və xalqın tarixində silinməz iz buraxacaq ən əlamətdar hadisələrdən biridir. Eyni zamanda bu ilin ölkənin ümumi inkişafı, xalqımızın rifah yüksəlişi, dövlətimizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsi baxımından bir sıra müstəsna özəlliklərə malik olacağı da heç kimdə şübhə doğurmur. Bugünkü buraxılışımızda mövzu ətrafında AİA.az-ın suallarını Salyan Rayon İcra Hakimiyyətinin başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəşad Cəbrayılov cavablandırır. - Rəşad müəllim, ilk növbədə cari ilin xüsusi özəlliyi barədə, yəni 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar fikirlərinizi eşitmək istərdik. - Bu il bütün Azərbaycan xalqı xilaskar oğlu Heydər Əliyevin anadan olmasının 100 illiyini sonsuz ehtiramla qeyd edir. Ulu öndər Heydər Əliyevin bacarıqlı dövlət xadimi, təcrübəli siyasətçi, Azərbaycan dövlətçiliyinin möhkəm təməlini yaradan və onu möhkəmləndirən, davamlı inkişaf yoluna çıxaran qüdrətli şəxsiyyət kimi həyat və fəaliyyəti müasir tariximizin mühüm mərhələsini təşkil edir. 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması bütün xalqın Ulu Öndərin əziz xatirəsinə sonsuz ehtiramının ifadəsidir. Müasir dövlətçilik tariximiz Heydər Əliyev dühasının çoxşaxəli və məhsuldar fəaliyyətinin canlı salnaməsidir. Ulu öndərimiz ictimai fikri hər zaman dövrün keyfiyyətcə yeni və pozitiv dəyişikliklərinə hazırlamaq, yaranmış tarixi şəraitə uyğun strateji qərarlar qəbul etməklə yanaşı, fəaliyyətində daim milli maraq və mənafeləri önə çəkmiş, uzaq hədəflərə hesablanmış inkişaf strategiyası işləyib-hazırlamış və həyata keçirmişdir. Ulu öndər Heydər Əliyev unikal keyfiyyətlərə sahib olan bir siyasətçi kimi bir-birilə ziddiyyət təşkil edən iki müxtəlif ictimai-siyasi quruluşda ölkəyə inamla rəhbərlik etmiş, hər iki mərhələdə Azərbaycan dövlətinin möhkəmlənməsinə, tərəqqisinə çalışmış, xalqın mənafeyini hər zaman üstün tutmuşdur. İdarəçilik fəlsəfəsi özünəməxsus cəhətlərlə zəngin olan Ümummilli Liderin Sovet Azərbaycanına rəhbərlik mərhələsi ölkəni sürətli inkişaf yoluna çıxarmaqla yanaşı, milli müstəqilliyə etibarlı zəmin formalaşdıran amillərlə də zəngin olub. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan bütün sahələr üzrə inkişafının yeni mərhələsinə qədəm qoyub, sözün əsl mənasında, öz intibah dövrünü yaşayıb. İqtisadi asılılığın aradan qaldırılmasının siyasi müstəqilliyin təməlində duran əsas amillərdən biri olduğunu aydın görən ulu öndər hələ sovet dönəmində respublikanın istehsal potensialının mühüm hissəsinin ittifaq şəbəkəsindən ayrılaraq əsaslı şəkildə müstəqilləşdirilməsi, sənaye potensialının gücləndirilməsi istiqamətində möhtəşəm nailiyyətlərə imza atıb. - Ulu Öndərimizin respublikaya ilk dəfə rəhbərlik etdiyi sovet dönəmində Azərbaycanın inkişafı məqsədilə atılmış addımlar barədə nə deyə bilərsiz? - Sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə Ümummilli Lider Heydər Əliyevin qətiyyəti, iradəsi və təşəbbüskarlığı sayəsində keçmiş sovetlər ittifaqının bir çox qabaqcıl texnologiyalara əsaslanan sənaye istehsal müəssisələri Azərbaycanda inşa olunub. Ulu öndərin atdığı bu taleyüklü addımlar sayəsində Azərbaycanın gələcək müstəqilliyinin iqtisadi əsası formalaşdırılıb. Həmçinin neft sənayesinin iqtisadi inkişafdakı müstəsna rolunu düzgün qiymətləndirən ulu öndər Heydər Əliyev 70-ci illərdə bu sahənin dinamik inkişafına, neft-kimya sənayesinin tamamilə modernləşdirilməsinə nail olub. Beləliklə, hələ sovet dönəmində, ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə davamlı olaraq həyata keçirilən və cəmiyyət həyatının ən müxtəlif sahələrini əhatə edən genişmiqyaslı islahatlar ölkəmizin potensial imkanlarını artırmışdır. Bu arada bir məqamı xüsusi olaraq vurğulamaq lazımdır ki, bütün bu illər ərzində möhtəşəm nailiyyətlərin qazanılmasına səbəb olmuş uğurlu daxili və xarici siyasət Heydər Əliyev zəkasının yaratdığı milli azərbaycançılıq konsepsiyasının tərkib hissəsidir. XX əsrin 30-cu illərində formalaşmağa başlayan azərbaycançılıq vətənpərvərlik, milli özünüdərk dünyagörüşünün təşəkkülü ilə bağlı olmuşdur. Bu mənada Heydər Əliyevin əslində ən böyük azərbaycanlı olması Ulu öndərin özünün siyasi nitqində də öz parlaq təzahürünü tapmışdır: “Hər bir kəsin milli mənsubiyyəti onun üçün qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam.” Azərbaycançılıq dünyagörüşü ulu öndərin siyasi fəaliyyətinin bütün sahələrində geniş kontekstdə öz ifadəsini tapmışdır. Hələ 1969-1982-ci illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə Heydər Əliyev tərəfindən siyasi-ideoloji müstəvidə görülən işlər milli inkişaf və həmrəyliyimizin təminatçısı qismində çıxış etmişdir. Milli-ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci ildə ulu öndərin təşəbbüsü və gərgin səyləri sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi əhəmiyyətə malik addım oldu. - Rəşad müəllim, Ulu Öndər hər zaman deyərdi ki, müstəqilliyi qoruyub-saxlamaq onu əldə etməkdən daha çətindir. Həqiqətən də müstəqilliyimizin ilk illərində xalqımızın qarşısında duran çətinliklər çox idi. Sizcə xalqımız bu çətinliklərin öhdəsindən gələ bilmək üçün gücü hansı qaynaqlardan alırdı? - Həmin dövrdə Azərbaycanın müstəqilliyini əlindən almaq istəyən düşmən qüvvələr həm ölkə daxilində, həm də xaricdə kifayət qədər idi. Əlbəttə ki, bu qüvvələrə dura bilmək üçün, onlara qalib gəlmək üçün böyük güc lazım idi. Digər tərəfdən də tarix göstərir ki, belə mücadilələrdən yalnız o xalqlar qalib çıxa biliblər ki, onların milli ideyaya əsaslan, milləti qələbəyə aparacaq düşünülmüş strategiyaları və ən əsası da, bu strategiyanı hazırlayan və həyata keçirə bilən liderləri olub. Ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan xalqının milli inkişaf strategiyasının və ideologiyasının formalaşması da məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Həmin dövrdə Ümummilli Lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində zəruri tədbirlər görərək ümumxalq birliyinin fundamental əsaslarını formalaşdırdı. Ulu Öndər real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün azərbaycançılıq ideologiyasının ən effektiv vasitə olduğunu hər kəsdən daha yaxşı bilir və bu məsələni daim diqqət mərkəzinə çəkirdi. Heç bir şübhə yoxdur ki, Azərbaycan bu gün suveren, qüdrətli və artıq bütün dünyada yüksək nüfuza malik olan bir dövlətə çevrilə bilmək üçün sahib olduğu gücü də məhz Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu milli inkişaf strategiyasından alıb. - Amma etiraf etmək lazımdır ki, 1991-1992-ci illərdə respublikamızı bürümüş hərc-mərclik, anarxiya mühiti heç də müstəqilliyimizi təhdid edən amillərin hamısı deyildi. Həmin dövrdə ölkəyə rəhbərlik edən qüvvələrin yürütdükləri yarıtmaz xarici siyasət nəticəsində Azərbaycanın ətrafında həm də son dərəcə arzuolunmaz, gərgin beynəlxalq siyasi mühit formalaşmışdı. 1993-cü ildən başlayaraq bu vəziyyətin aradan qaldırılması üçün görülən tədbirlər barədə nə deyə bilərsiz? - Həqiqətən də müstəqilliyimizin ilk illərində Azərbaycana rəhbərlik edən qüvvələrin yürütdükləri xarici siyasət kursu son dərəcə uğursuz idi. Əbəs yerə deyil ki, bu siyasət xəttinin tamamilə yolverilməz və milli maraqlara zidd olduğunu vurğulayan Ümummilli Lider Heydər Əliyev dünyanın Azərbaycanı tanımamasının, problemlərimizdən xəbərsiz olmasının, haqq səsimizin beynəlxalq aləmdə eşidilməməsinin səbəbini də məhz bu siyasi xəttdə görürdü. Halbuki, həmin dövrdə Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi, dövlət müstəqilliyimizin qorunub-saxlanması və möhkəmləndirilməsi üçün tələb olunan zəruri şərtlərdən biri məhz praqmatik və effektiv xarici siyasət kursunun olması idi. Məhz bu məqsədlə Ümummilli Lider Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldiyi ilk günlərdən dövlətin xarici siyasətini dəyişməyə, ölkənin strateji maraqları əsasında yeni xarici siyasi kurs müəyyənləşdirməyə başladı və qısa müddətdə buna nail oldu. Bu praqmatik kurs Azərbaycanın strateji maraqlarının digər region ölkələrinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırılmasına imkan yaratdı. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu xarici siyasət kursu ölkəmizin tarixində ilk dəfə olaraq Azərbaycanın dünya dövlətləri birliyinə bərabər hüquqlu bağlantısını, ölkənin mənafelərini və dünya miqyasında bir müstəqil dövlət kimi tanınmasını təmin etdi. Bu gün isə, eyni strategiyanın Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirlməsi nəticəsində Azərbaycan artıq bütün dünyada nüfuzlu, müstəqil siyasət yürüdən və öz sözünü deməyi bacaran bir dövlət kimi tanınır. Həmçinin bu məqamı da mütləq qeyd etmək lazımdır ki, dövlət başçımızın son 20 il ərzində yürütdüyü uğurlu enerji siyasəti sayəsində Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyində rolu getdikcə artır və bu da əlbəttə ki, ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir. - Rəşad müəllim, bu gün Azərbaycanda Heydər Əliyev siyasi kursunun davam etdirilməsini ölkəmizin inkişafı baxımından necə xarakterizə edə bilərsiz? - Birmənalı olaraq deyə bilərik ki, hazırda Azərbaycan iqtisadi və sosial rifah yolunda qətiyyətli addımlarla irəliləyən, xalq-dövlət-ordu birliyinin təşəkkül tapdığı bir ölkəyə çevrilib. 1993-2003-cü illər ərzində görülmüş və əsası qoyulmuş işlər hazırda Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Cənab Prezident İlham Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi gündən keçən dövr ərzində Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə olmuşdur. Bu illər ərzində Azərbaycan istər siyasi, istər iqtisadi sahədə böyük uğurlara imza atmışdır. Bu uğurlar bugünkü Azərbaycan reallıqlarını əks etdirir. Bu gün gücü, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan hər gün yeni zirvələr fəth edir, Heydər Əliyevin ideyaları əsasında dinamik inkişaf edir. Əlbəttə ki, qazanılan bütün nailiyyətlərin əsasında ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. 20 il bundan əvvəl Azərbaycan xalqının cənab İlham Əliyevə etimad göstərməsindən sonra həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Heydər Əliyev siyasi kursunun bütün bu illər ərzində Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə və uğurla inkişaf etdirilməsi bu gün dövlətimiz və xalqımız qarşısında uzun illərdən bəri duran ən vacib problemin həllini - işğal olunmuş torpaqlarımızın azad edilməsini təmin etmişdir. Azərbaycan artıq yeni reallıqlar yaradan ölkədir və bu reallıqlar xalqımızın daha firavan yaşamasına, dövlətimizin daha qüdrətli olmasına xidmət edəcək. Tariximizin ən çətin və keşməkeşli dönəmlərində Azərbaycanın nicatı və xoşbəxt gələcəyi naminə böyük siyasət meydanına atılan ulu öndərimiz Heydər Əliyevin adı və ideyaları isə qədirbilən xalqımızın qəlbində, gələcək nəsillərin qan yaddaşında əbədi olaraq yaşayacaqdır. - Ətraflı müsahibənizə görə Sizə dərin təşəkkürümüzü bildiririk, sağ olun. - Siz də sağ olun. Söhbətləşdi: Azər Məmmədov aia.az Geri dön |