Ana Sayfa > Özəl > 44 günlük Vətən müharibəsində əldə olunan Qələbə milli birliyin və həmrəyliyin nəticəsidir

44 günlük Vətən müharibəsində əldə olunan Qələbə milli birliyin və həmrəyliyin nəticəsidir


3-04-2023, 09:46. Yazar: sevinc1
44 günlük Vətən müharibəsində əldə olunan Qələbə milli birliyin və həmrəyliyin nəticəsidir

Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan sistemli islahatlar, eyni zamanda, siyasi münasibətlər sistemini də əhatə edir. Dövlətimizin başçısının “Bu gün siyasi sahədə çox genişmiqyaslı islahatlar aparılır. Deyə bilərəm ki, müstəqillik dövründə miqyasa və nəticəyə görə bu günə qədər islahatların bu səviyyədə aparılması müşahidə edilmirdi. Hakimiyyət tərəfindən təklif edilmiş siyasi dialoq indi də diqqət mərkəzindədir və bu dialoqa qoşulan siyasi qüvvələr cəmiyyət üçün öz töhfəsini verməkdədir. Demək olar ki, ölkəmizin bütün əsas siyasi qüvvələri bu dialoqa qoşularaq buna öz müsbət münasibətini bildirmişlər. Beləliklə hesab edirəm ki, növbəti illərdə siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması işində önəmli addımlar atılacaqdır” fikri, əslində, Azərbaycanda aparılan islahatlar kontekstində siyasi dialoqa ayrılan strateji əhəmiyyətdən xəbər verir.
2018-ci ildə xalqın böyük əksəriyyətinin etimadını qazanıb növbəti dəfə Prezident seçilən İlham Əliyev ölkəmizdə genişmiqyaslı islahatlara start verdi. Siyasi sistemin daha da təkmilləşdirilməsi, iqtidar-müxalifət dialoqunun intensivləşdirilməsi, siyasi partiyaların fəaliyyətinə əlverişli şərait yaradılması islahatlar kursunun prioritetini təşkil etdi. Bununla da Azərbaycanda yeni siyasi konfiqurasiya formalaşdı və siyasi mədəniyyətin inkişafında keyfiyyətcə yeni mərhələ yarandı. Məhz dövlətimizin başçısının siyasi iradəsi və demokratik dəyərlərə sadiqliyi nəticəsində ölkəmizdə dialoq mühiti inkişaf edir.
Ölkəmizdə yaşanan milli birlik və həmrəylik kontekstində 44 gün davam edən Vətən müharibəsində əldə olunan Böyük Qələbəni xatırlamaq kifayətdir. Bu barədə cənab Prezident İlham Əliyev demişdir: “Müharibədən əvvəl artıq ölkəmizdə yeni bir siyasi iqlim yaranmışdır, müsbət iqlim. Çünki bizim hamımızın, bütün vətənpərvər qüvvələrin bir amalı var idi - torpaqlarımızın işğaldan azad edilməsi. Biz, Azərbaycan iqtidarı buna da nail olduq. Bu gün isə bizim qarşımızda bu Qələbəni siyasi yollarla möhkəmləndirmək vəzifəsi durur”. Bu mənada siyasi dialoqun, eyni zamanda, cəmiyyətin çeviklik və mobillik kimi əvəzolunmaz keyfiyyətlərinin inkişafı prosesinə də güclü təsiri var.
Unutmaq olmaz ki, iqtidar-müxalifət münasibətlərində dövlətçilik maraqları bütün digər maraqlardan üstün tutulmaqla, sağlam tənqid və qarşılıqlı hörmətlə xarakterizə olunan sivil formaya keçidin əsasını təşkil edir. Əsaslı siyasi rəqabət və qarşılıqlı dinləmə üzərində yeni siyasi mədəniyyət formalaşmaqla təkcə iqtidarla müxalifət arasında deyil, müxalifət partiyaları arasında da qarşılıqlı anlaşma və sivil rəqabət mühitinin, sağlam əməkdaşlığın meydana gəlməsi kifayət qədər müsbət haldır. Azərbaycan siyasi mühitində iqtidar-müxalifət dialoqunun aparılması, partiyalararası ikitərəfli və çoxtərəfli danışıqların və müzakirələrin baş tutması, əməkdaşlığın qurulması üçün üçüncü tərəfin - hansısa xarici dairələrin vasitəçilik etməsinə ehtiyac olmadığı bunu bir daha sübut eləmişdir. Təbiidir ki, üçüncü tərəfə meyl edən, hələ də himayədar axtarışında olan, milli mənafelərə xəyanət edən qüvvələr vardır. Lakin onların xəyanətkar üzünü xalq 44 günlük Vətən müharibəsində gördü və tanıdı. İndi o qüvvələri siyasi qüvvə adlandırmaq belə mümkün deyildir. Bir ovuc qaragüruhçudan, milli maraqları şəxsi maraqlarına qurban verməyi özünə peşə edənlərdən ibarət qrupun siyasi qüvvə adlandırılması absurddur.
Siyasi dialoq mühitinin qanun müstəvisinə keçirilməsi də islahatların əsasını təşkil edən proseslərdən biri olmuşdur. “Siyasi partiyalar haqqında” yeni Qanun siyasi proseslərdə iştirak edən tərəflər arasında güclərinin balansına xidmət etməklə Qanunun tələblərinə cavab verən partiyalar rəqabətə dözümlü olduğunu sübut edə bildilər. Yeni Qanun, eyni zamanda siyasi dialoqu atributiv müstəvidən konstruktiv əməkdaşlıq müstəviyə çıxardan ali siyasi iradənin təzahürü kimi tarixə düşmüş oldu.Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə siyasi dialoq mühitinin inkişaf etdirməsi siyasi proseslərdə iştirak edən bütün tərəfləri açıq və bərabərhüquqlu münasibətlərə dəvət etməklə cəmiyyətin yeni dünya nizamına hazırlanması kimi mühüm prosesin başlanğıcı oldu. Ölkənin siyasi tarixində ilk dəfə yeni Qanunun hazırlanması prosesinə siyasi münasibətlərin bütün iştirakçı tərəflərinin cəlb olunması, Qanuna dair təkliflərin təqdim edilməsi və bütün müsbət təkliflərin qəbul olunması iqtidarın demokratik prinsiplərinə sadiqliyinin təzahürdür.
Cəmiyyət daim inkişafda olan orqanizmdir. Azərbaycan xalqı da öz müdrikliyi ilə ağı qaradan seçməyi bacarır. Belə bir ortamda artıq kimin kim olduğu qəti şəkildə müəyyənləşib. Xalq öz seçimində heç vaxt yanılmayıb. Məhz bu doğru seçimin nəticəsi olaraq bu gün Azərbaycan xalqı mübariz xalqdır, qalib xalqdır.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri
Geri dön